Maksimov Bəxtiyar Həsənalızadəyə təpik atdı
Sumqayıt - Keşlə 1:1 (0:0)
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov (k) (11. Ehtiram Şahverdiyev, 60), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev (7. Cavid Tağıyev, 57), 9. Amil Yunanov (17. Nicat Qurbanov, 54), 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyyubov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov.
Məşqçi: Seymur Rəhimov.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (21. Herve Tçami, 80), 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli (88. Məmməd Quliyev, 86), 24. Fuad Bayramov (40. Nemanya Stoyanoviç, 68), 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 14. Andre Klennon, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 80. Rafael Məhərrəmli.
Baş məşqçi: Yuri Maksimov.
Qollar: S.Meza Kolli, 61 (0:1). C.İmamverdiyev, 64 (1:1).
Vərəqələr: E.Sohna, 50 (qeyri-idman hərəkəti). F.Bayramov, 65 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 72 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 81 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
18 aprel. Sumqayıt. Kapital Bank Arena. 1300 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
İlk oyun - 0:1.
İlk görüşdə 1:0 hesabıyla qalib gələn "Keşlə" finala daha yaxın görünürdü. Ancaq "Sumqayıt" əvvəlki mərhələdə səfərdə uduzduğu "Qarabağ"ı evdə məğlub edərək yarımfinala adlamışdı. Bu üzdən sumqayıtlı azarkeşlər sevimlilərindən növbəti geridönüş gözləyirdi. Ancaq onu da qeyd edək ki, cəzalı olduğu üçün texniki zonada olmayan Samir Abasovun komandası sanki bu matça tam motivasiya ola bilməmişdi.
Oyunda ilk təhlükəli vəziyyət 7-ci dəqiqəyə təsadüf etdi. Kamalın cərimə meydançasının həndəvərindən zərbəsini Kamran zərərsizləşdirdi. Yığmanın əsas qapıçısı daha sonra Cavidin fərqlənməsinə mane oldu. 18-ci dəqiqədə isə hesab açıla bilərdi. İmamverdiyevin qapıya paralel ötürdüyü topa Amilin yüngül toxunuşu lazım idi ki, Yunanov bunu bacarmadı. Hissənin ortalarından etibarən "Keşlə" də həmlələr təşkil etməyə başladı. 25-ci dəqiqədə Pərdisin zərbəsindən sonra Mehdi qola imkan vermədi. Ümumiyyətlə, Pərdislə Sezar oyunboyu rəqib müdafiəsini təzyiq altında saxlayırdı. Bu isə "Sumqayıt"ın tam qüvvə ilə irəli atılmasını əngəlləyirdi. 41-ci dəqiqədə Sezarın zərbəsi zamanı top müdafiəçidən qayıtdısa, Vaqif təkrar vuruşda qeyri-dəqiqlik nümayiş etdirdi.
İkinci hissənin əvvəli sakit keçdi. Matçın axarı "Sumqayıt"ın məşqçilər korpusunu razı salmadığından, Rəhimov Amillə Kamalın əvəzinə uyğun olaraq Nicat Qurbanovla Cavid Tağıyevi döyüşə atdı. Ancaq hesabı "Keşlə" açdı. 61-ci dəqiqədə Raillə Bəhlulun başı Pərdisi zərərsizləşdirməyə qarışdığı an Sezar topu ələ keçirib, "atəşkəsi pozdu". Artıq "kimyaçılar" finala adlamaq üçün 3 qol vurmalıydı. Əslində tezliklə hesabda tarazlıq yarandı. Bəybalayevin asması zamanı İmamverdiyev dəqiq baş zərbəsi ilə "status-kvo"nu bərpa etdi. Ancaq qonaqların vaxtı "öldürməsi", yaşanan qalmaqal tempi xeyli aşağı saldı. Bu isə meydan sahiblərinin əleyhinə işləyirdi... 78-ci dəqiqədə İmamverdiyevin vuruşu yaddaqalan alınsa da, Kamran "çərçivə"də səhvsiz oynadı. Qonaqlar bunun cavabını dərhal verdi. Sezarın zərbəsindən sonra Mehdi topa toxunmasaydı, çox güman, hesab arasındakı fərq artacaqdı. 86-cı dəqiqədə Nicatın uzaqdan zərbəsi qüvvətli alınsa da, top yenə də Kamranda qaldı. Qalan vaxtda "Sumqayıt" çox cəhd etsə də, bakılıların əks-hücumları daha təhlükəli alınırdı. İki epizodda Pərdis diqqətləri üzərinə çəkdi. Amma hər iki halda "çərçivə"yə düşə bilmədi. Son saniyələrdə isə Tçami qapıçı ilə üzbəüz qaldı, lakin əlverişli mövqedən topu tirə vurdu. Beləliklə, cavab matçında da "Sumqayıt"a uduzmayan “Keşlə” ilk finalçı oldu. Ancaq tribunaya göndərilən Maksimov həlledici matçda komandasının yanında olmayacaq.
FARİZ
Maraqlıdı...
* Matçı AFFA-nın baş katibi Elxan Məmmədov və PFL-in başqanı Ramin Musayev də canlı izləyirdi.
* Oyunun əvvəllərində hər sektora bir Azərbaycan bayrağı payladılar. Daha sonra həmin bayraqlar məhəccərə bərkidildi.
* 70-ci dəqiqədə qarşıdurma yarandı. Qonaqların ehtiyat oyunçular skamyasının yaxınlığında Bəxtiyar “sürüşmə” fəndi ilə topun qarşısını aldı. Bu an müdafiəçi rəqib baş məşqçinin ayağına da toxundu. Həsənalızadə ayağa qalxıb gedəndə Maksimov arxadan ona təpik atdı. Belədə zərərçəkən də daxil olmaqla, "Sumqayıt"lılar ukraynalının üzərinə hücum çəkdi. "Keşlə"lilər araya girib baş məşqçilərini xilas etdilər. Hakim Maksimovu texniki zonadan qovdu və çalışdırıcı yerli azarkeşlərin uğultu səsləri altında dəhlizin yolunu tutdu. Bu ərəfədə fanatlardan biri meydana su şüşəsi atdı.
* Final fitindən sonra rəqib oyunçuları təbrik edən Kamran Ağayev yerli azarkeşlərin alqışını qazandı. Qapıçı əlini ürəyinin üstünə qoyub onlara təşəkkür etdi.
* Mətbuat konfransına "Keşlə"nin baş məşqçisi yox, köməkçisi Zaur İsmayılov gəldi. Ancaq əməkdaşımız Rəşad Qasımov Maksimovun bu konfransda iştirak edə biləcəyini paytaxt klubunun mətbuat katibi Səbuhi Məmmədovun diqqətinə çatdırdı. Məmmədov isə PFL-dəki həmkarı Aslan Şahgəldiyevlə reqlamenti dəqiqləşdirəndən sonra İsmayılovu aparıb, Maksimovu gətirdi.
---
Belə dedilər...
Seymur Rəhimov: "Sürətli, yaxşı oyun oldu. Rəqib bizdən daha istəkli idi. Hər epizodda aqressivlik göstərirdilər. Futbolçularımızda isə yorğunluq vardı. Öz üzərlərində təzyiq hiss etmələri də sözünü dedi... Mehdi ötən çempionat oyununda qapını qoruduğu üçün ona şans verdik. Topu oyuna gec daxil etməsi bəlkə də həyəcanla bağlı idi. Ancaq udmaq istəyən futbolçu hər şeyi dəqiq yerinə yetirməlidi. İki “cəbhə”də vuruşmaq çətindi. İlk görüşdə qeydə alınan nəticə o qədər də təhlükəli deyildi. Erkən qol vursaydıq, belə olmazdı. Təzyiq altında olacağımızı gözləyirdik. Sadəcə, rəqib daha istəkli idi. Bu da ilk görüşdəki 1:0 hesablı qələbədən irəli gəlirdi. Heyətimiz də geniş deyil. Rotasiya imkanımız azdı. Amilə yenə də inanırıq. Ona ümidlərimiz böyükdü. Qışda bacardığımız transferləri etdik. İrəliyə inamla baxmaq lazımdı. Qarşıda 5 görüşümüz var. Maksimovun hərəkətinə gəlincə, bu, aqressivlikdən irəli gələn bir şeydi. Düzgün etmədi, amma o da insandı. Belə hal bizim də başımıza gələ bilər".
Yuri Maksimov: "İlk növbədə insidentə görə üzr istəyirəm. Sadəcə, “sürüşmə” fəndi zamanı sakitləşdirici mövqe tutdum. Bilirdim ki, onların qarşısını almasam, daha böyük insident baş verə bilər. Necə ki, eyni hal "Qarabağ"la görüşdə baş vermişdi. Nəticədə futbolçumuz qırmızı vərəqə almışdı. Hadisə önümdə baş verdiyi üçün özümü saxlaya bilmədim... Komanda oynayanda hər şey yaxşı gedir. Əks halda, müəyyən problemlər ortaya çıxır. Mən perspektivə oynayıram. Müqaviləm mövsümün sonuna qədərdi. Açığı, məşqçi işi elədi ki, daim gərginlikdə olursan. Bu gün mətbuat konfransında mənəmsə, sabah başqası otura bilər. Bir növ elektrik stulunda oturana bənzəyirsən. Amma indidən konkret söz demək çətindi. İstərdim ki, finalda "Qəbələ" ilə qarşılaşaq. Çünki Roman Qriqorçuk həmyerlimdi. Ukrayna çempionatında da üz-üzə gəlmişik. Aramızda intriqalar da, söz-söhbətlər də olub. İndiyədək iki dəfə finalda oynamışam. Bu, "Bavariya"ya qarşı olub. Birində udmuşuq, digərində uduzmuşuq. Atalar 3-dən deyib. Bu dəfə isə inanıram ki, qalib gələ biləcəyik".
Elxan Məmmədov: “Maraqlı qarşılaşma alındı. "Sumqayıt"a ilk matçdan sonra məğlubiyyətin əvəzini çıxmaq çətin idi. "Keşlə" məqsədinə çatdı. Oyunun başlama saatının iş vaxtına təsadüf etməsinə baxmayaraq, stadionun tam dolması, bir çox insanın qarşılaşmanı ayaqüstə izləməsi sevindirici haldı. AFFA olaraq, biz heç bir klubun işinə qarışa bilmərik. Ancaq Sumqayıtda əlavə tribunaların olmasını biz də istəyirik. Bununla bağlı rəhbərliklə fikir mübadiləsi apardıq. Sumqayıtlıların komandaya dəstəyi və futbola marağı məni sevindirir. Yuri Maksimovun sözlərinə gəlincə,"Keşlə" bundan sonra da yaşayacaq... İkinci yarımfinal haqda danışmaq çətindi. Çempionlar Liqası göstərdi ki, müasir futbolda heç də hər şey ilk oyunun nəticəsinə görə həll olunmur. Əvvəllər necə idi? Hər hansı komanda birinci görüşdə 2 top fərqi ilə qalib gəlirdisə, əksəriyyət cütün taleyinin həll olunduğunu düşünürdü. Əslində elə belə olurdu. Ancaq indi vəziyyət dəyişib”.
Ramin Musayev: “Qonaqların baş məşqçisi son tur Sumqayıtdakı matçda bəzi futbolçulara istirahət verdi. Həmin qərar bu gün bəhrəsini verdi. Digər yarımfinal cütündə qarşılaşacaq "Neftçi"ylə "Qəbələ"yə uğurlar arzulayıram. Mənim proqnoz verməyim, kimin qalib gələcəyini söyləməyin düzgün çıxmaz”.