Samir Əliyev: “Nə etməliyəm, bütün oyunu qışqırım?”
Matçdan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirildi. Öncə azsaylı media nümayəndələrinin qarşısına “aslanlar”ın çalışdırıcısı Samir Əliyev çıxdı.
- Kənardan baxanda elə təəssürat yaranırdı ki, sanki komanda “Qəbələ” üzərində qələbənin eyforiyasından ayılmayıb...
- "Qəbələ" üzərində qələbədən sonra komandamızda heç bir eyforiya yox idi. Rəqib bizdən yaxşı oynamışdı. Bizim isə bəxtimiz gətirmişdi. "Kəpəz" bu gün qələbəni daha çox istəyirdi və 3 xalı qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm və uğurlar arzulayıram. Xeyli səhvimiz oldu. Onların üzərində işləməliyik.
- Səhvlər deyəndə əsas nəyi nəzərdə tutursuz?
- Söhbət taktiki səhvlərdən gedir. Umimilikdə nə
rəqib, nə də biz çox qol vəziyyəti yaratıq.
- Buraxdığınız qolları necə şərh edərdiz?
- Biri penaltidən oldu, digəri uzaqdan vurulan zərbədən sonra. Qollara baxıb təhlil etməyimiz lazımdı. Yolumuza davam edəcəyik. Məqsədimiz məlumdu.
- “Səbail”in cari mövsümdə məqsədi nədi?
- Komanda formalaşdırmaq, layiqincə mübarizə aparmaq. Bu oyunu unudub, səhvlərimizi təhlil etməli, növbəti matçlara daha yaxşı hazırlaşmalıyıq.
- Qış fasilıəsindən sonra baş tutan görüşlərdə sizi texniki zonada çılğın, daim komandaya göstəriş verən görmüşdük. Ancaq bu oyunda fərqli Samir Əliyev gördük. Xüsusilə də ikinci hissədə, qol buraxdıqdan sonra səssiz, məğlubiyyətlə barışan biri kimi göründüz.
- Razıyam, bu gün əvvəlki oyunlardakı qədər çılğın deyildim. İstəyirəm bir az sakit olum, çılğınlığımı azaldım ki, futbolçular da sərbəst oynasınlar.
- Ancaq bu qarşılaşma göstərdi ki, futbolçulara sərbəst oynamaq imkanı verəndə nəticə istənilən kimi olmur...
- Nə etməliyəm, bütün oyunu qışqırım? Futbolçulara oynamaq üçün sərbəstlik vermək lazımdı. Sadəcə, 2-ci qolu buraxdıqdan sonra məndə ruh düşkünlüyü yarandı. Bəlkə də ona görə düşündüklərimi futbolçularıma çatdırmadım.
Əliyevin ardınca kamera qarşısına meydan sahiblərinin çalışdırıcısı Yunis Hüseynov çıxdı. Baş məşqçi kimi premyer-liqada 250-ci oyununa çıxan mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşdü.
- Oyun çox ağır keçdi. Qələbə istəyimiz böyük idi. Qış fasiləsindən sonra xal qazanmamışdıq. Ancaq sərgilədiyimiz oyun heç də pis deyildi. Kollektivdən razı idim. Əfsuslar olsun ki, son dəqiqələrdə bir səhvdən qol buraxaraq uduzurduq. Ən çətin oyun bugünkü idi. Çünki "Səbail" "Qəbələ"yə qalib gəldiyindən komandada ruh yüksəkiyi vardı. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Sevindirci haldı ki, yaxşı oyunla qalib gəldik. İnanıram ki, bu qələbənin davamı gələcək. "Səbail"ə də uğurlar arzlayıram. Növbəti matçlarda daha yüksək səviyyədə oynamağa çalışacağıq.
- Dedimar Ferreyrayla İlkin Sadıqov bu gün zəif oynadılar. Dedimarı fasilədə əvəzləsəz də, İlkini sonradan dəyişdiz. Ona bu qədər şans verməyə nə lüzum vardı?
- Deməzdim ki, onlar zəif idilər. Dedimarın qolda səhvi vardı. Həm də sərt oynadığına görə ilk yarıda sarı vərəqə almışdı. Qorxdum ki, ikinci "sarı"nı alaraq meydandan çıxarılar. Ona görə fasilədə dəyişdim. İlkindən isə narazı qalmamışdım, meydanda mübarizə aparırdı. Futbolda texniki səhvlər olur. Buna önəm vermirəm. Əsas biz deyən tapşırıqları yerinə yetirməkdi ki, Sadıqov onu edirdi.
- Məşqçilik karyeranızda yubiley - 250-ci oyunu keçirdiz...
- Açığı, bunu bilmirdim. Xoş sürpriz oldu mənim üçün.
- Bu qələbəni komandanızdan sizə yubiley hədiyyəsi sayırsız?
- Sağ olun ki, yubileyi yadıma saldız. Sevinirəm ki, komandam məni belə bir matçda ilk qələbəylə sevindirdi.
- İlk hissədə Darioyla söhbətləşərək ona nəyisə başa salırdız. Maraqlıdı, braziliyalı futbolçuyla hansı dildə danışırdız?
- Futbol terminləri eynidi. Darioya başa salırdım ki, qaçırdığı epizodda topu birbaşa qapıya vurmalı idi. Hər halda, ingilis dilində olan "shoot" sözünü bilirəm (gülür).
- Sizcə, Federiko əvvəlki formasını bərpa edib?
- Mənə elə gəlir, yox. İstək var, ancaq əvvəlki formasını bərpa etməyib. Ümumiyyətlə, komandam hələ istədiyim futbolu oynamır. Yeni komandadı və istədiyimi görmək üçün zamana ehtiyac var.
- Gürcü futbolçunuz hesabında sarı vərəqə ola-ola çox aqressiv oynayırdı. Az qala ikincini alaraq meydandan qovulacaqdı...
- Düzdü, Qiuli sərt oynayırdı. Fasilədə nəinki ona, bütün futbolçularımıza tapşırmışdım ki, ehtiyatlı oynayın. Giya sərt oynayanda kapitanımız Şəhriyara dedim, ona başa sal ki, o dərəcədə sərt oynamasın.
- "Kəpəz" fasilədən sonra meydana çıxdığı matçların son 10 dəqiqəsində qol buraxmaqla yadda qalıb. Bu gün 80-ci dəqiqədən sonra həyəcan keçirirdiz?
- Açığı, 80 yox, 85-ci dəqiqədən sonra bir az həyəcanlandım. Çünki Bakıdakı oyunlarda qolu həmişə o vaxt buraxırdıq. Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq. Yəqin ki, bu xoşagəlməz ənənəyə son qoyduq.
- Murad Səttarlı niyə hələ də oynamır?
- O, Antalyada çox ciddi zədə almışdı. Buna görə də xeyli müddət hazırlıqdan kənarda qaldı, formadan düşdü. Artıq sağalıb və komandayla məşqlərə başlayıb.
- Müdafiədə dəyişiklik etməyiniz nə ilə bağlıdı? Şəhriyar Əliyev sağ cinah müdafəçisi kimi oynayırdı...
- O, futbola məhz bu mövqedə başlayıb, sonra mərkəzdə oynayıb. "Səbail"də ucaboy, başla yaxşı oynayan futbolçu çox olduğundan müdafiədə taktiki dəyişiklik etdim. Dedimarı dəyişdikdən sonra Şəhriyar mərkəzə qayıtdı. Sizə deyim ki, Əliyev sağda pis oynamadı.
Gözdən qaçmadı
* “Səbail”i Gəncədə təxminən 20-yə yaxın tərəfdar dəstəkləyirdi. Onların yer aldığı sektorun qarşısında üzərinə “dənizçilər” yazılmış bayraq asılmışdı.
* VİP-lojanın aşağısında yer alan sektorda əyləşənlərin əksəriyyətinin stadiona məcburi gətirildiyi ilk baxışdan hiss olunurdu. Onların əksəriyyəti ali məktəb tələbələri idi. Gənclərdən birinin “elə yerdə oturun ki, müəllim sizi görə bilsin” söyləməsi dediklərimizə sübutdu.
* Matçdan öncə bir gün əvvəl Respublika Narkoloji Dispanserində həlak olanların ruhuna hörmət əlaməti kimi birdəqiqləlik sükut elan olundu.
* Kərim Diniyevin meydana çıxması gəncəli azarkeşlər tərəfindən narazılıqla qarşılandı. Tərəfdarlar “Kəpəz”in sabiq oyunçusunu fit və etirazla qarşıladı.
RƏŞAD