b]Mayda Ələkbər Məmmədovun xatirəsinə yarış keçiriləcək[/b]
Rüstəm Rəhimov “bu gün məzarı başına toplaşdığımız Anatoli Banişevski Azərbaycan futbolunun əfsanəsi olub. O karyerası ərzində yalnız “Neftçi”nin şərəfini qoruyub. SSRİ yığmasına da cəlb olunan bakılı balası Braziliyanın “Marakana” stadionunda qol vurun ilk SSRİ futbolçusu kimi tarixə düşüb” söyləyərək, Banişevski barədə başqa fikirlər səsləndirdikcə “Neftçi” və “Vətən”in 2005/06 təvəllüdlü futbolçuları ona daha diqqətlə qulaq asır, başdaşındakı gülərüz simanın necə böyük fütbolçu olduğunu dərk etməyə çalışırdılar.
Şənbə günü, səhər saat 11-də ikinci Fəxri Xiyabanın girişində idman geyimində təxminən 40-a yaxın uşaq toplaşmışdı. Kənardan baxanlar, maşınla həmin ətrafdan keçənlər, yəqin ki, əlində qərənfil tutan uşaqları təəccüblə süzüb, heç şübhəsiz, özlərinə “görəsən, belə soyuq, küləkli gündə bunlar bura niyə toplaşıb” sualını verirdilər. Ancaq həmin böyüklərdən fərqli, uşaqlar heç narahat deyildilər. Əksinə, fəxrlə qəbri ziyarət edəcəyi anı gözləyirdilər. Artıq həmin an yetişdi və turnirin finalına vəsiqə qazanan hər iki komandanın üzvləri, veteran futbolçular Rüstəm Rəhimov, Orucəli Durmuşov, Vaqif Hüseynov, Füzuli Nəcəfovun Banişevski ilə bağlı xatirlərini dinlədilər və sonda gətirdikləri qərənfilləri məzarı üstünə düzdülər. Yeri gəlmişkən, bir gün əvvəl də, daha dəqiq desək, məhz doğum günündə ölkənin futbol ictimaiyyəti, “Neftçi” veteranları Xiyabana yollanaraq Azərbaycan futbolunun əfsanəsinin məzarını ziyarət etmişdilər.
Artıq neçə ildi Vaqif Davudovun təşəbbüsü ilə həvəskar komandalar arasında Banişevski turniri təşkil olunur. Ancaq bu ildən etibarən AFFA və Veteranlar İttifaqının təşkilatçılığı ilə 2005/06 təvəllüdlü futbolçular arasında da yarış keçirilməsinə qərar verilib. İlk dəfə təşkil olunan turnirə 6 komanda – BFİM, “Vətən”, “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Rəvan” qatılmışdı. Reqlamentə əsasən qrupda ilk yerləri tutan komandalar finalda, 2-ci pillənin sahibləri isə “bürünc” uğrunda mübarizə aparmalıydı. 3-cü yer uğrunda keçirilən matçda “Keşlə” ilə BFİM üz-üzə gəldi. Əsas vaxt 5:5 başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına ehtiyac duyuldu ki, “lotereya”da daha sərrast olan “Keşlə” bürünc medallara sahib çıxdı. Finalda isə azarkeşlər “Neftçi” - “Vətən” oyununu izlədilər. Turniri izləmək üçün “Neftçi”nin köhnə bazasına yetərincə azarkeş təşrif buyurmuşdu. Onların arasında həm “ağ-qaralar”ın, həm də ölkə futbolunun veteranlarını görmək mümkün idi. Kazbek Tuayev, Maşallah Əhmədov, Səməd Qurbanov, Rafiq Mirzəyev, Oqtay Abdullayev, Asif Əliyev böyük maraqla turnirin əsas qarşılaşmasını izləyir, sürəti, texnikası və meydanı görmək qabiliyyəti ilə seçilən kiçikyaşlı oyunçuların ünvanına xoş sözlər səsləndirirdilər. “Neftçi”nin yeni prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovun da bazaya gəlişi “ağ-qaralar”ın veteranları tərəfindən xoş qarşılandı. Maşallah bəy üzünü Əliyevə tutaraq “yeni prezident əsas komandanın oyun günü “Banişevski turniri”ni izləməyə vaxt tapırsa, deməli, ənənəyə qiymət verən, klubun tarixinə hörmət qoyan rəhbər gəlib” söylədi. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da həlledici oyunları izləyənlər arasında idi.
Maraqlı idman mübarizəsin şəraitində keçən qarşılaşmadan “Vətən” qalib ayrıldı – 2:1.
Finaldan sonra mükafatlandırma mərasimi başladı. Təşkilatçılar qaliblərə hədiyyələr təqdim etməmiş şənbə günü 70 yaşı olan Böyükağa Ağayevə və 75 illik yubileyini qeyd edən Vaqif Hüseynova yığmanın formasını və başqa qiymətli hədiyyələr verdilər. Yubilyarlar da diqqət və qayğıya görə turnirin təşkilatçılarına təşəkkür edib, gənc futbolçulara gələcəkdə uğurlar arzuladılar. Çempiona kubok, mükafatçılara medallar və diplomlar təqdim edən “Neftçi” veteranları da azyaşlı futbolçulara dəyərli məsləhətlərini verdikdən sonra hamı bir araya gəlib xatirə şəkli çəkdirdi. Təşkilatçılar turniri işıqlandıran “Futbol+”i də yaddan çıxarmadılar.
Tədbirin sonunda turnirin təşkilatçılarından Rüstəm Rəhimova yaxınlaşıb, yarışla bağlı fikirlərini öyrəndik: “Özünüz də gördüz ki, bu gün burda necə bayram ab-havası var idi. Anatoli Banişevski Azərbaycan futbolunun əfsanəsidi. Ancaq təəssüf ki, indi yetişən nəsil onu o qədər də yaxşı tanımır. İndi hansı uşaqdan soruşsan ki, Ronaldo, Messi kimdi, onların bütün həyatını sənə danışa bilər. Ancaq özümüzküləri tanımırlar. Ona görə də qərara aldıq ki, ölkə futbolunda iz qoymuş veteranlarımızın adına turnirlər təşkil edək. Bu yarışlarda iştirak edən uşaqlar bizim futbol ulduzlarımızı da tanısınlar. Fikrimiz var ki, mayda Ələkbər Məmmədovun xatirə turnirini keçirək. Ümumiyyətlə, belə yarışların həm sayı çox olmalıdı, həm də iştirakçıları. Bu həm də ölkədə uşaq futbolunun inkişafına təkan verəcək”.
Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayev də turnirdən razı qaldığını bildirdi: “Rəhbərlik etdiyim bu idman müəssisəsinin qapısı həmişə futbolsevərlərə açıqdı. Mən ən çox ona sevindim ki, bu gün burda nəsillərin görüşü oldu. Vaxtilə “Neftçi”nin heyətində azarkeşlərin sevimliləri olan Maşallah Əhmədov, Səməd Qurbanov kimi tanınmış veteranlar indi kənarda dayanıb 12-13 yaşlı uşaqların oyunlarını izləyir, kimin səhv, kimin düz oynadığını öz aralarında müzakirə edirlər. Valideynlər də tanınmış futbolçuların onların övladlarının oyunlarını izləməsini özlərinə fəxr bilirlər. Çox istərdim ki, belə turnirlərin sayı çox olsun”.
Oqtay bəyin sözünə qüvvət, doğrudan da şənbə günü el arasında daha çox “Neftçibaza” kimi tanınan məkanda nəsillərin görüşü keçirildi. Bir tərəfdə ötən əsrin 70-80-ci illərinin qəhrəmanları, bir tərəfdə isə gələcəkdə futbolçu olmaq istəyən uşaqlar. Rüstəm Rəhimov “bizim uşaqlar əcnəbiləri tanıyırlar, ancaq özümüzkülər barədə məlumatları yoxdu” söyləməkdə də haqlıdı. Bütün çatışmazlıqları aradan qaldırmaq isə məhz ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslərin səlahiyyəti çərçivəsindədi. Bu gün rəhbər postda olub dünəni unutsaz, əmin olun ki, sizi də o aqibət gözləyir. Anatoli Banişevski, Ələkbər Məmmədov, Valeri Hacıyev, Sergey Kramarenko kimi veteranlar daim yad olunmalı, onların xatirəsinə turnirlər təşkil edilməlidi. Necə ki, bunu gürcülər edir. Biz demirik ki, U-12 liqasına Banişevski, U-13-ə “Məmmədov liqası” adı verilsin. Digər liqalara da bunun kimi. Başa düşürük ki, bu gün hər sahədə olduğu kimi, idmanda da musiqini sponsorluq edən qurumlar sifariş edir. Ancaq ildə veteranları yada salacaq 3-4 turnir təşkil etmək, hər halda, onminlərlə pul xərclənən “top çiləmə” festivallarından daha səmərəli və məqsədyönlü olar.
[b]RƏŞAD[/b]