Samir Abasovun 22 dəqiqəsi anbaan
Son turun prinsipial qarşılaşmalarından sayılan “Sumqayıt” – “Neftçi” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Samir Abasovun hakimin qərarına kəskin etiraz etdiyinə görə texniki zonadan uzaqlaşdırldığını ötən sayımızda xəbər vermişdik. Onu da bildirmişdik ki, Samir bəy qovulmasına baxmayaraq, hasardan kənarda olsa belə, komandasına göstəriş verməkdə davam etdi. Abasovun texniki zonadan kənarda yetirmələrinə və köməkçilərinə verdiyi göstərişləri diqqətinizə çatdırırıq. Onu qeyd edək ki, 40 yaşlı mütəxəssis təxminən 22 dəqiqə “kimyaçılar”ın inzibatçısı Elnur İbişovun müşayiəti ilə azarkeşlər arasından “kimyaçılar”ın oyununu idarə etdi.
* Seymur (köməkçisi Seymur Rəhimovu nəzərdə tutur), Ehtirama denən, top olan zonaya yaxın olsun.
* Cavid, ortaya düş. Ehtiram, mövqeyini itirmə, diqqətli ol. Xəyal, bir qədər sıx oyna.
* Hakim, deyəsən, başını itirib. Top “Neftçi”nin futbolçusundan çıxdı, ancaq autu bizə tərəf verir.
* Seymur, uşaqlara pas oynamağı tapşır.
* Rəşad, cəld oyna, qərarı tez ver, yatma. Əla Bəhlul, öpürəm.
* Seymur, uşaqlara başa sal ki, bir qədər fəal olsunlar. Fərhada bir qədər sakit, soyuqqanlı olmasını tapşır.
* Bravo, Amil. Ehtiram, çalış həmişə ortaya gir. Əla, uşaqlar, belə davam edin.
* Bəxtiyar, yenə hara baxırsan? Sənə nə qədər demək olar ki, rəqibə yaxın oyna.
* Buna bax (hakimi nəzərdə tutur), yenə bizim qapıya cərimə zərbəsi verəcək. Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar.
* Rəşad, Xəyala daha cəld oynamasını tapşır. O yatır orda.
* Ay Cavid, sən nə etdin?! Eybi yox, həvəsdən düşməyin.
* Vüqar, Bəxtiyar, irəli çıxın. Super, Baxa, əla. Qorxmayın.
* Seymur, sənə dedim axı, onlara pas oynamağı tapşır. Niyə özlərini itiriblər?
* Ağıllı oyna, Etiş, əla. Belə davam et.
* Seymur, uşaqlara tapşır, isinmə hərəkətləri etsinlər. Ülviyə (Ülvi İsgəndərovu nəzərdə tutur) də de, onlara qoşulsun.
* Vur, vur, ay səni... Belə imkanı boşa vermək olar? Bəhlul, arxaya çox oturmayın. Onları mərkəzdə qarşılayın. İmkan verməyin, topu rahat qəbul etsinlər.
* Canavar Tural, bravo.
* Seymur, Kamala üç müdafiəçinin qarşısında oynamasını tapşır.
* Amil, ortaya sıxlaşın ki, aradan ötürmə keçməsin.
* Syoma (Rəhimova müraciət edir), Ülviyə soldan oynamasını tapşır.
* Ülvi, biz topu çıxaranda Cavidə yaxın oyna. O başla topu götürüb sənə verəcək. Onlar hücum edəndə isə sola düş. Dayaq yarımmüdafiəçilərinə kömək et. Mərkəzdə dörd nəfər olun ki, boşluq yaranmasın. Xəyalla da yerini dəyişə bilərsən. Ancaq ən yaxşısı solda oynamağındı. İmamverdiyev isə qabaqda tək qalsın.
* Seymur, ona tapşır, geri qayıdan topu götürsün.
* Cavid, öldürəcəm səni. Sona qədər mübarizə apar, dayanma.
* Ehtiram, ayağa dur, yerdə qalmaq vaxtı deyil. Bir qədər də döz.
* Oğulsan, Ülvi, əla. Belə oyna. Boşalma, vaxta az qalıb. Bunun ora-bura qaçmaqdan ayaqları dolaşacaq.
* Rəşad, mərkəzi götür, Cavid, top istə. Ehtiram, oturmağa tələsmə.
* Belə düz yerdə səhv etmək olar? Vaxta nə qədər qaldı?
* Bəxtiyar, topla gəl, qorxma, onlar artıq dayanıb.
* Bu da son. Əla uşaqlar, hamınızı öpürəm.
RƏŞAD