“Start hər zaman fərqli olur”
Futzal yığmamızın təcrübəli oyunçularından biri Namiq Məmmədkərimovdu. Düzdü, tədricən meydanda az görünür, İranla yoxlama oyunlarında da Alesio ona cəmi bir neçə dəqiqə şans vermişdi. Buna baxmayaraq, braziliyalı mütəxəssis Məmmədkərimovu Sloveniyaya apardı. Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə müsahibə verən veteran futzalçı yığmadakı ab-havadan danışıb.
- Komandada ab-hava necədi?
- Hazırlığa yanvarın 10-dan başlamışıq və həmin gündən məşqləri səhər və axşam olmaqla, gündə 2 dəfə edirik. Bəzi günlərdə bir hazırlıqla kifayətlənmişik. Təbii ki, uzunmüddətli hazırlıq müddətində hər kəs çalışdı ki, özünü yaxşı tərəfdən göstərə, baş məşqçinin istədiyini ona qaytara bilsin. Buna nə dərəcədə nail olduğumuzu oyunlar və nəticələr göstərəcək. Hazırda hər şey yaxşıdı və əhval-ruhiyyə yüksəkdi. Məncə, nəticələr də yaxşı olacaq.
- Oyunun keçiriləcəyi “Arena Stojiçe”də məşqə çıxmısız. Bu örtükdə final mərhələsi üçün hazırlanmış toplarla oynamaq çətin deyil?
- Örtük çox yaxşıdı, toplar da rahatdı. Sadəcə, problem topla parketin təması zamanı sürətlə hərəkət etməsidi. Bu, bir qədər yenilikdi bizim üçün.
- Bu məqam oyun zamanı problem yarada bilərmi?
- Qarşılaşmaya qədər uyğunlaşacağıq. Bura tez gəlməyimizin üstünlüyündən istifadə etməliyik. Yəni məşqlərdə buna tez uyğunlaşmalıyıq ki, oyunlarda çətinlik çəkməyək.
- Qrupdakı rəqiblərimizlə bağlı nə düşünürsən?
- Aydın məsələdi ki, bu mərhələdə zəif komanda olmur. İspaniya bu oyunun kralıdı. Fransa ilə şansımız isə 50-nin 50-yədi. Oyunlarını izləmişik. Debütant olsalar da, indi yaxşı formadadılar.
- Təhlükəli tərəfləri nələrdi?
- Fərdi oyuna üstünlük verirlər. İmkan tapdıqca rəqibi təkbətək keçməyə çalışırlar. Fiziki və atletik baxımdan seçilirlər. Biz zonalı, onlar isə fərdi oyuna üstünlük verir.
- Taktiki cəhətdən necə, rəngarənglik varmı?
- Öz oyun üslubları var və çalışırlar sona qədər buna riayət etsinlər. Aut xətti yaxınlığında keçidlər etməyi sevirlər.
- İndiyə qədər oynadığımız komandalardan hansına bənzətmək olar Fransanı?
- İranla, demək olar, uyğun gəlir. Ancaq İran kimi güclü deyiillər. İran millisi dünya reytinqində 4-5-ci yerlərdə qərarlaşıb. Bu komanda ilə yoldaşlıq oyunu keçirməkdə məqsədimiz fransızlara qarşı oynayacağımız taktikanı müəyyənləşdirmək idi. Yoldaşlıq görüşlərindəki səhvlərin üzərində işləmişik.
- Təqvimin bu cür sıralanması komandamızın xeyrinə ola bilərmi?
- Bizim üçün yaxşı təqvimdi. Çünki əvvəlcə rəqiblərimiz qarşılaşacaq. Daha sonra biz çempionatın favoriti ilə yox, digər komanda ilə üz-üzə gələcəyik. Birinci oyunumuz olduğuna görə gücümüzü səfərbər etməyi bacaracağıq. Onsuz da qrupdakı rəqiblərin hamısı ilə qarşılaşacağıq. Sadəcə, start hər zaman fərqli olur.
- Bu qarşılaşmanı 1/4 finala gedən yolda “açar” hesab etmək olarmı?
- Nəticədən çox şey asılı olacaq. Tək bu oyunun yox, İspaniya - Fransa qarşılaşmasının da nəticəsi vacibdi. Qələbə qazansaq, minimum tapşırığın öhdəsindən gəlmək mümkün olacaq.
- Baş məşqçi hazırlıq prosesində əsasən nələri tələb edir?
- Taktiki tapşırıqlar verir ki, onu yerinə yetirmək lazımdı. Hansı taktiki tapşırıqlar olduğunu açıqlamayacam. Oyunda görəcəksiz. Əsas məsələ həmin taktikanı mənimsəməkdi. “Araz”ın oyunçuları onun rəhbərliyi altında çox çıxış etdiyindən bunu daha yaxşı qavrayırlar. Biz də çalışırıq ki, ansambldan geri qalmayaq.