Ayxan Abbasov seneqallını bəyənmədi
Srağügün “Zirə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Qəsəbə təmsilçisi Rusiyanın 1-ci divizion klubu “Avanqard”la üz-üzə gəlib. Ayxan Abbasovun komandası sözügedən sınaq matçına Manavqat Bələdiyyəsinin “Atatürk” stadionunda çıxıb. Komandaların start heyəti belə olub.
Zirə: Abdulla Seyidəhmədov, Adil Nağıyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Milan Duriç, Elşən Abdullayev, Viktor İbokoyi, Mirsahib Abbasov, Sadio Tounkara, Vüsal İsgəndərli.
Avanqard: Stanislav Kozırev, Mixail Baqayev, İlya Bobrışov, Aleksandr Kontsedalov, Denis Nikitin, Denis Sinyayev, İlnur Alşin, Ravil Netfullin, Roman Minayev, Denis Voynov, İslam Tlupov.
Oyun Kursk təmsilçisinin inamlı qələbəsi (3:0) ilə başa çatıb. Hesabı 5-ci dəqiqədə Alşin açıb. İkinci hissədə hər iki komandanın heyətində bəzi dəyişikliklər olub. Lakin “qartallar” məğlubiyyətdən xilas ola bilməyib. Əksinə, Abbasovun yetirmələri qapısında daha iki qol görüb. Minayev 59-cu dəqiqədə hesab arasındakı fərqi artırıbsa, sonradan meydana çıxan Aleksandr Tarapovski 77-ci dəqiqədə penaltidən dəqiq yararlanıb. Qeyd edək ki, “Zirə” qardaş ölkədə keçirdiyi ilk yoxlama matçında “Voluntari”ni (Rumıniya) 2 cavabsız qolla məğlub etmişdi. Qəsəbə təmsilçisi Antalyada son sınaq matçını fevralın 2-də Macarıstan “Haladaş”ına qarşı keçirəcək. Həmin günün ertəsi “qartallar” vətənə dönəcək.
Bu arada Ayxan bəyin heyəti gücləndirmək istəyi hələ reallaşmır. Qış fasiləsində 4 yerli transfer edən paytaxt təmsilçisinin çalışdırıcısı baxışda olan yarımmüdafiəçi Honore Qomislə bağlı qərarını verib. Seneqallı futbolçunun məşqlərdəki performansı baş məşqçini qane etməyib. Bu üzdən 22 yaşlı hücumameyilli oyunçunun hansısa yoxlama matçında sınanmasına ehtiyac qalmayıb və o geri qaytarılıb. Xatırladaq ki, daha öncə malili İbrahima Tandia da baxışda olmuş, lakin ümidləri doğrultmamışdı. Qeyd edək ki, “Zirə” hələ ki İbrahim Aslanlı, Elşən Abdullayev, Mirsahib Abbasov və Tellur Mütəllimovu heyətinə qatıb.
FARİZ