"Keşlə”ni udmağın, "Qarabağ”dan xal almağın özü bir hədəfdi”
Qarşılaşmadan sonra “Səbail”in baş məşqçisi Samir Əliyev jurnalistlərin əhatəsinə düşdü. Sabah Türkiyə toplanışına yollanacaq komandanın çalışdırıcısı nəticədən razı qaldığını, ancaq görüləsi çox işin olduğunu söylədi.
- Nəticə yaxşıdı. Amma əsas odu ki, futbolçularda istək gördüm, sona qədər mübarizə apardılar. Biz də bunu istəyirdik. Zədəli futbolçularımız çoxdu. Buna baxmayaraq, hamısından razıyam.
- Kənardan baxanda bu matç yoldaşlıq oyununa bənzəmirdi. Meydanda istək, əzmkarlıq var idi. Siz bu oyunda əsas heyətin üzvlərinə şans verdiz. Halbuki belə görüşlərdə az da olsa, ehtiyat qüvvəyə də meydana çıxmaq şansı yaradırlar. Lakin “Səbail”in heyətində beləsini görmədik.
- Meydanda belə futbolçular çox idi. Asif Mirilini nümunə göstərə bilərik.
- Asifin artıq onun 26 yaşı var... Siz ona gənc deyirsiz?
- Yaşına baxmayın, çempionatın ilk yarısında əvəzedicilərdə olub. Bizim komandada bu gün Kamran Əliyev meydana daxil oldu. Veteran futbolçu Ruslan Əmircanova şans verdik. Bu gün heyətdə 17 futbolçu var. Ehtiyat oyunçular skamyasında kim var idiisə, hamısına şans verdik.
- Bu gün səhər məşqi olmasına baxmayaraq, komanda daha təravətli görünürdü. "Səbail” daha inamlı təsir bağışlayırdı. Futbolçular qol vuranda da rəsmi oyundakı kimi sevindilər...
- "Səbail” "Sumqayıt”ı məğlub edib. Sevinməlidi. Bunu normal qarşılamaq lazımdı. Bizdən öndə olan komandaya qol vurduq, qalib gəldik. Bu qələbəyə sevinmək qeyri-adi qarşılanmamalıdı.
- Komandada baxışda olan gürcü futbolçu ilə bağlı qərarınız nə oldu?
- Onunla bağlı qərarı sabah verəcəyik. Rəhbərliklə görüşüb bu məsələni müzakirə edəcəyik.
- Əmircanovla müqavilə imzlanacaq? Yaydan komandadadı.
- Bu transfer artıq rəsmiləşib. Yaya kimi bizimlə olacaq. Ruslan Əmircanovu kritik vəziyyətlər üçün heyətə cəlb etdik. Bizə təcrübəli futbolçu lazımdı. Eltun Yaqublu zədəlidi. Bu gün o meydanda yox idi. Kamal onun yerində oynayırdı. Kamala da nəsə ola bilər. Cinah müdafiəçisi kimi Ruslanın təcrübəsinə güvəndim. Bir də məşqçinin sağ əli kimi ona etibar edirəm. Komandanın daxilindəki ab-havanı qorumaq lazımdı. Ruslan ikinci gəncliyini yaşayır. Biz də ona şans veririk ki, özünü göstərsin.
- İki gündən sonra Türkiyə toplanışına start verəcəksiz. Bu toplanışla bağlı fikirlərinizi bilmək istərdik. Fasilə vaxtı əksər əcnəbilərlə yolları ayırdız. Komandada hansı mövqelərə legioner dəvət etməyi planlaşdırırsız?
- Bir futbolçu yanvarın 21-də bizə qoşulacaq. Adlarını açıqlamaq istəmirəm. Komandaya yarımmüdafiəçi cəlb olunacaq. 24-də isə hücumçu gələcək. Dayaq yarımmüdafiəçisi də alacağıq. İstəyirik ki, həmin mövqedə də rəqabət olsun. Mado bu gün zədəli olduğundan komandaya kömək edə bilmədi. O hələ tam hazır deyil.
- Adlarını çəkməsəz də, legionerlərin hansı ölkələrdən olduğunu deyə bilərsiz?
- Biri Avropadandı. Daha dəqiq desəm, keçmiş SSRİ respublikalarındandı. Hazırda öz ölkəsinin millisinin də şərəfini qoruyur. Hücumçu isə böyük ehtimalla Afrikadan olacaq.
- Futbolçuları siz bəyənib dəvət edirsiz, yoxsa menecerlər tapırlar?
- Agentlər təklif edir, biz də baxırıq. Büdcəmizə uyğundusa, bizi qane edirsə, razılaşırıq.
- "Səbail”in bəlli büdcəsi var. Böyük büdcəsi yoxdu ki, hər təklif olunanı düşərgəyə dəvət edəsiz...
- Hamı futbolçu təklif edir. Qərarı isə biz veririk.
- Bəlkə futbolçu elə bir məbləğ istədi ki, bu sizi qane etmədi. Onda necə olacaq?
- Biz əvvəlcədən şərtlərimizi deyirik. Bizə 2500-3000 dollar maaşa oynayan futbolçular lazımdı.
- 3000-ə oynayan əcnəbi komandaya nə dərəcədə faydalı ola bilər? “Köhnə qitə”nin əksər ölkələrində bu maaşı həvəskarlar liqasında top qovan futbolçular alır.
- Bu gün Tsetsxladze 1000 manata bizim komandada oynayır. Oyunundan razıyam. Axtarıb tapmışıq.
- Avropadan gələn futbolçu 3000-ə razılaşar?
- Gürcü futbolçu bizdə 1000 manata oynayır. Başqa klublarda bir çox yüksək ödənişli futbolçular var ki, gürcü onlardan faydalıdı. Bəzən yaxşı futbolçular olur. Bizi qane etməyənləri göndərdik. Klub formalaşdırmaq üçün zamana ehtiyac var.
- Sizcə, fasilə dönəmində premyer-liqada “Səbail” kimi heç bir hədəfi olmayan komandanın Antalyaya toplanışa getməsi məqsədəuyğundu?
- Bizim klubun niyə hədəfi yoxdu? Gələn il üçün komanda formalaşdırmaq istəyirik. Bunun üçün də lazımdı.
- Türkiyə toplanışına sərf olunan vəsaitə komandaya səviyyəli futbolçu cəlb etmək olardı.
- Bizdə yetərincə yaxşı futbolçular var.
- Türkiyədəki rəqibləri menecerlər təklif etdi?
- İstəyirik ki, bizə uyğun rəqiblər olsun. Ukrayna, Serbiya, Bolqarıstan və Slovakiyanın güclülər dəstəsində çıxış edəm klublarla oynayacağıq. "Səbail”ə baxanda, onlar daha güclüdülər. Bizə də məhz belələri lazım idi.
- Vətəndə keçirdiyiniz 3 yoxlama matçından hansı sizi qane etdi?
- Bugünkü oyunu deyərdim. Səhvlər çox olsa da, rəqib güclü idi. Yenidən hədəf söhbətinə qayıtmaq istəyirəm. "Keşlə”ni udmağın, "Qarabağ”dan xal almağın özü bir hədəfdi. Təlim-məşq toplanışı klublara vacibdi. Biz ora istirahətə getmirik.
RƏŞAD