Bombardirlərin yarışında yerlilər “at oynadır”
Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsində yüksək liqada artıq arxada qalan iki dövrənin yekunu təhlil olunub. Yazıda statistik göstəricilərə yer verilib, çempionatda diqqəti çəkən məqamlar vurğulanıb.
Sentyabrın 30-da strat götürən futzal üzrə yüksək liqada dekabrın 26-da keçirilən 14-cü turun oyunları ilə mövsüm yarılanmış oldu. İkisi debütant olmaqla, yeddi komandanın iştirak etdiyi liqada bir-birindən maraqlı oyunların şahidi olduq. Ümumilikdə “ekvator xətti”nə qədər 42 matç keçirilib, 303 qol vurulub. Bu oyunlardan ikisi “ABU Arena”da, bir o qədəri də “Olimpik Star”da keçirilib. Qalan qarşılaşmalara Bakı İdman Sarayı evsahibliyi edib.
İlk dəfə yüksək liqada
Qeyd etdiyimiz kimi, cari mövsümün iştirakçılarından ikisi – FK.İD və “Marafon” ilk dəfə yüksək liqa həyəcanı yaşayır. Buna qədər onlar birinci liqada mübarizə aparırdı. Arxada qalan iki dövrədə FK.İD-dən fərqli, “Marafon” boyundan hündürə tullanmağı bacardı. Belə ki, təcrübəli rəqiblərini qabaqlayan debütant fasiləyə liderin ən yaxın izləyicisi kimi yollandı.
Yeri gəlmişkən, FK.İD-in digər komandası “İtaldizayn” birinci liqada çıxışını yenə davam etdirir. Bu komandanın yaradılmasında məqsəd yüksək liqa üçün ehtiyat baza hazırlamaqdı.
Yeganə məğlubedilməz
Ən çox qələbə “Araz”ın hesabındadı. Son çempion 11 matçda xal itirməyib. Yeganə heç-heçə “Neftçi” ilə dueldə əldə olunub. Düzdü, çempionatda məğlubiyyətin nə olduğunu bilməyən “Araz” üçün 6-cı tur çərçivəsində “Neftçi” ilə keçirilən oyunun birinci hissəsi uğursuz alınıb. Alesionun yetirmələri fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb.
İki antirekordçu
İki komanda – “Yasamal” və “Xəmsə” isə ən çox məğlubiyyətlə barışanlardı. 10 qarşılaşmada komandalar meydanı xalsız tərk edib.
Qələbəyə həsrət qalan
Qələbə qazana bilməyən yeganə iştirakçı isə “Xəmsə”di. Əzmkar oyunu ilə seçilən autsayder iki dueldə heç-heçə edib, amma qələbə qazana bilməyib. Əslində bəzi oyunlarda buna yaxın olan “Xəmsə” birinci hissədə qazandığı üstünlüyü fasilədən sonra əldən verib.
Ən böyükhesablı...
Çempionatda ən böyükhesablı qələbəni də “Araz” qazanıb. Komanda 7-ci turda “Xəmsə”nin qapısından nə az, nə çox - 16 cavabsız top keçirib. “Araz” növbəti dəfə 16 qolu 2 tur sonra “Yasamal”la dueldə vurub. Ancaq qapısını toxunulmaz saxlaya bilməyib. Belə ki, autsayder buraxdığı qollardan ikisinin əvəzini çıxmağı bacarıb.
...və minimalhesablı qələbə
Hələ ki cəmi bir qarşılaşmanın taleyini 1 qol həll edib. Bu da 2-ci turda baş verib. FK.İD və “Ekol” komandalarının qarşılaşmasında yeganə qol oyunun başa çatmasına 3 dəqiqə qalmış vurulub. Namiq Məmmədkərimov komandasına 3 xal qazandırmağı bacarıb. Ümumiyyətlə, 5 oyunda minimalhesablı qələbə qeydə alınıb. 4 qarşılaşmada isə komandalar xalları yarı bölüb ki, həmin oyunlardan üçü 2:2 hesabı ilə başa çatıb.
“Qısır” hissə
Beş oyunda fasiləyə qədər komandalar qol sevinci yaşamayıb. İlk belə nəticə 2-ci turda qeydə alınıb. FK.İD – “Ekol” oyununun taleyi ikinci hissədə həll olunub. 3, 5, 7 və 14-cü turlarda müvafiq olaraq, “Ekol” – “Marafon”, “Xəmsə” – FK.İD, “Neftçi” – “Ekol” və “Neftçi” – “Marafon” oyunlarında komandalar birinci hissədə qol vura bilməyib.
Erkən qol
Çempionatın ən erkən qolu 7-ci tura təsadüf edib. “Yasamal” – “Ekol” duelində ikincilərin kapitanı Namiq Məmmədkərimov 30-cu saniyədə hesabı açıb.
Vurulan buraxılandan azdı
12 oyunda rəqib torunu ən çox - 79 dəfə silkələyən “Araz”ın oyunçuları olub. Ən çox qol buraxan komanda isə “Yasamal”dı. Onlar 81 dəfə topu qapılarından çıxarmaq məcburiyyətində qalıblar. Nəticədə bu göstəricidə buraxılan qolların sayı vurulandan çoxdu. “Araz” 12 oyun ərzində cəmi 14 top buraxıb. Ən az qol sevincini isə “Xəmsə”nin oyunçuları yaşayıb – 29. Heç-heçələr xanasında üstünlük FK.İD və “Neftçi”yə məxsusdu. Komandalar hərəyə üç oyunda belə nəticəyə imza atıb. “Marafon” və “Yasamal” isə heç bir qarşılaşmada 1 xal qazanmayıb.
Eduardonun “5”-i
Bir oyunda ən çox fərqlənən futzalçıların göstəricisində də “Araz”ın üzvü öndədi. Millinin də şərəfini qoruyan Eduardo Borges “Xəmsə” ilə matçda hesabına 5 qol yazdırıb. Ona qədər isə poker edənlər üstünlük təşkil edirdi.
Beş avtoqol
14 tur ərzində 5 avtoqol qeydə alınıb. İlk avtoqol müəllifi “Yasamal”dan Mortoza Cahandost olub. Daha sonra “Araz”ın kapitanı Rizvan Fərzəliyev topu öz qapısından keçirib. “Ekol”un oynayan baş məşqçisi Radik Əhmədov da bir matçda qapıları səhv salıb. Dubl-avtoqol edən isə “Neftçi”nin kapitanı Rüfət Balakişiyevdi. O, FK.İD ilə qarşılaşmada komandası hesabda iki dəfə öndə olan vaxt topu ardıcıl iki dəfə öz qapısından keçirib və hesabın bərabərləşməsində “pay sahibi” olub.
İntizamsız tur
Üçüncü turu bu nominasiyanın “qalibi” elan etmək olar. Məhz həmin turun oyunları zamanı hakimlər 4 qırmızı vərəqədən istifadə edib. “Xəmsə”dən Qüdrət İsmayılov, “Yasamal”dan Teymur Mirzəyev, EKOL-dan Əsgər Abasov və “Neftçi”dən Elnur Zamanov oyunu erkən başa vurmalı olub. Bundan başqa, referilər 9 dəfə sarı vərəqədən istifadə ediblər.
Yerlilər “at oynadır”
Yarım mövsümün bombardiri “Marafon”ın kapitanı Renat Sultanov olub. Onun hesabında 16 qol var. Ən yaxın izləyicisi isə autsayderin hücumçusudu, həm də yerli oyunçudu. Samir Əmirov (Xəmsə) Sultanovdan 3 top az vurub. “Araz”dan Tyaqo 12, Eduardo isə 11 qolla nəfəslərini hiss etdirirlər. “5-liy”i “Yasamal”dan Mortoza Cahandost qapayır. İranlı legioner rəqib qapıçılarını 10 dəfə məyus edib.
10 oyun mavi ekranda
Yüksək liqanın oyunlarının canlı yayını cari mövsümün qazancalarından biridi. Belə ki, “CBC Sport” arxada qalan 14 turda 10 oyunu canlı yayınlamaqla xeyli vaxtdı ekranlardan kənarda qalan futzalı yenidən tamaşaçıların menyusuna daxil edib. Yalnız 1, 3, 11 və 14-cü turdan heç bir qarşılaşma birbaşa yayınlanmayıb. Bunun da səbəbi həmin turların Bakı İdman Sarayında yox, “ABU Arena” və “Olimpik Star”da keçirilməsidi. Təəssüf ki, həmin arenalardan canlı yayın təşkil etmək üçün lazımi şərait yoxdu. Bir faktı da qeyd edək ki, yüksək liqanın oyunlarının həftəsonundan həftəiçinə keçirilməsi məhz canlı yayınla bağlıdı.
MİRAĞA hazırladı