Səməd Nəsibov: “Bu gün dava-dalaş virtual aləmdədisə, sabah stadionlarda yaşanacaq”
Yeni il axşamı “CBC Sport”da efirə gedən “Qış nağılı” verilişində “Qarabağ”ın və yığmanın futbolçusu Mahir Mədətovun “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku parodiya etməsi və qarşı tərəfin bununla bağlı bəyanat yayması haqda xəbəri ötən sayımızda diqqətinizə çatdırmışdıq. Onu da bildirmişdik ki, “qırmızı-qaralar”ın rəhbərliyi forvardın bu addımını peşakarlığa sığmayan hərəkət kimi dəyərləndirərək,“Qarabağ”dan gənc forvardla bağlı ölçü götürməyi, Mahirin isə Qriqorçukdan və “Qəbələ”dən üzr istəməsini tələb edib.
Mədətov da mətbuata açıqlamasında parodiya etməmişdən öncə çəkiliş pavilyonunda olan Qriqorçukdan icazə alındığını, mütəxəssisin özünün də bu zarafata xeyli güldüyünü bildirib.
Mədətovdan sonra “CBC Sport”un rəhbərliyində yer alan tanınmış rejissor Azər Cavad Əliyev "feysbuk"dakı şəxsi hesabında məsələ ilə bağlı fikirlərini bölüşüb: “Yeni il verilişimiz “Salam, 2018”in bu qədər rezonans və səs-küy yaratması xoş haldı. Beləliklə, verilişin rejissoru və layihə rəhbəri olaraq məsələyə aydınlıq gətirirəm. Məsuliyyətlə bildirirəm ki, bizim çox hörmətli qonağımız Roman Qriqorçuk Mahir Mədətovun çəkilişi zamanı məkanda öz növbəsini gözləyirdi və 3 metr aralıda dayanmışdı. Baş məşqçinin Mahirin dostyana parodiyasına münasibəti müsbətdən də artıq idi. Qeyd edim ki, Roman Qriqorçuk etiraz etsəydi, parodiya baş tutmazdı. O maraqla Mahiri izləyib, gülümsəyirdi. Çəkilişdən sonra isə tərəflər qucaqlaşdılar. Məni tanıyanlar sözümün kəsərini və səmimiliyimi bilirlər. Odu ki, sevimli klublarımızdan olan "Qəbələ"nin hörmətli təmsilçiləri, bəyanat verməzdən əvvəl Roman Qriqorçukla danışıb həqiqəti, onun fikrirlərini və məsələyə münasibətini aydınlaşdırardız”.
Həm Mahirin, həm də verilişin rejissoru və layihə rəhbəri olan Azər Cavad Əliyevin söylədiklərindən belə aydın olur ki, Qriqorçuk “köhlən atlar”ın futbolçusunun onu yamsılayacağından xəbərdar olub və parodiyaya nəinki etiraz edib, əksinə, onu xoş qarşılayıb. Bu yerdə ortaya sual çıxır: Mədətovun zarafatı çəkiliş vaxtı ukraynalı mütəxəssisin narazılığına səbəb olmayıbsa, klub rəhbərliyi nəyə görə belə əsəbi bəyanat yayıb? Bu suala cavab tapmaq üçün əvvəlcə “qırmızı-qaralar”ın çalışdırıcısı ilə əlaqə saxladıq. Roman Qriqorçuk müzakirələrə səbəb olan məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi: “Bununla bağlı heç bir şərh verməyəcəm. Artıq dünəndən mənə xeyli jurnalist zəng vurub. Hamısına da eyni sözləri demişəm”.
Qriqorçukun ardından “Qəbələ” rəhbərliyinin fikirlərini öyrənməyi lazım bildik. Bu məqsədlə şimallıların Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovla danışdıq. Səməd bəy bəyanat yaymalarının səbəbini belə izah etdi: “Qarabağ” premyer-liqada əsas rəqibimiz də olsa, onlara daim böyük hörmətlə yanaşıb, etik qaydalara riayət etmişik. Mahir Mədətovun yeni il gecəsi “CBC Sport”un bayram proqramında baş məşqçimiz Roman Qriqorçuku parodiya etməsi “Qəbələ” azarkeşləri tərəfindən narazılıqla qarşılanıb. Onlar sosial şəbəkələrdə Mahirə etirazlarını bildiriblər. Qarşıda bizi çempionatın ən gərgin turları gözləyir. Mədətovun etdikləri isə yanan alovun üstünə benzin tökməyə bənzəyir. Sabah həmin gərginlik tribunalara sirayət etsə, necə olacaq? Mahir Qriqorçuku parodiya edəndə bu haqda, yəqin ki, düşünməyib. Veriliş efirə gedən gündən iki klubun azarkeşləri arasında sosial şəbəkələrdə əsl müharibə yaşanır. Yenə deyirəm, bu gün dava-dalaş virtual aləmdədisə, sabah stadionlarda yaşanacaq. Məhz bu məqamı nəzərə alıb bəyanat yaydıq. “Qış nağılı”nın rejissoru “feysbuk”dakı şəxsi hesabında Qriqorçukun Mahirin parodiyasına etiraz etmədiyini bildirib. Və ardınca mütəxəssislə Mədətovun qucaqlaşdığını vurğulayıb. Belə hal yaşanıbsa, lap yaxşı. Rejissor heç olmasa, həmin kadrlardan 3-4 saniyəni də tamaşaçıya göstərərdi. Bəlkə o halda “Qəbələ” azarkeşləri Mədətova münasibətdə bu qədər kəskin mövqe tutmazdılar”.
Bəs görəsən, “Qarabağ” rəhbərliyi “Qəbələ”nin bəyanatına necə reaksiya verir, yaşananlara görə futbolçusunu günahkar bilirmi? Ancaq görünür, Ağdam təmsilçisinin rəsmilərinin belə “kiçik” məsələlərə baş qoşmağa nə vaxtı, nə də həvəsi var. Belə olmasaydı, “köhlən atlar”ın meneceri Asif Əsgərov sözümüzü ağzımızda qoyub “bununla bağlı mətbuat katibi ilə əlaqə saxlayın” deməzdi. Bəlkə də heç Əsgərovun yaşananlardan, son günlər iki klubun azarkeşlərinin sosial şəbəkələri söyüş poliqonuna çevirməsindən xəbəri yoxdu. “Qaçqın komanda”nın mətbuat katibi Nurlan İbrahimov isə bunları dedi: “Bilirisiz ki, “Qarbağ” klubu daim belə məsələlərə həssas yanaşır, hadisələrə operativ reaksiya verir. “Qəbələ” ilə aramızda daim xoş münasibət olub və istəmərik ki, bu münasibətlərə çat düşsün. İndi bu məsələ ilə bağlı polemika açmaq bəlkə də düzgün deyil”.
RƏŞAD