21 sen 19:04olke

Nicat Muxtarov 3 aylıq həbs olundu

Nicat Muxtarov 3 aylıq həbs olundu
“…Muxtar Babayev göstəriş verib ki, bu məsələyə görə “Sumqayıt” pul ödəməsin”
Iki gündü haqqında danışılan, törətdiyi əmələ görə ciddi müzakirələrə səbəb olan Nicat Muxtarov qarşıdakı 3 ayı “dəmir barmaqlıqlar” arasında keçirəcək. Srağagün “Sumqayıt”ın futbolçusunun azadlığa buraxılacağı ilə bağlı xəbərlər dolaşsa da, məhkəmə Nicat barəsində həbs qətimkan tədbiri seçdi. Bundan sonra nə yazsaq, nə danışsaq da, xeyri yoxdu. Oğurluq edibsə, cəzasını almalıdı. Və ölkənin bir nömrəli idman nəşri olaraq 22 yaşlı gəncin hərəkətinə haqq qazandırmaq niyyətindən uzağıq. Hər nə qədər onu bu əmələ “Sumqayıt” rəhbərliyi məcbur etsə də, 695 metrlik telefon kabelinin oğurlanmasında iştirak etməməliydi. Mövzuya toxunmağımızın səbəbi başqadı. Onu bu yola əl atmağa sövq edənlərin çirkin əməlini üzə çıxarmaq, bununla da Muxtarovun haqqının tapdanmasını, kimlərinsə rəhbər postdan sui-istifadə etməsini sizlərə çatdırmaq istəyirik.
Heç yerdə görünməmiş tələb, ya da oğurluğa aparan yol
Ötən sayımızda da xəbər verdiyimiz kimi, Nicat bu əməli ötən mövsümün 26-cı turundan sonra İntizam Komitəsinin kluba kəsdiyi 3200 manatlıq cəriməni ödəmək üçün törədib. Yaxın çevrəsindəkilərdən borc pul tapa bilmədiyinə görə çıxış yolunu oğurluq etməkdə görüb. Futbol oynayıb, pul qazanması üçün həmin cərimə ödənməliydi, başqa çıxış yolu qalmamışdı. Birinci sual yaranır: kluba kəsilən pul cəriməsini niyə məhz futbolçu ödəməliydi? Ayda 1100 manat maaş alan biri 3200 manatı hardan tapıb gətirməliydi? Hakimləri söyüb, olduqca böyük səhv edib. Buna görə klubun daxili intizam məcəlləsində xüsusi cəza-cərimə tədbiri olmalıdı və futbolçu da əməlinə görə cavab verməlidi. Lakin heç bir halda “3200 manatı ödəməsən, futbol oynamayacaqsan” faktı ilə qarşı-qarşıya qoyula bilməz. Məsələn, bir neçə ay öncə banklardan birinə olan borcumu ödəyə bilmədiyimə görə bank rəhbərliyi bəndənizə görə məhkəməyə müraciət etmişdi. Məhkəmədən çağırdılar, durumu izah etdim, bir-birimizi başa düşdük. Nəticədə hər ay aylıq maaşımdan 40 faiz tutulmasına dair qərar qəbul edildi. Amma bir nəfər demədi ki, sənin ailə vəziyyətin, gündəlik xərclərin bizi maraqlandırmır, gətirib 1200 manatın hamısını ödəməlisən. Etməzdilər də. Qanunvericiliyə ziddi, insan haqlarının tapdanması deməkdi. Di gəl, “Sumqayıt” rəhbərliyi lotu prinsiplərinə söykənərək 22 yaşlı gəncə “get, hardan olsa, tap gətir” müraciətində bulundu. Və daha bir maraqlı məqam: İntizam Komitəsi kluba 3200 manat cərimə kəsəndə “Sumqayıt”ın apellyasiya şikayəti etməməsi. Başqa klublar 1000 manata görə hay-küy saldığı halda, “kimyaçılar”ın susmasının və məbləğin azaldılması yönündə çaba göstərməməsinin səbəbi məlum olur. Çünki o pulu Nicat Muxtarov cibindən ödəməliydi.
Klub rəsmiləri “lotu” prinsipiylə danışırdı
İndi “Sumqayıt”dan heç kim çıxıb deyə bilməz ki, biz Nicatdan 3200 manat tələb etməmişik. Ya da klub özü həmin paranı ödəyəcəkdi. Çünki bununla bağlı əlimizdə kifayət qədər faktlar var. Fakt dediyimiz, İntizam Komitəsinin məlum qərarının ertəsi baş məşqçi Samir Abasovun sportal.az saytına açıqlamasında dilinə gətirdikləridi. Buyurun, tanış olun: “Canı çıxacaq, cəriməni özü ödəyəcək. Həmin matçda hakim qarşılaşmanı yüksək səviyyədə idarə etdi. Bu, yolverilməzdi. Düzdü, son dəqiqələr idi, hamı gərgin idi, qapımıza penalti təyin edilmişdi. Amma bu o demək deyil ki, sən ağzına gələni danışmalısan. Buna gərək yox idi. Özü ödəyəcək həmin cəriməni. Bu da ona dərs olacaq. Bizim heyətdə təcrübəli futbolçular da var. Onlar məyus halda kənarda sakit dayanmışdılar. Nicat da özünü qat-qat təcrübəli futbolçu kim aparmalıydı. Bundan sonra Nicat Muxtarova bu böyük dərs olar”.
Bəli, Samir bəy, dediyiniz kimi, bu ona dərs oldu. Həm də necə lazımdı. 3200 manatı ödəyə bilmədiyinə görə futbolçunuz oğurluğa əl atdı. Halbuki o pulu Nicat yox, klub ödəməliydi. “Sumqayıt”ın meneceri Ceyhun Sultanovun qəzetimizə verdiyi açıqlamada səsləndirdiyi fikirlər də baş məşqçinin mövqeyi ilə eyni idi: “İntizam Komitəsinin qərarı ilə tanışıq. Muxtarov belə gərgin, komandanın hər xal uğrunda ölüm-dirim savaşı apardığı məqamda lazımsız hərəkətlə tək özünü yox, bütün kollektivi pis vəziyyətdə qoydu. Rəhbərlik də Muxtarovla bağlı ölçü götürəcək. Qərardan apellyasiya şikayəti vermək niyyətimiz yoxdu. Futbolçu etdiyi günahın bədəlini ödəməlidi. Bizim komandada nizam-intizama xüsusi diqqət verilir. Təsadüfi deyil ki, bu mövsüm “Sumqayıt” premyer-liqa təmsilçiləri arasında ən az vərəqə alan komandalardan biridi. Muxtarov oyun epizoduna görə cəzalansaydı, onu hardasa bağışlamaq olardı. Meydandan kənarda baş verən olaya görə klub cərimə ödəmək fikrində deyil. Nicat xal itkisinə meydanda yaşananlara görə əsəbləşmişdisə belə, hakimləri təhqir etməməliydi. Guya bununla nəyə nail oldu? Bəzən bizim gənc futbolçular düşünmədən addım atır. Sonra da peşmanlıq hissi keçirirlər. Söyüş söyüb, etik qaydaları pozubsa, cəriməni də buyursun, öz cibindən ödəsin. Ona görə belə edirik ki, ikinci dəfə bu səhvə yol verməsin. Yenə təkrarlayıram: "Sumqayıt"da nizam-intizama xüsusi fikir verilir. Nicatın özüylə çox ciddi söhbətimiz olacaq. Ancaq onu heyətdən kənarlaşdırmaq fikrimiz yoxdu. Muxtarovun klubla müqaviləsi var”.
Bu da Ceyhun bəydən növbəti əndrabadi açıqlama. Ömrünün yarısından çoxunu futbola həsr etmiş, neçə-neçə aparıcı klubun formasını geymiş hazırki klub rəsmisi, görəsən, işə belə yanaşmanı harda görüb? Hansı klubda 1100 manat alan futbolçuya 3200 manatı ödətdiriblər? Futbolçu hardan tapıb gətirib o pulu? Məsələnin çox sadə həlli yolu vardı. Məbləği klub öz cibindən ödəyərdi və hansısa hissəsini Muxtarovun aylıq maaşından çıxardılar. Amma bunu düşünən olmayıb. Cəzası cari mövsümün 2-ci turunda başa çatsa da, 5-ci tura qədər əsas komandada meydana çıxmaq imkanı qazanmayıb. Çünki cərimə ödənilməmişdi.
Ceyhun Sultanov suallar qarşısında susdu
Dünən bir çox suallara aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Həmkarımız suallara cavab verə bilməyəcəyini deyib, Ceyhun Sultanovu işarə verdi. Menecerlə söhbətimiz geniş alınacaqdı, amma baş tutmadı. Məsələn, klubun həmin vaxt apellyasiya şikayəti verməməsinin səbəbini soruşacaqdıq. Nicatın pulu öz cibindən ödəməli olduğunu apreldə yox, niyə məhz indi diqqətinə çatdırılması ilə maraqlanacaqdıq. Hansı qanuna əsasən kluba kəsilən cərimənin futbolçu tərəfindən ödənilməsini soruşacaqdıq. Xəstə olduğu deyilən Nicat Muxtarova son bir neçə gündə klubdan bir nəfərin baş çəkməməsinin səbəbini öyrənəcəkdik. Baş vermiş hadisədə klub rəsmilərinin özlərini nə dərəcədə günahkar bildikləri da maraqlı idi. Dəstəyi qaldıran Sultanov bir-iki sualla tanış olandan sonra cavabı belə oldu: “Bu dəqiqə danışmaq, ətraflı izah vermək halında deyiləm. Başımız məlum məsələyə qarışıb. Görək nə edə bilirik. İşlər qurtarsın, hər şey bəlli olsun, ondan sonra detallarla ətraflı söhbət edərik”.
Tural Əsgərov “açdı sandığı, tökdü pambığı”
Klub rəhbərliyinin məlum tələbindən sonra Nicatın ağız açdığı, kömək umduğu əsas adam vaxtilə “Rəvan”dan “Sumqayıt”a keçidində vasitəçilik etmiş Tural Əsgərov olub. Belə vəziyyətdə təcrübəli agentin bildikləri, düşündükləri də maraqlıdı. Əsgərovun dedikləri ilə tanış olandan sonra təxminlərinizdə şübhə yeri qalmayacaq: “Nicatı çoxdan tanıyıram, necə biri olduğuna yaxşı bələdəm. Ona görə də hadisəylə bağlı məlumat alanda inanmadım, çox təəssüfləndim. Onunla həbs olunmamışdan 2-3 gün əvvəl, səhv etmirəmsə, sentyabrın 15-də danışmışdım. Futbolçu ilə aramızdakı müqavilənin müddəti başa çatsa da, bəzi məqamlarda məndən məsləhət alırdı, kömək umurdu. Məsələnin nə yerdə olduğunu mənə danışdı. Dedi ki, 3200 manatı ödəməsəm, əsas komandaya qoşula bilməyəcəm. Həmin vaxt ölkə xaricində olduğumu bildirib, yalnız Bakıya qayıtdıqdan sonra problemin həllinə kömək edə biləcəyimi söylədim. Hətta özü də 3200 manatın maaşından hissə-hissə tutulmasına razı idi. Sizə açıq deyim, Nicat “Sumqayıt”a gəldiyi gündən ordan ayrılmaq istəyirdi. Həm az oynayırdı, həm də özünə olan münasibətdən razı deyildi. Sonuncu dəfə xaricdə olanda cəriməylə bağlı Ceyhun Sultanovla danışmışdım. Ölkəyə qayıtdıqdan sonra üzbəüz söhbət etməklə bağlı razılığımız olmuşdu. Mənim və futbolçunun təklifi klubun 3200 manatı ödəməsi, sonradan Nicatın əməkhaqqından hissə-hissə çıxılması ilə bağlıydı. Sultanovun dediyinə görə, klubun əsas himayədarı Muxtar Babayev göstəriş verib ki, bu məsələyə görə “Sumqayıt” pul ödəməsin. Bu isə o deməkdi ki, Nicat hardan olsa, pulu tapıb özü ödəməliydi. Halbuki bu absurddu. Belə hal ancaq Azərbaycan futbolunda baş verə bilər. Çünki futbolçuların hüquqları qorunmur, klubların böyük əksəriyyəti AFFA-ya bağlıdı. AFFA-da müştəri futbolçularımla bağlı iki mübahisəli işim olub. Birində udmuşam, digərində uduzmuşam. Açıq deyə bilərəm ki, AFFA necə istəyirsə, özlərinə necə uyğundusa, məsələ elə həll olunur. Hansı tərəfin düz olmasının əhəmiyyəti yoxdu. Nicat bu durumla üzləşəndə FİFA-ya şikayət edə bilməzdi. Çünki ilk növbədə yerli futbol assosiasiyasına müraciət etməlidi. AFFA-nın qərarı futbolçunu qane etmədiyi təqdirdə, Beynəlxalq İdman Arbitraj Məhkəməsinə üz tutur. Ora şikayət etmək üçün isə külli miqdarda rüsum ödəməlisən. FİFA ancaq beynəlxalq şikayətlərə baxır, yəni legionerlərin müraciətinə. Nicat AFFA-ya müraciət etsəydi belə, xeyrinə qərar çıxarılacağı inandırıcı deyildi. Bizdə müqavilələrin hüquqi qüvvəsi boş, mənasız şeydi. Açığı, Nicat mənə pula görə ağız açmamışdı. Sadəcə, vəziyyətin nə yerdə olduğunu bildirib, kömək etməyimi xahiş etmişdi. Klub rəsmiləri ilə görüşsəydim, birinci onu deyəcəkdim ki, klubun qaydaları qanunvericiliyə zidd ola bilməz. 1100 manat maaş alan futbolçuya “get, 3200 manat gətir” demək absurddu. İlk mərhələdə heç kimə şikayət etməyəcəkdik, klub rəhbərliyi ilə ortaq dil tapmalıydıq. “Neftçi”ylə oyunda adı protokola salınmayandan və ona pul tapıb gətirməsiylə bağlı göstəriş veriləndən sonra Nicat deyirdi ki, mən məşqlərə getməyəcəm”.
Futbolçular Birliyi Muxtarova kömək edə bilərmiş
Azərbaycan Futbolçular Birliyinin (AFB) sədri Musa Qurbanovla danışmağı lazım bildik. Hər halda, AFB-nin bu məsələ ilə bağlı mövqeyi də maraqlıdı: “Açığı, yaranmış vəziyyətlə bağlı Nicat bizə müraciət etməmişdi. Bu haqda hadisə baş verəndən sonra xəbər tutdum. Hər klubun daxili intizam qaydaları var. Məsələn, elə klublar var ki, futbolçu bilərəkdən cəzalanıb, ya da cəriməyə məruz qalırsa, buna görə maaşından müəyyən qədər çıxılır və ya əvəzedici heyətə göndərilir. Amma 1100 manat maaş alan futbolçudan 3200 manat tələb etmək… Nə bilim, vallah... Amma bütün bunlar Nicatın oğurluq etməsinə haqq qazandırmır. Düzünü desəm, AFB-nin adı var. İndiyə qədər heç bir futbolçu birliyə üzv yazılmaqla bağlı müraciət etməyib. Adicə futbolçuların 90 faizinin fərdi müqaviləsi, agenti yoxdu, hüquqlarından bixəbərdilər. Futbolçu bizə müraciət etməyəndən sonra gedib yaxasından yapışası deyiləm ki, sənə kömək edim. Amma Nicat müraciət etsəydi, hansısa mənada kömək göstərə bilərdik. Ən azı məsələni AFFA qarşısında qaldırıb qanun çərçivəsində həllinə çalışardıq. Birliyin üzvü olmasa da, kömək etmək, əl tutmaq borcumuzdu”.
Göründüyü kimi, bu məsələdə çoxlu qaranlıq məqamlar var. Futbolçu azadlığını itirib və ən azı üç ay səmanı “dəmir barmaqlıqlar” arasından izləyəcək. Suallar isə çoxdu və biz onlara cavab tapmağa çalışacağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar