Qurban Qurbanov: “Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı”
Mövsümün erkən başa çatdırılması, bununla da “Qarabağ”ın çempion elan olunub, Çempionlar Liqasında iştirak imkanı əldə etməsindən sonra baş məşqçi Qurban Qurbanova ünvanlanacaq sualların sayını artırmışdı. Xüsusən də komandanın hazırlıq planı, transfer çalışmaları mövzusunda. “Qızıl”la bağlı düşüncələrini dilə gətirən Qurbanov daha sonra maraqlı məqamlara toxundu: “Kubok və medalımıza qovuşduğumuza görə sevinirik. Çox istərdik ki, daha fərqli şəraitdə olsun. Vəziyyəti çox gözəl başa düşürük, durum yaxşı deyil. Ölkəmizdə virusun yayılması artıb. Bu şəraitdə olsa belə, medallarımıza qovuşduq. Bu çempionluqda klubda hər kəsin böyük əziyyəti oldu. Hər kəsi təbrik edirəm. İstərdik ki, kuboku azarkeşlərin önündə qaldıraq. Lakin onlar istənilən halda bizimlədilər. Hamısına təşəkkür edirəm. 8 oyunu keçirmədik, amma istənilən qərara hörmətlə yanaşırıq.
- Əsas məqam, transferlərlə bağlı məsələ nə yerdədi?
- Bir mərkəz müdafiəçisi ilə razılıq əldə etmişik. Sadəcə, bu duruma görə Kevin Medinanı hələ Bakıya dəvət edə bilmirik. Futbolçunun özü və klubu ilə heç bir problem yoxdu. Ola bilər ki, transferlər bir az geciksin. Ancaq istədiyimiz oyunçuları gətirə biləcəyimizi düşünürük. Çətin dönəmdi. Razılaşsaq belə, məlum məsələyə görə istədiyimiz oyunçuları tez gətirə bilmərik. Gedənlərə gəlincə, Rəşadla futbolçu kimi yollarımızı ayırdıq. Əvvəl də demişdik ki, Rəşadın son mövsümüdü. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindi. Əvvəldən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını btirmək istəyirdi, mən qoymamışdım... Buna qədər Maqaye Geye də getmişdi. Bu gün isə daha 3 futbolçu ilə yollarımızı ayırdıq. Daha doğrusu, tədbirdən bir az əvvəl məsələyə nöqtə qoyduq.
- Kimlərdi?
- Vaqner da Silva, Aylton Silva və Rerras Faysalın müqavilə müddəti başa çatmışdı. Hər birinə göstərdikləri xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzuladıq. Qalanları ilə də danışıqlarımız olacaq.
- Rəşad Sadıqov məşqçi kimi yanınızda qalacaq?
- Bu suala konkret cavab verə bilməyəcəm. Bir qədər vaxt lazımdı ki, hər şeyi götür-qoy edək. Bir yerdə olmağımızı, işləməyimizi istəyirəm. Qoy bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik.
- Yaxşı tanıdığınız futbolçulardan hansısa biri “Qarabağ”a qayıda bilər? Konkret adlar deyirəm: Riçard Almeyda, Pedro Enrike, Vild-Donald Gerye...
- Bu mövzu ətrafında rəhbərliklə görüşümüz, danışığımız olmayıb. Həmişə bir işi tam başa vurmağı, daha sonra növbəti addımları müzakirə etməyin tərəfdarı olmuşam. Pandemiya hamıya böyük zərbə vurdu, bütün klublara. Əlbəttə, bizə də təsiri var. İstənilən halda, komandanı qoruyub saxlamağa çalışırıq. Futbolçuların qayıdışı olub, yenə olacağını desəm, doğru olmaz. Bəlkə də gələcəkdə mümkün oldu. Hadisələrin axarına baxacağıq.
- Ölkə xaricinə yollanmaq mümkün deyil. Bu mənada hazırlıq planları necə olacaq?
- Çox çətin dövrdü. İki gün əvvəl, İcraiyyə Komitəsinin qərarlarından öncə planlarımız başqa idi, indi tam fərqlidi. Heç gözləmirdik ki, yenidən belə karantin olsun və avqustun 1-nə kimi uzansın. Çox çətin dövrdü. Son oyunumuzu martın əvvəlində oynamışıq. O vaxtdan iki yoxlama matçımız olub. Avqustun 17-18-də Çempionlar Liqasında ilk oyunumuz olacaq. Ona qədər hazırlaşmağımız çox çətindi. Bunun üçün yaxşılığa doğru dəyişiklik olmalıdı. Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı. Ölkə xaricinə çıxmasaq belə, burda hazırlıq keçmək mümkündü. Digər komandalarla, avrokuboklarda iştirak edəcək təmsilçilərimizlə yoxlama oyunları keçirməyimiz mümkündü. İnanıram ki, ayın 5-dən sonra belə şərait yaradılar. Alınmasa, tam fərqli şeylər düşünməliyik. Avrokuboklarda oynayacağıqsa, düşünürəm ki, Azərbaycan komandalarına heç olmasa, Bakıdan kənarda şərait yaradılacaq.
- Legionerlərin ailələrinə baş çəkməsi, yollarınızı ayırdığınız futbolçuların sərhədləri aşması üçün hansısa iş görülür?
- Bir neçə günə bu haqda klub tərəfindən məlumat veriləcək. Bəzi futbolçuların ölkədən çıxmasına kömək etməliyik. İcazə olmadıqca burda qalacaqlar. İmkan olduqca məşq edəcəklər. Elə durumdu ki, səbirli olmalıyıq. “Mütləq evə getməliyəm” kimi bir şey yoxdu. Çətinlik var, ən yaxşısını etməyə çalışacağıq. Fürsətdən istifadə edib, burda iştirak etməyən başqa jurnalistlərə salamlarımı çatdırın. Mövsümboyu hamının əziyyəti olub, hər birinə təşəkkürümü bildirirəm. İnaşllah, yenə hamımız bir yerdə olarıq.
HƏBİB