“AFFA 2019-cu ilin yayından bu yana hakimlik edən şəxslərə pul verəcək”
AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Departamentinin avstriyalı rəhbəri Frits Stuxlik ölkəsinin mətbuatına danışıb. 54 yaşlı mütəxəssis müsahibəyə koronavirusla bağlı Bakıdakı mövcud vəziyyətə toxunmaqla başlayıb.
- Pəncərədən baxanda Xəzər dənizinin sahilində yalnız qolf maşını ilə hərəkət edən polisləri görürəm. Bakıda açıq otellər çox azdı. Onların bəziləri xəstəxanalar dolacağı halda potensial xəstələr üçün təcili yardım otaqlarına çevrilib. İctimai həyat tam dayanıb. Nəqliyyatın yalnız icazə verilən bir hissəsi nəzarət postları olan şəhər küçələrində hərəkət edir. Fevralın sonunda UEFA-nın seminarına qatılmaq üçün Vyanada olmuşdum. Yenidən vətənimə nə vaxt qayıdacağını bilmirəm. Hazırda şüarım belədi: gözlə və gör!
- Xarici İşlər Nazirliyi bütün avstriyalıları ölkəyə qaytarmağa çalışır. Siz niyə hələ də Bakıda qalmısız?
- Burda iki məqam var. Birincisi, Avstriyaya qayıtsam, 2 həftəlik karantində olacam. Sonra yenidən Azərbaycana gəlsəm, məni 14 günlük və ya daha uzun müddətlik karantin gözləyir. İkincisi, futbol yenidən başlasa, Azərbaycanda olmalıydım. Çünki AFFA qarşısında öhdəliklərim var.
- Hökumət və ya səfirlik ilə əlaqə saxlayırsız?
- Avstriyanın Bakıdakı səfirliyi daim mənimlə əlaqə saxlayır və bütün lazımi məlumatları alıram. Səfirlik əla işləyir. Hamı əlindən gələni edir.
- Azərbaycanda koronavirus hansı sürətlə yayılır?
- Son hesabatlar elə də narahatedici deyil. Hər gün təxminən 50 yeni yoluxma halı qeydə alınır. Əhalisi 10 milyondan çox olan ölkə üçün bu, dramatik göstərici deyil. Bununla belə, hökumət yoluxmanın arta biləcəyindən narahatdı və bir sıra tədbirlər görülüb. İdman və başqa tədbirlərə qoyulan qadağalarla yanaşı, sistem əhəmiyyətli işlərdə çalışmayan insanların işə getmələrinə icazə verilmir. Ölkədə karantin rejimi tətbiq olunur. Yaşayış yerinizi SMS-lə əvvəlcədən qeydiyyata alındıqdan və sonrakı icazədən sonra tərk edə bilərsiz. Şərtlər çox sadədi. Gün ərzində yalnız bir dəfə 2 saat ərzində marketə gedə və ya yarım saat gəzə bilərsiz. Bu müddətdə həmçinin tibbi yardım almaq, həkimə və ya aptekə getmək olar. SMS-ə dərhal cavab verilir və ondan küçədə polis sizi saxlayarsa, yoxlamaq üçün istifadə olunur.
- Premyer-liqa və birinci divizionda neçə oyun qalıb?
- Premyer-liqada hələ 8 tur var. Həmçinin ölkə kubokunun yarımfinal və final matçları da qalıb. Oyunların hansı şəraitdə keçirilməsi haqda nəsə demək çətindi. Turnir cədvəlində komandalar bir-birinə yaxındı. Demək olar ki, "Qarabağ" son 6 ildəki kimi çempion olacaq. Bu komandanı “avrokubok zonası”nda yer alan "Neftçi" və "Keşlə" izləyir. Bu mövsüm premier-liqanı tərk edən olmayacaq. Çünki növbəti mövsümdən komanda sayını 8-dən 10-a yüksəltməyi planlaşdırırlar. Çempionatı bərpa etmək mümkün olmasa, bu, əslində yaxşı məqamdı.
- Çempionatlarda yaranmış məcburi fasilə hakimlər üçün hansı çətinlikləri yaradır?
- Çatışmazlıqlardan biri budu ki, futbol sahəsində çalışan hər kəs qarşılaşmaları izləməyi və oyunlarda iştirak etməyi sevir. Əlbəttə, hakimlərin də problemləri odu ki, hazırkı məqamda yalnız məhdud çərçivədə məşq edə bilirlər. Onlar xoşbəxt deyillər. Çünki idmanla məşğul olmağı sevirlər və həftədə 3 dəfə məşq edirdilər. Həmçinin həftədə bir dəfə texniki təlim keçməliydilər. Hazırda isə bütün bunlar tətbiq olunmur. Videokonfrans formatında fərdi məşq edirlər və ya texniki təlim olur. Azərbaycanda hakimlər müqavilə bağlamırlar. Onların 95 faizi qonorar hesabına dolanırlar. Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdi ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır. Bundan başqa, AFFA 2019-cu ilin yayından bu yana hakimlik edən şəxslərə pul verəcək. Hətta bu, o vaxtdan oyun idarə etməyənlərə də şamil olunur. Çünki çempionatların dayanması onların günahı deyil.
- Premyer-liqanın bərpası üçün telekanallar qarşısında hansısa öhdəliklər var?
- Azərbaycanda teleyayın məsələsi çempionatın bərpası üçün həlledici amil sayılmır. Yeganə sual insanların kütləvi şəkildə bir yerə toplaşacağı halda Azərbaycan hökumətinin təhlükəni necə qiymətləndirəcəyidi. Buna baxmayaraq, açıq söyləmək lazımdı ki, əvvəlki turlarda çempionat oyunlarını izləyənlərin sayı çox deyildi və gələcəkdə də bunun əhəmiyyətli dərəcədə artmayacağı dəqiqdi. Problem ondadı ki, futbol kimi komanda oyunlarında fiziki təmas olur, bu isə yoluxma riski deməkdi. Müvafiq qurumlar vəziyyəti qiymətləndirib futbol federasiyasına bildirəcək. Hazırda məsələ açıq qalır, həll yolu yoxdu. Ona görə də AFFA həftənin sonunda nə olacağını gözləyir. Bu vaxta qədər ölkədə karantin rejimi qüvvədə olacaq. Aprelin 19-dan sonra ölkədəki vəziyyət nəzərdən keçiriləcək.
- Pandemiyaya rəğmən, Belarus və Tacikistanda çempionat keçirilir. Azərbaycanda bu necə qəbul olunur?
- Həmin ab-havanı hiss edirəm. Çünki evimdəki telekanallardan biri Belarus çempionatını canlı göstərir. Həftəsonu iki oyuna baxdım. Onların sayəsində futbolu yaşayırıq. Amma düşünmürəm ki, bu, Azərbaycan üçün nümunə ola bilər. Futbolun dayandırılmasına gəlincə, AFFA bu məsələdə çempionatlarını müvəqqəti olaraq təxirə salan UEFA-ya üzv digər ölkələrdən nümunə götürdü. İnanmıram ki, virus Belarus, Tacikistan və ya Türkmənistanın sərhədlərini keçə bilmir. Lakin hər bir ölkə qərar verməkdə sərbəstdi. İnanıram ki, Azərbaycan ilk növbədə insanların sağlamlığını qoruyan Avropa yolunu izləyəcək.