Region Liqasında növbəti tura yekun vurulub. Ötən həftədən fərqli bu dəfə heç bir zonada sensasiya qeydə alınmayıb. Cənub zonasında isə bir matç təxirə salınıb. Bu, "TST Astara" - "Ümid" (Cəlilabad) görüşüdü. Təxirəsalmaya səbəb meydan sahiblərinin təcili tibbi yardım maşını təskil etməsinin qeyri-mümkünlüyü ilə bağlı olub. Məlumdu ki, Astara İranla sərhəddi və koronavirus təhlükəsinə görə bütün təcili tibbi yardım maşınları ora cəlb edilib. Hazırda cənub zonasında liqanın keçirildiyi bölgələrdə bu məsələylə bağlı problem yoxdu. Sadəcə, hansısa komanda təxirəsalmayla bağlı müraciət etdikdə təşkilatçılar mövcud durumu nəzərə alıb, səbəbi müəyyənləşdirdikdən sonra qərar verirlər. Təşkilatçılar artıq bu ay ilkin mərhələ oyunlarının başa çatacağını və pley-off iştirakçılarının müəyyənləşəcəyini nəzərə alaraq, Astaradakı matçın vaxtını qısa müddətdə təyin etməyə çalışacaqlar. Zonanın lideri "Alyans" isə növbəti qələbəsiylə ilk pillədəki mövqeyini daha da möhkəmləndirib. Lənkəran təmsilçisi səfərdə “Neftçala”nın qapısından iki cavabsız top keçirib. 32-ci dəqiqə Ümid Hüseynov, 62-ci dəqiqədə isə Elvin Mirzəyev meydan sahiblərini mərkəzə dəvət ediblər. Uzun müddətdi qələbəyə həsrət qalan “Ərkivan” da azarkeşlərini 3 xalla sevindirib. Masallı təmsilçisi autsayder “Şıxlar”ı 4 dəfə cəzalandırıb. Hilal Məmmədov 21-ci dəqiqədə oyunda hesabı açıb. Qalan 3 qol isə fasilədən sonraya təsadüf edib. 64-cü dəqiqədə Tayfur İbayev, 11 dəqiqə sonra Əflatun Məmmədov fərqlənib. Son nöqtəni isə Özal Nuri qoyub. Qələbə sayəsində "Ərkivan" turnir cədvəlində 1 pillə irəliləyib.
Neftçala - Alyans (Lənkəran) 0:2
Əkrivan (Masallı) – Şıxlar (Qobustan) 4:0
1. Alyans 12 9 1 2 33-6 28
2. TST Astara 10 6 4 0 30-6 22
3. Ümid (Cəlilabad) 11 5 4 2 21-14 19
4. Ərkivan 12 3 2 7 14-33 11
5. Neftçala 11 1 6 4 12-18 9
6. Şıxlar 12 1 1 10 4-37 4
Bombardirlər: Sergey Markelov, Röyal Nəcəfov (hər ikisi “TST Astara”) – 9, Zaur Nuruzadə (Alyans) – 8.
Mərkəz zonasının lideri "Ağsu Siti" hesabat turunu da qələbə ilə başa vurub. Ağsu stadionunun təmirə bağlanması səbəbindən ev oyunlarını Göyçayda keçirməyə qərar verən komanda “İmişli”ni məhz qonşu rayonun arenasında qəbul edib. “Doğma divarlar”dan uzaq düşmələrinə baxmayaraq, nominal ev sahibləri bu dəfə də rəqibi qol atəşinə tutub. Ağsulular 7 qol vurub ki, onlardan üçünün müəllifi klubun prezidenti Rəmzi Eminli olub. Xatırladaq ki, ötən tur da Eminli “Araz”la matçda het-triklə yadda qalmışdı. Liderin ən yaxın izləyicisi olan “Şamaxı” da “Mil”lə matçda qələbəni bayram edib. Beyləqan komandasının qapısından topları Cavid Heydərovla Ramazan Həsənov keçirib. Liqanın ən zəif komandası olan Saatlı “Araz”ı ötən həftə istirahət edib. Şamaxı - Mil (Beyləqan) 2:0
Ağsu Siti - İmişli 7:0
1. Ağsu Siti 10 9 1 0 51-11 28
2. Şamaxı 10 7 2 1 30-6 23
3. İmişli 9 3 1 5 15-29 10
4. Mil 9 3 0 6 17-31 9
5. Araz 9 0 0 9 19-54 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 11, Elnur Mustafazadə (Şamaxı) – 9.
Qeyd: Aydın Qasımov mövsümün ilk yarısını “Ağsu Siti”nin heyətində keçirsə də, qış fasiləsindən sonra “TST Astara”ya keçib.
Paytaxt regionu, Şimal zonasında keçirilən oyunlarda da gözlənilən nəticələr qeydə alınıb. Ötən tur xal itirən "Uğur" bu dəfə Sumqayıtda “Xudat”la üz-üzə gəlib. Qəzənfər Abbasovun komandası qəsəbə təmsilçisinin daşını daş üstə qoymayıb. Ruslan Poladov, Bayram Nurizadə, Mikayıl Rəhimov və İsa Zeynallının dubl etdikləri görüşdə Nicat Tağıyevlə Məhəmməd Alıyev hərəyə bir dəfə fərqlənib. Onu da qeyd edək ki, cari mövsümün ən böyükhesablı qələbəsi də məhz "Uğur"a məxsusdu. Sumqayıtlılar ilk turda "Qardaşlar"ı 16:0 hesabı ilə yenmişdilər. Qusar “Şahdağ”ı ilə “Şirvanovka” arasında baş tutan derbidə sevinən tərəf birincilər olub. Kamran Əlibabayevin çalışdırdığı komanda Kamran Nurəhmədovun yetirmələrinin qapısından 3 cavabsız top keçirib. Qusarın eyniadlı komandası isə Quba "Şahdağ"ı ilə matçdan qalib ayrılmaqla qubalılarla xallarını bərabərləşdirib və bunun sayəsində turnir cədvəlində 3-cü pilləni onun əlindən alıb. Qrupun iki autsayderi – “İrəvan” və “Qardaşlar” paytaxtda qarşılaşıblar. Şamil Qurbanovun het-triklə yadda qaldığı matçda nominal meydan sahibləri 3 xal qazanıb.
Xudat (Xaçmaz) – Uğur (Sumqayıt) 0:10
Şahdağ (Qusar) - Şirvanovka (Qusar) 3:0
Qusar – Şahdağ (Quba) 3:0
İrəvan (Bakı) – Qardaşlar (Bakı) 4:1
1. Şahdağ (Qusar) 11 10 1 0 48-4 31
2. Uğur 11 9 2 0 58-5 29
3. Qusar 10 6 0 4 45-21 18
4. Şahdağ (Quba) 11 6 0 5 23-22 18
5. Şirvanovka 11 5 1 5 28-22 16
6. Xudat 11 2 0 9 14-46 6
7. İrəvan 10 2 0 8 20-44 6
8. Qardaşlar 11 1 0 10 15-87 3
Bombardirlər: İlham Allahverdiyev ("Şahdağ", Qusar) -14, Məhəmməd Alıyev (Uğur) – 10, Coşqun Süleymanov (Qusar), Bayram Nurizadə (Uğur) – 9.
Qərb və Şimal-Qərb zonasında ilk 2 pillənin sahibləri olan Mingəçevir "Energetik"iylə "Şəki" vacib qələbə qazanaraq turnri cədvəlində mövqelərini möhkəmləndiriblər. “Nur şəhəri”nin təmsilçisi ötən tur dincələn "Qoşqar UGİM-2"ni meydana çıxmağa peşman edib. Gəncəlilər 4 qola üzülüblər. “Şəki” isə “Oğuz”u evə əliboş yola salıb. “Halvaçılar”ın heyətində Cavid Nuriyev iki qola imza atıb. Qrupda bu dəfə dincəlmək növbəsi Qazax "Göyəzən"inin olub.
Energetik (Mingəçevir) - Qoşqar UGİM-2 (Gəncə) 4:1
Şəki - Oğuz 3:1
1. Energetik 10 7 2 1 39-10 23
2. Şəki 10 5 2 3 17-14 17
3. Qoşqar UGİM-2 9 3 2 4 18-26 11
4. Göyəzən 9 2 4 3 15-19 10
5. Oğuz 10 1 2 7 11-31 5
Bombardirlər: Zamir Cəlilov (Energetik) – 15, Elçin Süleymanov (Şəki) – 5.
RƏŞAD