Tərlan Əhmədov: “Futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm”
"Keşlə" dünən Antalya təlim-məşq toplanışında ikinci yoxlama matçına çıxıb. Xəbər verdiyimiz kimi, Tərlan Əhmədovun komandası Rusiya premier-liqa təmsilçisi "Arsenal"la görüşüb. Həmin komanda ilə ki, yayda "Neftçi" ilə qarşılaşan Tula təmsilçisi mərhələni adlaya bilməmiş, mübarizəni dayandırmalı olmuşdu. Xatırladaq ki, "Arsenal" Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə hər iki matçda uduzmuşdu - evdə 0:1, səfərdə 0:3.
Dünənki matç Bakı vaxtilə saat 17.45-də başlayıb. "Keşlə" meydana bu "11-lik"lə çıxıb: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 21. Miyuşko Boyoviç, 5. Franko Flores, 2. İlkin Qırtımov, 25. Con Kamara, 7. Tural Bayramli, 11. Ruslan Qurbanov, 10. Sezar Meza Kolli, 22. Əfran İsmayılov, 9. Lorenso Frutos.
Oyunun ilk yarısı qolsuz bitib. Hesabı 70-ci dəqiqədə məhz "Keşlə" açıb. Bakılıların yeni transferi Aleksandr Kristavao fərqlənib. Amma qalan dəqiqələrdə iki qol vuran ruslar əzmkar qələbəyə sevinib.
Tərlan Əhmədovun məğlubiyyətə reaksiyası belə olub: “Komandamın bu gün sərgilədiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər də önəm verməmək lazımdı. Ötən qarşılaşmadan fərqli bu gün daha hərəkətliydik. Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm. İkinci hissənin gedişində əsas heyətin çox hissəsini dəyişdik və bu, tempin düşməsi ilə nəticələndi. Lakin bu hazırlıq matçıdı və belə halları normal qarşılamaq lazımdı. İndiki mərhələdə əsas məqsədimiz komandanın oyununu təkmilləşdirməkdi. Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalı və onları aradan qaldırmalıyıq. İki gün sonra Slovakiyanın “Zemplin” komandasına qarşı oyunumuz var və inanıram ki, daha nizamlı, sürətli və diqqətli oynayacağıq”.
Qeyd edək ki, "Keşlə" təlim-məşq toplanışında ilk görüşünü Almaniyanın 3-cü bundesliqa təmsilçisi “Çikau”ya qarşı keçirib - 1:4.
MİRAĞA