Zaur Həşimov: “İsrarla əcnəbi üstündə dayanılarsa, mən də Prosineçkinin gəlməsini istəyərəm”
Nikola Yurçeviçin millidən göndərilməsindən dərhal sonra idman ictimaiyyətində yığmaya kimin başçılıq edəcəyi müzakirə mövzusuna çevrilib. Əsas məsələ isə bu postun yerli, yoxsa əcnəbi baş məşqçiyə həvalə edilməsidi. Bu günə kimi dəfələrlə milli komandaya həm yerli, həm də əcnəbi məşqçilər başçılıq edib. Elə bu səbəbdən də artıq insanları yığmanı kimin çalışdıracağı maraqlandırmır. Çünki bu günə qədər komandanı nəinki yerli, hətta az qala bütün millətlərdən olan mütəxəssislər çalışdırsa da, heç biri istənilən nəticəni verməyiblər. İndi də yığmanın “sükanı arxasına” istənilən mütəxəssisi gətirsək, yenə də nəyəsə ümid etmək çətindi. Çünki milli komanda ölkə futbolunun siması, güzgüsüdü. Problem də bir baş məşqçi dəyişikliyi qədər sadə deyil. Ancaq hər şeyə rəğmən, dünyadakı bütün komandaların baş məşqçisi olduğu kimi, bizim yığmanın da bir çalışdırıcısı olmalıdı. Yuxarıda da qeyd etdiyimiz kimi, əsas müzakirə mövzusu məşqçinin yerli, yoxsa əcnəbi olmasıdı. Bu məsələdə bəziləri yerli mütəxəssislərə üstünlük verilməsininin vacibliyini vurğulayır. Ona görə yox ki, yerli baş məşqçilər gəlib uğur qazanacaqlar. Sadəcə, onsuz da heç kim bacarmır, əcnəbidənsə, elə özümüzkünün yaxşı olduğunu deyirlər. Biz də millinin gələcək baş məşqçisinin yerli və ya əcnəbi olması ilə bağlı klubları çalışdıran bəzi yerli mütəxəssislərin fikirlərini öyrəndik.
Aftandil Hacıyev: “Məncə, önəmli olan milli komandanın baş məşqçisinin yerli və ya əcnəbi olması deyil. Əsas odu ki, uzunmüddətli bir proqram tərtib edilsin. Bizim yığma o qədər də güclü deyil ki, yerli və ya əcnəbi gəlib bir ilə uğur qazansın. Kim olacaqsa, təcrübəsi, iş prinspi ilə milliyə uyğun biri olmalıdı. Əlbəttə, yerli məşqçi olsa, daha yaxşı olar. Ən azı dil problemi yaşamayacaq. Digər tərəfdən, motivasiya olaraq komandanı daha yaxşı hazırlaya bilər. Məncə, yerli məşqçi bu məqamları daha yaxşı bacarar. Ancaq konkret namizədim yoxdu. Özüm haqda da fikir bildirmək istəmirəm. Buna futbol ictimaiyyəti qərar verər. Açığı, bizdə aşağı yaş qruplarından tutmuş, əsas milliyə kimi proqramlı iş getməlidi. Buna isə azı 5-6 il vaxt lazımdı. Burdan futbolçuların çıxması, karyeralarını ölkə xaricində davam etdirməsi və s… O ki qaldı hansısa rəqibi udmaq, bir oyun qələbə qazanmaq… Bunu onsuz da hər il edirik. Ancaq bu gün istəyirik ki, qazandığımız nəticələr bizi turnirlərə aparsın, biz isə qrupda qalmağa öyrəşmişik. Artıq qrupdan çıxmaq lazımdı. Bu isə bir-iki ilə baş verən iş deyil. Bunun üçün 4-5 il vaxt lazımdı. İstənilən halda, məşqçiyə güvənmək, ona vaxt vermək lazımdı”.
Elmar Baxşıyev: “Mənim üçün milliyə gələcək baş məşqçinin yerli və ya əcnəbi olmasının fərqi yoxdu. Əsas odu ki, gəlişi ilə komandada inkişaf hiss etdirsin. Bunu bacara bilsə, əcnəbi və ya yerli olmasının heç önəmi yoxdu. Bəziləri yerli məşqçinin dil baxımından daha öndə olduğunu deyir. Ancaq mənim üçün futbolun dili eynidi. Dediyim kimi, əsas gəlişi ilə inkişafı, nəyəsə ümidi hiss etdirsin. Çünki hamımız istəyirik ki, milli komanda nəticə qazansın, oyununda inkişaf olsun. Ancaq ümumi götürəndə, klubla yığmadakı iş prinsipi fərqlidi. Baş məşqçi seçəndə bunu da nəzərə almaq lazımdı. Bilirsiz ki, millidə gündəlik iş rejimi olmur. Ancaq bəlli vaxtlarda yığışırlar, komandanı hazırlamaq üçün yetərincə vaxt olmaya bilər. Ona görə də bu məsələlərə çox diqqətli yanaşmaq lazımdı. Ancaq bizim qupdan çıxmağımız daha çox rəqiblərin gücündən asılı olur. Hər halda, elə iş qurmalıyıq ki, ən azı gələcəyə ümid olsun. Burda isə əcnəbi və ya yerli məşqçinin təyinatının önəmi yoxdu”.
Zaur Həşimov: “Açığı, mən milli komandada yerli çalışdırıcının tərəfdarıyam. Çünki yerli baş məşçqi futbolçuları tanıyır, müntəzəm Azərbaycanda olur. Buna görə yerli məşqçi olmasını istəyirəm. Həm də əcnəbi məşqçi gəlib o qədər də böyük nəticələr əldə edə bilmir. Ancaq israrla əcnəbi üstündə dayanılarsa, mən də Robert Prosineçkinin gəlməsini istəyərəm. Ona görə ki, onun dövründə milidə oynayan bütün futbolçular ondan razılıq edirlər. Üstəlik, Prosineçkinin dövründə millinin oyununda canlanma hiss olunurdu. Ancaq ümumilikdə istər klub, istərsə də yığmada çalışan məşqçilərə müəyyən vaxt verilməlidi. Ən azı 3-4 il onlara güvənmək lazımdı. Şəxsən mən millidəki baş məşqçilərin tez-tez dəyişməsinin tərəfdarı deyiləm. Ancaq bizim yığmanın yaxın vaxtlarda qrupdan çıxması inandırıcı deyil. Biz daha öncə çempionatı gücləndirməliyik, rəqabəti bərpa etməliyik, komandaların sayını artırmalıyıq, yerli oyunçuların legioner həyatı yaşamasına nail olmalıyıq. Ondan sonra qrupdan çıxmaq barədə danışa bilərik. Ancaq indiki halda qrupdan çıxmaq barədə düşünə bilmərik. Bu iş tək baş məşqçilik deyil. Baş məşqçi komandada oyun üslübunu, ab-havanı dəyişə bilər. Ancaq ustalıq səviyyəsi, oyunçuların hazırlığı, psixoloji durumu - bunlar sıfırdan başlanılası işdi. Əks təqdirdə mümkün deyil. Bəlkə də kimsə inanır, ancaq mən inanmıram ki, milli komanda yaxın vaxtlarda qrupdan çıxa bilər. Üstəlik, biz aşağı səbətlərdə yer alırıq. Macarıstan, Uels, Xorvatiya olan qruplardan necə çıxa bilərik? Hamısının heyətində Avropa səviyyəli oyunçular var. Təbii ki, bizim belə qruplardan çıxa biləcəyimiz inandırıcı deyil”.
HƏSƏN