“Tobol”un Qazaxıstan premyer-liqasının 28-ci turunda "Jetısu" ilə keçirdiyi oyunun ən yaxşı futbolçuları müəyyənləşib. Yığmamızın qolkiperi Emil Balayev növbəti dəfə ən yaxşılar arasında yer alıb. Qolsuz bitən qarşılaşmada "Jetısu" qapıya 6 zərbə vursa da, Emil hamısını dəf etməyi bacarıb və “quru” seriyasını davam etdirib. 25 yaşlı qapıçı 245 xalla ötən turda olduğu kimi 3-cü yeri tutub.
İspaniya sequndasında isə 9-cu turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Albasete” doğma meydanda “Rasinq”lə qolsuz heç-heçəyə razılaşıb. Eddi 62-ci dəqiqədə oyuna qoşulub. “Albasete” 13 xalla 22 komanda arasında 8-ci yerdədi.
Türkiyə 1-ci liqasında 6-cı turun oyunları başa çatıb. Ufuk Budaklı “Altınordu” evdə “Adana Dəmirspor”un müqavimətini qıra bilməyib – 2:2. Start heyətində meydana çıxan Ufuk sonadək oynayıb, 7-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Altınordu” 5 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Latviya çempionatında 31-ci turun oyunları keçirilib. Vüqar Əsgərovun şərəfini qoruduğu “Liepaya” “Yelqava”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1. Cari mövsümdə 8 qol vuran Vüqar ehtiyatda qalıb. “Liepaya” 32 xalla 9 komanda arasında 6-cı yerdədi.
Rusiyanın gənclərdən ibarət yığmasının məşqçisi Nikolay Koçeşkov 2013-cü ildə Avropa çempionu olan U-17 komandasındakı oyunçuların hazırkı vəziyyətindən danışıb. Mütəxəssis həmin vaxt Rusiyanın U-17 komandasında oynayan Ramil Şeydayev və Moskva "Spartak"ında çıxış edən Ayaz Quliyevi də yada salıb: "U-17-də oynamış Aleksandr Qolovin və Dmitri Barinovdan başqa, Rifat Camaləddinov, Ayaz Quliyev və Anton Mitryuşkin də var. Ramil Şeydayev indi "Dinamo"da oynayır. Komandamızın ən yaxşı bombardiri idi. 5 il bu komandadan istifadə etdik. Onlarla ildə 5-6 dəfə görüşürük".
Qeyd edək ki, Rusiyanın U-17 komandası 2013-cü ildə Avropa çempionu olanda Ramil Şeydayev də heyətdə yer alıb.