Zöhrab Məmmədovun Gürcüstana girişinə qadağa qoyulub
Ardıcıl üç il keçirilən Borçalı Mini Futbol Çempionatı dördüncü mövsümün astanasındadı. Belə ki, həftəsonu mübarizəyə start veriləcək. Turnir hər nə qədər Gürcüstanda yaşayan soydaşlarımızı bir araya gətirmək məqsədi ilə təşkil olunsa da, ölkəmizdə də bu yarışa maraq olduqca yüksəkdi. Təşkilatçı Zöhrab Məmmmədov yarışın futbol ilə yanaşı, milli ruhun da formalaşmasında böyük payının olduğunu düşünür. O, bu cür çempionatların gələcək nəsillərə Azərbaycanın tarixinə daha yaxşı sahib çıxmasında böyük təsirinin olacağını vurğuladı: “Biz bu yarışı sadə bir futbol çempionatı kimi keçirmirik. Bizim üçün bu turnirin xüsusi dəyəri var. Hər şeydən öncə bu yarışda milli ruh, vətənpərvərlik kimi önəmli duyğuların olduğunu düşünürük. Adımız Borçalı olsa da, bunu bütün ölkəyə şamil edirik. Burda məqsəd Borçalıdan, Gürcüstandan olan azərbaycanlıları bir araya gətirmək, onlar arasında birliyin yaradılmasıdı. Bu yarışda ölkə futbolunun əfsanələri olan Samir Musayev, Elşən Məmmədov, Arif İsayev kimi əslən Borçalıdan olan qardaşlarımız var ki, onlar da bu işə xeyir-dua veriblər. Əvvəllər 28 kənd olurdu çempionatda. Ancaq sonradan bu rəqəm 22-yə, bu il isə 20-yə düşüb. Əslində çempionata qatılan komandaların sayının azalması yarışa marağın az olması ilə bağlı deyil. Əksinə, yarışın və komandaların güclənməsidi. Komandalar A və B liqasında çıxış edəcəklər. Hər liqadan 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Ondan sonra isə 1/4, yarımfinal və final mərhələsi olacaq. Düşünürük ki, bu yarışın keçirilməsi ölkə futbolunun da inkişafında xüsusi rol oynayacaq. Elə təsadüfi deyil ki, hazırda bu çempionatda çıxış edən uşaqlardan ibarət “Borçalı” komandası yaradılıb. Bu komanda ikinci liqada çıxış edir. Hədəf ilk “üçlüy”ə oynamaqdı. Bu işdə bizə dəstək olan AFFA, Futzal Federasiyası və şəxsən Zaur müəllimlə Xosrov müəllimə təşəkkür edirik. Onlar bizə böyük dəstək oldular. Komandamız ikinci liqada həmçinin Gürcüstan azərbaycanlılarının və borçalıların güzgüsüdü. Biz orda öz əxlaqımızla, davranışımızla bir çox komandalara nümunəyik. Bundan başqa, Bakı Futbol Liqasına da qoşulmuşuq. Məqsədimiz orda çempion olub mayda Moskvada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqdı. Təşkilatçı olaraq onu da qeyd edim ki, biz heç kim tərəfindən maliyyələşmirik. Tam öz gücümüzə bu çempionatı keçiririk. Buna rəğmən, olduqca böyük iş gördüyümüzü düşünürəm. Fikrimcə, “Borçalı” komandası istər Gürcüstanda, istərsə də Moskvada özü bir diaspordu”.
Zöhrab Məmmədov gördükləri işin böyük səs-küy doğurduğunu, Gürcüstanda qıcıq yaratdığını bildirdi. Qonşu dövlətdə ona qarşı qara piar başladılıb: “Uzun illərdi ki, Gürcüstanda kəndlərimizin adlarını dəyişiblər. Onlar Faxralını Talaveri, Kəpənəkçi kəndinin adını dəyişərək isə Kvemo–Bolnisi qoyublar. İllərdi bizim olan kəndlərin adının dəyişdirilməsi əslində azərbaycanlılar üçün təhqirdi. Bunun da arxasında çirkin erməni siyasətinin dayandığını bilirik. Ancaq bizim məqsədimiz siyasət yox, futboldu. Buna rəğmən, qonşu ölkədə artıq mənə qarşı qıcıq yaranıb. Bu il iyunun 13-də Gürcüstana gedərkən məni sərhəddə saxladılar. Bildirdilər ki, artıq Gürcüstana girişimə qadağa qoyulub. Halbuki mən öz doğma kəndimdə oyun keçirmək istəyirdim. Əminəm ki, bunu da sapı özümüzdən olan baltalar etdi. Biz, sadəcə, orda azərbaycanlıların birliyini yaratmaq istəyidik. Məqsədimiz həmrəyliyimizi qorumaq idi. Ümummilli liderimizin həmrəylik barədə çox önəmli sözləri var. Bu gün mənim Gürcüstana buraxılmamağıma səbəb milli ruha, milli dəyərə sahib çıxmağımdı. Orda gürcü ağzına gələni danışanda, mən buna göz yummayacam. Onların məqsədi Borçalı adını silməkdi. Ancaq biz buna icazə verməyəcəyik. Biz bu adı sinəmizə, ürəyimizin üstünə yazmışıq”.
Həmsöhbətimiz üzləşdiyi problemlə bağlı Gürcüstanın ölkəmizdəki səfirliyinə müraciət etsə də, soyuq münasibət gördüyünü qeyd etdi: “Məni Gürcüstan səfirliyində çox yaxşı tanıyırlar. Onlara bu barədə müraciət etsəm də, məsələyə çox soyuq münasibət bildirdilər. Açığı, Xarici İşlər Nazirliyinə müraciət etmək istəyirdim. Lakin bunun əlavə problem olacağını düşündüm. Çünki bilirəm ki, biz tərəfdən ora rəsmi müraciət olunsa, adımı Gürcüstanda dərhal separatçı qoyacaqlar. Bu dəqiqə orda vəziyyət çox da yaxşı deyil. Mən də hələ ki odun üstünə benzin tökmək istəmirəm. Bəzi yerlərdən aldığım qeyri-rəsmi məlumatlara görə, cəza müddətim 180 gündü. Bunun da bitməsi təxminən dekabrın 15-nə təsadüf edir. Dekabrın 20-25-i aralığında yenidən Gürcüstana gedəcəm. Həmin vaxt da problem həllini tapmasa, lazımi dövlət orqanlarına müraciət edəcəm”.
HƏSƏN QULUZADƏ