Avqustun 2-də Bakı Olimpiya Stadionunun köməkçi meydançasında Küveytin “Əl Salmiyə” klubu ilə yoxlama oyunu keçirən və qalib gələn (2:1) "Səbail" növbəti sınaq matçını ayın 9-na planlaşdırır. Hələlik rəqibin kimliyi müəyyənləşməyib. Ancaq çətin ki, klubu bu mərhələdə keçirəcəyi yoxlama oyunları ciddi narahat etsin. Əsas məsələ heyətlə bağlı qeyri-müəyyənliklərə mümkün qədər tez aydınlıq gətirməkdi. Bir müddət əvvəl futbolçuları bir araya gətirib mövsüm ərzində maaşların yubanacağı ilə bağlı xəbərdarlıq edən rəhbərlik getmək istəyənlərin yolunda “yaşıl işıq yandırılacağının” anonsunu vermişdi. Odu ki, "yarpaq tökümü" gözlənilən idi. Artıq yay transferlərindən biri, ötən mövsümü "Zirə"də keçirən Dilan Duventru "Səbail"dən ayrılıb. Fransız yarımmüdafiəçinin Cənubi Kipr klublarından biri ilə danışıq apardığı deyilir. Bundan başqa, "Səbail"in futbolçusu Maykl Essyen paytaxt klubundan ayrıla bilər. Bu haqda goal.com saytı xəbər yayıb və Essyendən reaksiya öyrənib. 37 yaşlı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında Cənubi Afrikaya köçmək ehtimalı barədə danışıb: "Cənubi Afrika çempionatı pis deyil. Mən bura gəlmək istərdim. Heç vaxt "heç vaxt" deməməlisən. Seçimləri açıq saxlayıram. Futbolu sevirəm. Bütün həyatım boyunca bu idman növü ilə məşğul olmuşam. Ümumiyyətlə, karyeramı bitirmək barədə düşünmürəm".
"Səbail"lə bu ilin martında 1.5 illik müqavilə imzalayan Essyenlə “Kayzer Çifs” klubunun maraqlandığı iddia olunur. Onu da qeyd edək ki, "dənizçilər"ın baş məşqçisi Aftandil Hacıyev qəzetimizə açıqlamasında Dilan Duventrunun komandadan ayrılması ilə bağlı xəbəri təsdiqlədi: "Duventru dünən düşərgəni tərk etdi. Xidmətində maraqlı olan klubla danışmaq üçün icazə istədi, rəhbərlik etiraz etmədi. Ancaq hələ rəsmən o və başqaları "Səbail"in oyunçusularıdı. Essyenin getmək istəyindən isə məlumatsızam. Rəsmi nəsə olsa, mətbuat xidməti tərəfindən bu haqda açıqlama veriləcək".
MİRAĞA
P.S. "Səbail" Dilan Duventru ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı razılıq əldə edib. Klub saytı vasitəsilə bu barədə məlumat yayıb. Futbolçuya azad agent statusu verilib. "Səbail" Duventruya gələcək karyerasında uğurlar arzulayıb. Dünən həmçinin Bilal Həmdinin Bayıl klubundan ayrılması haqda xəbər yayılıb. Əlcəzairli yarımmüdafiəçi qarşılıqlı razılıq əsasında birillik sözləşməsinə vaxtından əvvəl xitam verib.