Elşad Əhmədov: “Oyun keyfiyyətini yüksəltmək üçün bizə hələ xeyli vaxt lazımdı”
Ayxan Abbasov: “Transfer baxımından elitanın, demək olar ki, bütün klublarından geridəyik”
Yeni mövsümə hazırlığı davam etdirən “Sumqayıt” ötən şənbə “Kapital Bank Arena”da “Sabah”la yoxlama görüşündə üz-üzə gəldi. Qeyd edək ki, bu, “kimyaçıların” mövsümlərarası fasilədə ikinci sınaq matçı idi. İyulun 8-də “doğma divarlar” arasında “Keşlə” ilə qarşılaşan Ayxan Abbasovun komandası paytaxt təmsilçisini 2:1 hesabıyla yenmişdi.
Şənbə günü keçirilən görüşün ilk dəqiqələrindən üstünülüyü ələ alan qonaqlar daha sürətli oyun nümayiş etdirir, daha rənagarəng hücumlar qururdular. Bu da gözlənilən idi. “Tələbələr”in heyəti fərdi ustalıq səviyyəsi rəqibdən daha üstün olan futbolçulardan qurulub. Elşad Əhmədov ilk dəqiqələrdən bu yay komandaya qoşulan Cavid Tağıyev, Məhəmməd Mizəbəyov, Amadu Diallo və Hendrik Eksteyni meydana buraxmışdısa, Ruslan Abışov fasilədən sonra iş başında idi. Bəhlul Mustafazadə və Kevin Kubemba isə, ümumiyyətlə, matçda iştirak etmədilər. Mustafazadə qarşılaşmadan bir gün öncə soyuqladığına görə baş məşqçi onun xidmətindən yararlanmağı lazım bilməmişdi. Kubemba isə yüngül zədəsi olduğuna görə oyunu kənardan izləyirdi. İlk yarının 29-ci dəqiəsində qonaqlar Mehdi Cənnətovun qoruduğu qapıya yol tapa bildilər. Eksteyn komandasını hesabda önə çıxardı. Mirzəbəyovun qapıya paralel ötürməsini “Sumqayıt”ın müdafiəçiləri uzaqlaşdırmayınca, 28 yaşlı vinger cərimə meydançasının daxilindən topu bir toxunuşla tora qovuşdudu.
İlk 45 dəqiqədə meydan sahibləri arabir rəqib qapısı qarşısında təhlükə yarada bilirdisə, fasilədən sonra meydana çıxan gənclər daha çox müdafiə olunmaqla yadda qaldılar. Onların bütün cəhdlərinə baxamayaraq, “tələbələr” 55-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırdılar. Kornerdən Təmkinin asmasını Filip İvanoviç başla dəqiq qapadı. Bu qol həm də matçın yekun hesabını müəyyənləşdirdi - 2:0.
Bu görüş bir daha göstərdi ki, ötən mövsümlə müqayisədə “Sumqayıt” geriyə addım atıb. Düşərgədə gənclərin sayı artsa da, komandanın ümumi oyun keyfiyyəti aşağı düşüb. Xüsusilə yarımmüdafiə zəifdi. Baş məşqçi tezliklə orta xəttə yeni, təcrübəli oyunçular transfer etməsə, “gənclik şəhəri”nin təmsilçisi üçün yeni mövsüm ağır keçəcək. “Sabah”da isə durum fərqlidi. Elşad Əhmədovun sərəncamında yetərincə səviyyəli - istər yerli, istərsə də legioner - futbolçu var. Böyük ehtimalla “tələbələr” bu heyətlə 2019/20 “futbol ili”nin sonunda makafatçılar sırasında yer alacaq.
Oyundan sonra hər iki komandanın baş məşqçisinin fikirlərini öyrənməyi lazım bildik. Bu məqsədlə öncə “tələbələr”in çalışdırıcısı Elşad Əhmədova yaxınlaşdıq.
- Toplanış çərçivəsində artıq ikinci görüşünüzü keçirdiz. Bir neçə gün əvvəl “Zirə”ni, bu gün isə “Sumqayıt”ı məyus etdiz...
- Yoxlama görüşləri təlim-məşq toplanışı dönəmində vacib şərtlərdən biridi. Ancaq belə qarşılaşmalarda hesab o qədər də böyük önəm daşımır. Belə matçlar bizə daha çox çatışmazlıqlarımızı üzə çıxarmaq üçün lazımdı. Bugünkü görüşdə məni hesabdan çox komandanın ümumi oyunu maraqlandırırdı. Birinci hissədən fərqli ikinci yarı bir qədər sönük keçdi. Ola bilsin, fasilədən sonra futbolçular fiziki cəhətdən müəyyən qədər çatdırmadılar. Gələn həftə keçiriləcək məşqlərdə bu yöndə çalışacağıq.
- Daha çox fiziki hazırlığı qabartdız. Belə çıxır ki, komandanız taktiki-texniki cəhətdən artıq istədiyiniz səviyyəyə çatıb.
- Mövsümlərarası fasilədə 7-8 oyunçu komandadan ayrılıb. Onların əvəzinə isə yenilər gəlib. İndi durub yalandan desək ki, taktiki planda hər şey istədiyimiz kimidi, yalan danışmış olarıq. Bu günə kimi taktiki yöndə cəmi iki və ya üç məşqimiz olub. “Sumqayıt”la oyunda futbolçular daha çox fərdi oyunları ilə seçildilər. Komanda kimi oyun keyfiyyətini yüksəltmək üçün bizə hələ xeyli vaxt lazımdı.
- Müqavilə bağladığınız yeni legionerlərın çıxışı sizi razı saldı? Deyəsən, baxışda daha bir qaradərili futbolçu var?
- Fasilə dönəmində kollektivə üç yeni legioner qoşulub ki, onlardan birini yaxından tanıyırsız. Kubemba ötən mövsüm “Səbail”in şərəfini qoruyub. Amadu ilə Hendrik də ilk gündən kollektivə qaynayıb-qarışıblar. İnsan kimi xarakterləri də yaxşıdı. Uşaqlar da onları isti qarşıladılar. Hələ ki optimal formada deyillər. Ancaq məşqlərə ciddi yanaşıb, üzərlərində çalışırlar.
- Bir ara Aleksandr Səmədovun “Sabah”a gələcəyi ilə bağlı söz-söhbət yayıldı. Hətta deyilənlərə inansaq, Səmədovu komandaya gətirmək üçün ayrıca büdcə ayrılıb...
- Bəlkə də mətbuatda belə xəbərlər yayılır. Ancaq ortada konkret heç nə yoxdu. Bu mümkün deyil. Səmədov səviyyəli oyunçudu, Rusiya yığmasının şərəfini qoruyub. Onun “Sabah”a keçəcəyi yalan söhbətdi.
- Komanda Türkiyəyə yollanana qədər vətəndə daha bir yoxlama oyunu keçirməyi planlaşdırırsız?
- Bəli, belə fikrimiz var. İyulun 20-də daha bir yoxlama oyunu keçirmək istəyirik. Ancaq sınaqçı-rəqib tapa bilmirik. Bu üzdən məcburuq ki, ikinci komadamızla qarşılaşaq.
Ayxan Abbasov isə məğlubiyyəti yetirmələrinin ağır fiziki məşqlərdən sonra yorğun olmaları ilə əlaqələndirdi.
- Geridə qalan həftə futbolçular üçün çox ağır oldu. Həftəiçi komanda gündə iki dəfə məşq etdi. Bu matçda onların ağır fiziki yükləmələrdən sonra necə təsir bağışlayacağını görmək istəyirdim. Hər iki hissədə fərqli heyətlə oynadıq. Səhvlərimizi gördük və çalışacağıq çempionatın startına kimi onları aradan qaldıraq.
- Nəticədən başqa nədən narazı qaldız?
- Bəzi futbolçular var ki, xeyli vaxtdı komandadılar, ancaq meydanda istədiyimiz oyun nizam-intizamını qoruyub saxlaya bilmirlər. Bunu düzəltməliyik. Bəzi futbolçulardan soyuqqanlı olmağı tələb etsək də, onu görmürük. Qeyd etdiklərimdən başqa müəyyən məqamlar var ki, məni narahat edir.
- Bu yay heyətə daha çox gəncləri cəlb etmisiz ki, onların da ustalıq səviyyəsi hələ istənilən səviyyədə deyil. “Sabah”la oyun bunu bir daha göstərdi. Təcrübəsizliyi nə ilə “sığortalamaq” fikriniz var?
- Biz yalnız əzmkarlıq hesabına çempionatda nəsə edə bilərik. Özünüz də qeyd etdiz ki, daha çox gənclərə üstünlük vermişik. Bir sözlə, “Sumqayıt”ın yeni mövsümdə əsas silahı əzmkar oyun nümayiş etdirmək olacaq.
- Gəlin etiraf edək ki, əzmkarlığın da müəyyən həddi var...
- Əlbəttə, çətin olacaq. Mən birinci gündən demişəm ki, transfer baxımından elitanın, demək olar ki, bütün klublarından geridəyik. Bunun da səbəbi hamıya aydındı. İmkanımız daxilində komanda formalaşdırmağa çalışırıq. Ancaq asan təslim olmaq fikrimiz də yoxdu.
- Orta sahə çox zəifdi, hücuma yeni futbolçu lazım olduğu görünür. Yarımmüdafiəni gücləndirmək, yeni forvard dəvət etmək fikriniz var? Ötən mövsümün sonunda Pərdis Fərcad-Azadın yenidən “Sumqayıt”a qayıtmaq ehtimalı olduğu deyilirdi. Ancaq forvard “Keşlə” ilə müqavilə bağlamağa yaxındı. Onun transferi niyə baş tutmadı?
- Pərdis maraqlandığımız oyunçulardan biri olub. Ancaq onunla danışğımız olmayıb. “Sabah”la matçda Şəhriyar Əliyev, Peyman Babayi kimi əsas heyət oyunçularımız yox idi. Onların olmaması da özünü göstərdi. Bəli, yarımmüdafiəyə, müdafiəyə futbolçu lazımdı. Bu yöndə işlər gedir və qısa vaxtda boşluqları doldurmağa çalışacağıq. Açığı, bu məndən asılı məsələ deyil. Yenə deyirəm, maddi imkanımıza görə addım atacağıq. Bu gün məni bəzi gənclərin oyunu sevindirir. Onlara yol açmaq da vacibdi. Gəlin bir oyuna görə komanda barədə fikir yürütməyək. Lakin sizin o fikrinizlə razılaşıram ki, çempionatda bizə çox çətin olacaq.
- Türkiyə toplanışında qarşılaşacağınız rəqiblər müəyyənləşib?
- Böyük ölçüdə kimlərlə qarşılaşacağımız bilinir. Ancaq hələ ki oyunları təşkil edən şirkətlə rəsmi müqavilə bağlanmayıb. Ona görə də indi klubların adlarını deməyim düzgün olmaz. Sabah dəyişiklik ola bilər.
- Heç olmasa, rəqiblərin hansı ölkələrdən olduğunu deyə bilərsiz?
- İran, Türkmənistan və Türkiyənin iki klubudu.
- İran və Türkiyə klublarının səviyyəsi bəllidi. Ancaq Türkmənistan... Açığı, bu ölkənin klubu ilə yoxlama oyunu keçirməyiniz bir qədər təəccüblü oldu.
- Qarşılaşacağımız komanda bu ölkənin son çempionudu. Yoxlama görüşləri əvvəlcədən tərtib etdiyimiz plana uyğun gəlməlidi. Yoxlama görüşündə şərt deyil ki, rəqiblərin hamısı güclü olsun. Zəif və bizimlə eyni səviyyədə olan komandalarla da görüşmək işimizə yarayır.
- Bu yay komandaya dəvət etdiyiniz fizki hazırlıq üzər ispan məşqçi Edu Karonun işindən razısız? Onun gəlişi ilə nə dəyişib?
- Biz ötən mövsümdən fiziki hazırlıq üzrə məşqçi axtarışına çıxmışdıq. Son iki ayda Edu ilə danışıqlara başladıq. Onunla söhbət zamanı fikirlərimizin, futbola baxışımızın üst-üstə düşdüyünü gördüm. Bu gün komandanın fiziki durumunu daim diqqətdə saxlamaq üçün polar saatlarla işləyirik. Bu texniki avadanlığın sayəsində hər bir oyunçunun ayrı-ayrılıqda fiziki göstəricilərini dəqiq görürük. Edu da bu sahəni çox yaxşı bilir, onun bizə çox köməyi dəyir.
RƏŞAD