“Qarabağ” diqqətli olmalı, “Səbail” çempionata hazırlaşmalıdı
Hələ iyunun 12-də – avrokubok təmsilçilərimiz üçün atılan püşkdən sonra üzümüz gülmüşdü. “Qarabağ”ın bəxtinə “Partizani”nin düşdüyünü, “Neftçi”nin “Sperantsa” ilə qarşılaşacağını biləndə sevinməmək mümkün deyildi. Əsas narahatlıq “Səbail”ə görəydi ki, beynəlxalq arenada debüt edən “dənizçilər”in “Universitatya” səddini adlaya biləcəyi inandırıcı görünməmişdi. “Qəbələ”nin böyük ehtimalla rəqibi olacağı Tiflis “Dinamo” ilə oyunlarda nə ilə yadda qalacağı isə tapmacadı. Gürcülər heç də keçilməsi mümkünsüz görünən komanda deyil. Üstəlik, bölgə təmsilçisi hamı üçün “sirli qutu”du. “Qəbələ” xaric, qalan üçü cari mövsümdə ilk oyuna çıxdı ki, nəticələr hər birimizə məlumdu.
Qarabağ
Təbii, ağdamlıların Tiranada qolsuz heç-heçəsi ürək açmadı. Mövsüm başa çatandan sonra aparıcı futbolçuların qorunması, yoldaşlıq görüşlərində “Ufa” üzərində qələbə, “Viktoriya” ilə heç-heçə ölkə futbolsevərlərini ümidləndirmişdi. Odu ki, futboldan başı çıxan da, çıxmayan da “köhlən atlar”ın Bakıya qələbə ilə dönəcəyini gözləyirdi. İnsaf naminə, səfərdə hesabın açılmamasının “Qarabağ”ın xeyrinə olduğunu deməliyik. Amma iyulun 17-də “Partizani”nin “Dalğa Arena”da vuracağı 1 qol Azərbaycan çempionuna təhlükə yarada bilər.
Tiranadakı yararsız qazonu və rəqibin təxminən 60 dəqiqə böyük qüvvə ilə müdafiə olunduğunu nəzərə alanda “Qarabağ”ın bu rəqibi Bakıda məğlub edəcəyini proqnozlaşdırmaq çətin deyil. Məlum səbəblərə görə meydana çıxa bilməyən Ayltonla Vild-Donald Geryenin çərşənbə günü oynamağa hazır olması Qurban Qurbanovun üzünü güldürəcək. Bu ikisindən birinin sol cinahda çıxış etməsi, Maksim Medvedevin özünə doğma olan sağ cinaha qayıtması işləri qaydasına salacaq. Hə, azarkeş amilini də unutmayaq. 6700 azarkeş tutumlu “Dalğa Arena”ya azı 6 min nəfər gəlsə, “Qarabağ”lılar əla dəstək hiss edəcək. Bir sözlə, indiki halda şanslar 60-ın 40-a təmsilçimizin xeyrinədi. Onsuz da ağdamlılar avrokuboklara belə hesablarla start verməyə öyrəşib.
Neftçi
Bakılıların mərhələ şansını dəyərləndirmək vaxt itkisindən başqa bir şey deyil. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv ilk oyundaca, həm də səfərdə ortaya qoyduğu futbolla rəqibdən 1 yox, 5 baş üstün olduğunu göstərdi. Düz-əməlli müdafiə oluna bilməyən, kombinasiyalı futboldan xəbərsiz olan “ağ-göylər”in bacardığı tək şey əks-hücumlarda sürətli görünmək idi. Düzdü, hesabın erkən açılması “Neftçi”nin inamlı çıxışına az təsir etmədi. Lap o qol olmasaydı da, “ağ-qaralar” həvəskar komanda təsir bağışlayan rəqibə yerini göstərəcəkdi.
Cavab görüşündə hər şey “Neftçi”nin xeyrinə olacaq. İstər ilk matçın yaratdığı ruh yüksəkliyi, istər doğma, həm də ideal meydan amili, istərsə də azarkeş dəstəyi. Bakılılar bir qədər aqressiv davransalar və növbəti böyükhesablı qələbə haqda düşünsələr, moldavanları darmadağın edəcəklər. Yetər ki, Bordin qorxaq oyun fəlsəfəsinə əl atmasın. “Sperantsa” Bakıda azı 3 qol vurmalıdı ki, bu da mümkünsüz görünür. Mümkün olsa, gərək dünya tərsinə fırlansın. Şanslar 90-nın 10-a təmsilçimizin xeyrinədi.
Səbail
Ciddi heç nə baş vermədi. “Universitatya” bizimkilərdən bütün komponentlərdə üstün rəqib idi deyə, lazım olan qələbəni əldə etməkdə çətinlik çəkmədi. Onsuz da “Səbail” yalnız əzmkarlıq hesabına nəsə edə bilərdi. Elə bacardıqları da sona qədər mübarizə aparmaq, rumınlara rahat davranmağa imkan verməmək idi. Lakin bu da çox çəkmədi. Start həyəcanını üzərindən atan qonaqlar tədricən “oyunun ipini əlinə alıb” meydanda istədiklərini etməklə yadda qaldılar. “Dənizçilər”in yeni transferlərinin özlərini doğrultmadıqlarını hamıdan əvvəl klub rəhbərliyi gördü. Heç yerlilər də onlardan geri qalmırdı.
Ən ürəkaçan mənzərə Ağabala Ramazanovun dubl etməsi idi. Həm azərbaycanlı futbolçunun 2 qol vurmasına sevindik, həm də komandasını darmadağından qurtardı. O qollar olmasaydı, kim bilir, yekunda tabloda hansı rəqəmləri görəcəkdik. Hara fırladırsan-fırlat, futbolda səviyyə fərqi vacib amildi. Bu gün “Universitatya” “Səbail”dən üstündü və növbəti mərhələyə adlamağı haqq edir. Gələn həftənin cümə axşamı azarkeşləri önündə daha inamlı görünəcəklərini deyə bilərik. “Dənizçilər” isə böyük hesabla məğlub olmamaq haqda düşünməlidi. Şanslar? 90-nın 10-a rumınların xeyrinədi.
HƏBİB