Yaşar Vahabzadə Naxçıvana yollanmalı oldu
Srağagün Naxçıvan Muxtar Respublikasının mərkəzi stadionunun inzibati binasında geridə qalan mövsümdə Region Liqasında bürünc medal qazanan “Araz Naxçıvan”nın mükafatlandırma mərasimi keçirilib. AFFA, yerli Futbol Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə komandanın rəhbərliyi, məşqçi və futbolçu heyəti iştirak edib. Tədbiri giriş sözü ilə Muxtar Respublikanın gənclər və idman nazirinin müavini Məcid Seyidov açıb: “Bu gün Muxtar Respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədi. Ali Məclis sədrinin tapşırığına əsasən Futbol Federasiyasının strukturunda dəyişiklik edilib və Muxtar Respublikada futbolun kütləvi hal alması üçün bir sıra tapşırıqlar verilib. Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində bir sıra beynəlxalq və ölkə miqyaslı yarışların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Bakıda keçirilən Region Liqasında Muxtar Respublikanı “Araz Naxçıvan” təmsil edib və böyük uğura imza ataraq bürünc medallara sahib çıxıb. Bütün futbolçuları və məşqçilər korpusunu təbrik edirəm”.
Nazir müavinindən sonra söz paytaxtdan gələn qonağa, AFFA-nın Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Yaşar Vahabzadəyə verilib. Yaşar bəy Naxçıvan rəhbərliyinin futbola böyük diqqət göstərməsindən məmnun qaldığını, Muxtar Respublikada bu idman növünün inkişafı üçün yüksək şərait yardıldığını söyləyib: “Bu gün ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində idmanın inkişafına xüsusi diqqət göstərilir və Azərbaycan dünyada idman ölkəsi kimi ad qazanıb. Hər bir regionda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idman sahəsində qazanılan uğurlar qürurvericidi. Naxçıvanın tarixi futbol ənənələri var və bu ənənə yaşamaqdadı. Həmçinin Naxçıvan “Araz”ı müstəqillik illərində ölkə çempionatında mübarizə aparıb, birinci divizionun qalibi olub. Bu, onu göstərir ki, Naxçıvan hər zaman Azərbaycan futbolu üçün istedadlı futbolçular yetişdirib. İnanıram ki, gələcəkdə naxçıvanlı futbolçular müəyyən yaş qruplarında millimizin heyətinə dəvət olunacaq, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəklər. Region Liqasında da mübarizə aparan “Araz Naxçıvan” kollektivini qazanılan uğur münasibətilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Çıxışlardan sonra Region Liqasında uğur qazanan komandanın üzvlərinə diplom və medallar təqdim edilib.
RƏŞAD