Vəli Qasımov 6, Nazim Süleymanov 7 oyuna bir qol vurub
Srağagün səfərdə “Jöness” ilə qolsuz bərabərliyə razılaşan “Tobol” Avroliqada 2-ci təsnifat mərhələsinə adlamaq şansını saxlayır. Bunun üçün həmyerlimiz Emil Balayev cavab görüşündə də qapısını toxunulmaz saxlamalı, komanda yoldaşları isə onun əziyyətini qollarla “mükafatlandırmalıdı”. Təbii ki, Emil Azərbaycan futbolunun başqa ölkənin komandasının heyətində avrokuboklarda çıxış edən ilk yetirməsi deyil. Tarixə baş vuranda bir çox maraqlı məqamla rastlaşmaq mümkündü. Bu yazıda müstəqillik dönəmi əsas götürülüb. SSRİ dövrünə qayıtsaq, hələ İsgəndər Cavadovun 1982-ci il sentyabrın 15-də UEFA kubokunun 1/32 finalının səfər oyununda Polşa “Şlensk”inin qapısına yol tapmasını xatırlamaq olar.
Vəlinin xaricə yolunu açan qol
1991-ci ildə SSRİ çempionatında 6-cı yeri tutan Moskva “Dinamo”su avrokubokların 1992/93 mövsümündə mübarizə aparan dörd Rusiya klubundan biri idi. “Dinamoçular” UEFA kubokunun ilk mərhələsində evdə “Rusenborq”a 5:1 hesabıyla qalib gələndən sonra səfərdə 0:2 uduzmaqla növbəti mərhələdə “Torino”ya rəqib oldu. Vəli Qasımov norveçilərlə ilk oyunda 90, cavab görüşündə isə 89 dəqiqə (Spanderaşvili ilə əvəzləndi) oynadı. İtalyanlarla səfər oyununda qəhrəmanlıq növbəsi Vəliyə çatdı. “Delle Alpi”də keçirilən və ünlü alman referi Helmut Kruqun idarə etdiyi oyunun 44-cü dəqiqəsində həmyerlimiz hesabı açdı. Entso Şifo 55-ci dəqiqədə italyanları ümidləndirsə də, Vəlinin başladığı hücumu İqor Simutenkov 67-ci dəqiqədə vurduğu qolla bitirdi və demək olar ki, cütün taleyini həll etdi. Cavab görüşündə qolsuzluq və “Dinamo” növbəti mərhələdədi. Maraqlıdı ki, Vəli Turində 89-cu, Moskvada isə 87-ci dəqiqədə əvəzləndi və hər iki halda da erməni Sarkis Ohanesyanla! “Dinamo”nun zəfər yürüşünü heyətində Paulu Souza, Ruy Koşta, Sergey Yuran, Aleksandr Mostovoy kimi ustaların olduğu “Benfika” dayandırdı. Evdə heç-heçə edən (2:2) ruslar səfərdə iki cavabsız qola üzüldü. Hər halda, Vəli bu oyunların ikisində də 90 dəqiqə meydanda oldu. Arxivimə göz gəzdirərkən Pavel Alyoşinin Rusiyanın “Futbol” həftəliyinin 13 dekabr 1992-ci il tarixli sayında cavab görüşü ilə bağlı yer alan aşağıdakı qeydləri diqqətimi çəkdi: “Mövsümün sonunda moskvalılar son tapıntısını – Rusiya çempionatının bombardiri Vəli Qasımovu da itirməli oldu. O, Kobelevlə birgə İspaniyanın ikinci dəstəsinin “Real Betis” klubu ilə ilkin müqavilə bağlayıb. Bu cütlüyün oyununu izləmək üçün Sevilyadan Lissabona az qala “Real Betis”in bütün rəhbərliyi gəlmişdi”.
Mübaliğəsiz demək olar ki, məhz “Torino”nun qapısına vurduğu qol Vəlini 9 il sürəcək legionerlik yoluna çıxardı. Bu müddətdə “Betis”, “Albasete”, “Esixa”, “Setubal” və “İmortal” kimi komandaların formasını geyən Qasımov bir daha avrokuboklarda görünmədi.
Nazim Süleymanov: 7 oyun, 1 qol
Azərbaycan futbolunun daha bir parlaq yetirməsi Nazim Süleymanov isə avrokuboklarda 1993-cü ildə debüt etdi. Onun “Alaniya”sı sentyabrın 15-də səfərdə keçirdiyi ilk oyundan 0:0 ilə qayıdanda çoxlarına elə gəlirdi ki, Dortmund “Borussiya”sının işi bitdi. Amma iki oyunda 180 dəqiqə meydanda olan Süleymanovun və komanda yoldaşlarının fədakarlığına rəğmən, Stefan Şapyuzanın Vladiqafqazdakı görüşün 60-cı dəqiqəsində vurduğu qol yeganə oldu.
Rusiya çempionatının 1994 mövsümündə 5-ci yeri tutan “Alaniya” UEFA kubokunun 1995/96 mövsümündə elə ilk mərhələdəcə “Liverpul”a rəqib oldu. Sentyabrın 12-də Vladiqafqazda keçirilən ilk oyunda Valeri Qazzayev Nazimi meydana buraxmır və “Alaniya” Mircəlal Qasımovla hesabı açsa da, uduzur – 1:2. İki həftə sonra əzəmətli “Enfild Roud” azərbaycanlı futbolçunun ustalığına bələd olsa da, hesab açılmır.
1995-də çempion olan “Alaniya” növbəti yay artıq Çempionlar Liqasında mübarizə aparırdı. Və yenə püşkdə vladiqafqazlıların bəxti gətirmir. Səfərdə keçirilən və Dmitri Kramarenkonun qapını qoruduğu, Nazimin isə 77-ci dəqiqədə əvəzləndiyi oyunda “Reyncers” 3:1 hesabıyla qalib gəlir. Bununla belə, hər kəsə elə gəlirdi ki, cavab görüşündə vəziyyəti dəyişmək mümkün olacaq. Amma ilk 18 dəqiqədə üç qol vuran şotlandlar osetinlərə elə divan tutdu ki, bizlər yalnız 90 dəqiqə oynayan Süleymanovun penaltidən vurduğu qolla təsəlli tapdıq – 2:7. ÇL-dən qovulan “Alaniya” UEFA kubokunun ilk oyununda evdə güclü “Anderlext”i məğlub edə bildi – 2:1. Amma Brüsseldə Valeri Qazzayevin komandası acı məğlubiyyətlə üzləşdi – 0:4. Evdə Nazimi 90 dəqiqə oynadan Qazzayev səfərdə onu ehtiyatda saxladı və yalnız 58-ci dəqiqədə İnal Cioyevin əvəzinə meydana buraxdı. Bu vaxt artıq hesab 2:0 idi, necə deyərlər, “Alaniya” üçün qatar çoxdan getmişdi. Düz iki ay sonra Süleymanov “qızıl oyun”da da əlverişli imkanı boşa verəcək və bununla da onunla Qazzayev arasında münasibətlərdə yaranan çat daha da dərinləşəcəkdi.
...Təbii ki, müstəqillik dönəmində başqa ölkələrin klubları üçün mübarizə aparan azərbaycanlı futbolçuların sırası Vəli Qasımov və Nazim Süleymanov ilə məhdudlaşmır. Dima Kramarenko və başqaları da var. Onlar haqda isə gələn həftə danışacağıq.
HUŞƏNG