Fabreqas azərbaycanlı bərbərə Fransada iş təklif edib
Mayın 29-da Bakıda bütün dünyanın diqqət mərkəzində olan qarşılaşma gerçəkləşdi. Avroliqanın finalında İingiltərənin köklü, tanınmış və Avropanın top-komandası sayılan iki klubu üz-üzə gəldi. “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub etməklə Avroliqanın qalibi oldu. Sırf meydanda olanlar haqda informasiyaları diqqətinizə çatdırmışdıq. Elə oyun günü yaşanan ab-hava ilə bağlı da. Ancaq bəzi məqamlar var ki, diqqətdən yayınmadı. Həmin məsələlərə bir daha nəzər salmağı lazım bildik.
Dünyanın ən yaxşısı Bakıya gəlmişdi?
Avroliqanın finalına maraq böyük idi. Bu üzdən də bir sıra tanınmışlar paytaxtımıza təşrif buyurmuşdu. Bunlardan “Çelsi”nin sahibi Roman Abramoviç, onun həmyerlisi, Hollandiya “Vitess”inin rəhbəri Valeri Oyf, “Yuventus”un prezidenti Andrea Anyelli, həmçinin dünyaca ünlü futbolçular – Rikardo Kuaresma, Sesk Fabreqas, Aleksandr Səmədov, Deku, Luiş Fiqu, Rober Pires həmin gün Bakıda idilər. Bundan başqa, həmin gün UEFA İcraiyyə Komitəsinin iclası da paytaxtımızda keçirildi. Odu ki, qurum üzvləri də ölkəmizə səfər etmişdilər. Hansı ki, sözügedən komitədə yetərincə tanınmış şəxslər təmsil olunur. Finaldan öncə belə bir informasiya da yayılmışdı ki, Luka Modriç də finalı BOS-da canlı izləyəcək. Təbii, 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən xorvat yarımmüdafiəçinin də gəlişi müsbət hal olardı. Sonradan isə məlum oldu ki, Modriç Bakıya gəlməyib.
Fabreqasdan azərbaycanlı bərbərə cəlbedici təklif
Yuxarıda qeyd etdiyimiz kimi, finalı izləmək üçün Bakıya gələn tanınmış futbolçulardan biri də Sesk Fabreqas olub. İspan yarımmüdafiəçi maraqlı addımla diqqət mərkəzinə düşüb. Belə ki, o, saçını Bakıda kəsdirmək qərarına gəlib və İkram Yəhyayevin qayçısının “altına keçib”. Azərbaycanlı bərbər Fabreqasdan cəlbedici təklif də alıb. Yaxşısı budu, İkram bəyin dediklərini diqqətinizə çatdıraq: “Mən “Abşeron” otelində işləyirəm. O da həmin oteldə qalırdı. Mənə inzibatçı yazdı ki, saat 11.45-də futbolçu gələcək. Yer saxladım, həmin saatda gördüm Fabreqas girdi içəri. Özüm futbol azarkeşiyəm, Seski də tanıyram, hansı komandada çıxış etdiyini də bilirəm. Baxdım, təəccübləndim, dedim “hə, odu” (gülür). Oturdu, saçını kəsdim. Bəyəndi. İki saatdan sonra “resepşn”ə zəng edib ki, həmin usta ordadısa, yenə gəlmək istəyirəm. SPA-da olduğu üçün saç düzümü dağılıb. Gəldi, saçını “ukladka” etdim. Razı qaldı, dedi ki, saçım seyrəkdi, sən elə darayırsan, bilinmir. Mənə iş təklif etdi. Dedi, istəsən bilet alım sənə, gəl saçımı düzəlt, qayıt. Ya da ki, gəl Fransada mən sənə salon, şərait qurum, qal işlə. Mənə əvvəllər də xaricdən buna bənzər təkliflər gəlib. Amma məsələnin ciddiliyinə o qədər də varmamışam. Real olsa, gedərəm. Bizim işimiz müştərilərə görə qurulub. Bir daha təklif etsə, gedəcəm... Onunla ingilis dilində danışırdıq. Daha öncə “Qarabağ”ın əcnəbi futbolçularının – Con Delarjla Abdulla Zubirin də saçını kəsmişəm. Dediyim kimi, futbol azarkeşiyəm, uşaqlıqdan “Barselona” fanatıyam. Ölkəmizdə “Qarabağ”a, Türkiyədə “Beşiktaş”a azarkeşlik edirəm. Ən çox bəyəndiyim futbolçu isə Lionel Messidi”.
Rəşad Sadıqov oyunu tribunadan izlədi?
Oyundan öncə sport7.az saytı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova, bu komandanın kapitanı, həmçinin uzun illər yığmada eyni funksiyanı yerinə yetirən Rəşad Sadıqova AFFA-dan bilet ayrılmadığını yazmışdı. Elə “köhlən atlar”ın qeyri-rəsmi “feysbuk” səhifəsi də xəbəri tirajlamışdı. Təbii, belə bir məlumat diqqətdən kənarda qala bilməzdi. Ancaq oyun vaxtı Qurban Qurbanov tribunada idi. Ağdamlıların kapitanı isə gözümüzə dəymədi. Bu haqda hər hansı mənbədə də məlumata rast gəlmədik. Sadıqovun oyuna stadionda baxıb-baxmadığı, baxıbsa, bileti ona kimin hədiyyə etdiyi maraqlı məqamlar idi. Təəssüf ki, təcrübəli müdafiəçidən fikir öyrənmək cəhdimiz alınmadı.
Ümumi azarkeş sayı
Əksəriyyət Avroliqa tarixində rekordun qeydə alınacağını gözləyirdi. Lakin proqnozların reallaşmayacağı artıq 1 həftə öncədən bəlli idi. Çünki UEFA-nın tələbi ilə BOS-un tutumu 68700-dən 63000-ə endirilmişdi. Yalnız arena tam dolacağı halda rekord yenilənə bilərdi. Çünki Avroliqanın/UEFA kubokunun tarixində ən yüksək tamaşaçı sayı 1999-cu ildə “Lujniki”də keçirilən oyunda qeydə alınıb. “Parma”nın “Marsel”i 3 cavabsız qolla məğlub etdiyi qarşılaşmanı 62000 azarkeş izləmişdi. Bakıdakı görüşdə isə 51370 tamaşaçı qeydə alınıb. Bu göstərici ilə Avroliqada (UEFA kubokunda yox a!) nəinki 2-ci, hətta 3-cü olduq. Maraqlıdı ki, son anda AFFA-dan verilən məlumat beləydi ki, cəmi 100 bilet satılmayıb. Ancaq fakt budu ki, 11 mindən artıq yer boş qalıb. Bəs görəsən, bu fərq necə yaranıb? Biletlər satılmışdısa, azarkeşlər harda idi? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı dinləyək: “Bilirsiz ki, onlayn bilet satşı martda başlamışdı. Həmin vaxt finala kimin vəsiqə qazanacağı bilinmirdi. Çox güman, həmin vaxt finala vəsiqə qazanmaq ehtimalı yüksək olan komandaların Avropadakı azarkeşləri bilet almışdılar. Həmin klublar isə finala çıxa bilmədiyinə görə Bakıya gəlməmişdilər. Böyük əksəriyyət buna görə idi”.
“Qara bazar”
Təəssüf ki, bu proqblem həll olunmumamış qalır. Həm yığmanın, həm də klublarımızın beynəlxalq oyunlarında rast gəldiyimiz mənzərə Avroliqanın finalında da var idi. Söhbət “qara bazar”dan gedir. Əməkdaşımızın qeydlərini yada salsaq, bilet alverinin AL-in həlledici matçından da yan keçmədiyini deyə bilərik. Maraqlısı budu ki, fürsətcillər 90 avroluq bileti 100 manata satırmış. Görünür, havayı ələ keçən biletlər “qara bazar”a yol tapıb. Əks halda gösətilən məbləğdə satılan bilet heç “mayasını çıxarmır”. Firuz bəy “qara bazar”la bağlı bunları dedi: “Kütləvi şəkildə biletləri kiməsə paylamaq söhbəti yoxdu. “Qara bazar” elədi ki, istənilən böyük turnirlərdən öncə olur. Artıq satan adamın bileti necə əldə etdiyini deyə bilmərəm. Bunu ancaq həmin adamın özündən soruşmaq olar”.
İngilis fanatlar
Məlum olduğu kimi, UEFA həm “Çelsi”yə, həm də “Arsenal”a 6 min bilet ayrımışdı. Ancaq həmin klublar biletlərin hamısını sata bilmədi. Belədə AFFA UEFA-ya müraciət etdi, qalan biletlər geri qaytarıldı və Bakıda satışa çıxrıldı. Açıqlama verilmişdi ki, “Çelsi” fanatları 3500, “Arsenal”lılar isə 4500 bilet alıb. Lakin oyun günü tribunalarda 8 min ingilis fanat gözə dəymədi. Belə çıxır, ya həmin informasiya doğru olmayıb, ya da başqa səbəb var. Odu ki, bu məqamı da Firuz bəylə dədiqləşdirmək qərarına gəldik: “Bunun dəqiq statistikasını deyə bilmərəm ki, nə qədər ingilis fanat stadionda olub. Amma kompakt şəkildə hər iki klubun fanatları var idi. Sayı isə dəqiq söyləyə bilməyəcəm”.
Yeri gəlmişkən, “Çelsi” və “Arsenal” azarkeşləri Bakıda əlbəyaxa olmuş, hətta onlardan biri xəstəxanaya yerləşdirilmişdi. Görəsən, həmin fanatın taleyi necə oldu? Ümumiyyətlə, ingilis fanatlar Bakını tərk ediblərmi? AFFA rəsmisi hər iki suala aydınlıq gətirdi: “Həmin azarkeşin durumunu həkimdən soruşdum. Elə də ciddi xəsarəti yoxdu. İngilis fanatların əksəriyyəti finaldan dərhal sonra getdilər”.
FARİZ