“Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin”
Oyundan sonra ilk olaraq jurnalistlər önünə "Neftçi"nin baş məşqçisi Roberto Bordin çıxdı. İtaliyalı mütəxəssis öncə oyun haqda ümumi fikirlərini bölüşdü:
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bundan da çox öz futbolçularımıza təşəkkür edirəm. Çünki möhtəşəm mövsüm keçirdilər. Sonadək titulu qazanmaq uğrunda mübarizə apardıq. Bu cür mükəmməl kollektivin baş məşqçisi olmaqdan qürur duyuram. Sonadək mübarizə apardıqlarına görə futbolçularımı təbrik edirəm. Bu uşaqlara müxtəlif sözlər deyilə bilər. Lakin mövsümboyu onlarla mən işləmişəm və deyirəm ki, onlarla fəxr edirəm.
- 5 xal öndə idiz. Lakin bu gün çempionluq əldən getdi. Baş məşqçi olaraq siz konkret hansı səhvlərə yol verdiz ki, çempionluq əldən getdi?
- Həyatda hər bir insanın səhvi ola bilər. Məsuliyyəti üzərimdən atmıram. Hər bir uğura da, uğursuzluğa görə də məsul mənəm. Uşaqlar sonadək vuruşdular.
- Komanda necə oynamasından asılı olmayaraq, “Neftçi” daim titula oynayıb. Bu il isə titulsuz qaldız...
- Neçə illərdi “Neftçi” titul qazanmır. “Qarabağ” 6 mövsümdü çempion olur. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, əziyyətimizi yerə vurmazdım. Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin.
- Avrokuboklar üçün ilkin müzakirələr olub? Çox futbolçu transfer etməyi planlaşdırırsız?
- Xeyr, danışığımız olmayıb. Qarşıda 1 tur var. Məntiqi olar ki, həmin oyunu da bitirək, bundan sonra fikirləşəcəyik.
- Səlahətin gedəcəyi deyilir...
- Gəlin, mövsümün sonunu gözləyək.
- Növbəti turda “Qarabağ”a qarşı oyunun prinsipiallığı yəqin ki, itib. Həmin matça eksperimental heyət buraxacaqsız, yoxsa döyüşkən?
- Hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər meydanda olacaqlar.
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı isə qısa çəkdi. O, ilk olaraq bunları dedi:
- Son ev oyunumuzda qalib gəlmək istəyirdik. Kubokdakı görüş futbolçularımızı yormuşdu. İlk yarıda bir qədər az hərəkət etsək də, fərqlənmək şansımız var idi. Fasilədə dəyişiklik etdik, dönüş yaratmaq istəyirdik. Ancaq buna nail ola bilmədik. Çalışacağıq ki, futbolçular bu gün buraxdıqları səhvləri təkrarlamasınlar.
- Aşkar hiss olunurdu ki, kubokun finalını düşünürsüz. Ancaq bunu bacarmasaz, avrokubok da əldən gedir.
- Uşaqları qorumaq istəyirdik. Zədələrdən qorunmalıydıq.
- Son turda “Sumqayıt”la oynayırsız. Həmin “Sumqayıt” ki, mayın 19-da Naxçıvanda qarşılaşacaqsız. Bu dəfə də eksperimental heyət olacaq?
- Dediyim kimi, oyunçuları qorumalıyıq. Bizə sağlam futbolçular lazımdı.
FARİZ