Qarabağ (Ağdam) – Qəbələ 2:1 (1:0)
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov (19. Filip Ozobiç, 88), 55. Bədavi Hüseynov (k), 20. Riçard Almeyda, 17. Abdulla Zubir, 6. Simeon Slavçev (9. Araz Abdullayev, 84), 77. Vild-Donald Gerye, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 14. Rəşad Sadıqov, 2. Qara Qarayev, 7. İnnosent Emeqara, 99. Reynaldo, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Anar Nəzirov, 34. Ürfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov (21. Atakora Lalavele, 62), 10. Rauf Əliyev (5. Rasim Ramaldanov, 90+3), 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay (11. Asif Məmmədov, 84), 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 35. Murad Popov, 18. İlqar Qurbanov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov.
Baş məşqçi: Zaur Həşimov.
Qollar: Miçel, 37 (1:0). D.Kintana, 58 (2:0). D.Volkov, 82 (2:1).
Vərəqələr: C.Hüseynov, 20 (hakimin qərarına etiraz). M.Mədətov, 30 (qeyri-idman hərəkəti). V.Stankoviç, 49 (qeyri-idman hərəkəti). A.Seydiyev, 65 (qeyri-idman hərəkəti). S.Lilay, 83 (oyunun bərpasını ləngitmək). A.Lalavele, 85 (qeyri-idman hərəkəti). A.Nəzirov, 90+1 (oyunun bərpasını ləngitmək) – sarı. Miçel, oyundan sonra (rəqibə başla zərbə vurmaq) – qırmızı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Ələddin Ələkbərov (Bakı).
1 may. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
İlk oyun - 0:1.
Bir həftə əvvəlki qələbə “Qəbələ” üçün üstünlük idisə, mövsümü titulla başa vurmaq, bununla da sabiq prezident Tale Heydərova təsəlli vermək əsas hədəf sayılırdı. Bu oyun həm də avrokuboklara vəsiqə baxımından körpü rolunu oynayırdı. Finala yüksəlmək, ordakı rəqibi də sıradan çıxarmaq – həm kubok, həm medal, həm də Avroliqaya bilet!
Bölgə təmsilçisi çoxlarının gözləmədiyi halda bunun öhdəsindən gəlməyi bacardı. Lakin qalib gələrək yox, uduzaraq. Halbuki oyuna tamaşa edən “Qarabağ” rəhbərliyi artıq Naxçıvana təyyarə bileti sifariş etmək fikrinə düşmüşdü. Kim bilir, bəlkə də etmişdilər. İlk dəqiqələrdən başlayan pressinq və ardıcıl hücumların iki cavabı var idi: ya “Qarabağ” rəqibini darmadağın edəcək, ya da əks-hücumdan qol buraxacaq. Gözlənilən baş verdi. 8-ci dəqiqədə Gerye, 10 dəqiqə sonra Zubir qola yaxın olsa da, Anar əla reaksiyalarla alqış qazandı. Ardınca sıra Miçelə çatdı. İspan yarımmüdafiəçi əvvəlki cəhdində dəqiq oynamağı bacarmamışdı. Nəhayət, 37-ci dəqiqədə arzusuna çatdı. Əla zərbəylə hesabı açan Miçelin vuruşu hər nə qədər gözəlliyi ilə yadda qaldısa, gözünə gün düşən Anarın topu çıxara bilməməsi də bir o qədər müzakirə olundu. Buraxılan qoldan sonra “ayılan” qəbələlilər ilk hissənin son 4-5 dəqiqəsində iki dəfə real qol fürsəti yaxaladı. Əslində onların biri qol oldu. Lakin laysman topu başla qapıdan keçirən Bəhlulun oyundankənar vəziyyətdə olduğuna işarə deyib bayrağını havaya qaldırdı.
Meydan sahibləri ikinci yarıya da üstün başladı. Qəbələlilər sanki 1:0-a da razıymış kimi ehtiyatlı davranır, əsasən müdafiənin qayğısına qalırdılar. “Suyu üfürü-üfürə içmələri” qonaqlara baha başa gəldi. 54-cü dəqiqədə zərbəsi dəqiq alınmayan, 1 dəqiqə sonra topu dirəyə tuşlayan Kintana 58-ci dəqiqədə sözünü deməyi bacardı. “10 nömrə” Messisayağı hiyləgər zərbəylə qonaqları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur etdi. Qolun şokundan ayılmayan “qırmızı-qaralar” az qala növbəti dəfə məyus olacaqdı. Yaxşı ki, 73-cü dəqiqədə Slavçev Mahirin qapı qarşısına ötürdüyü topa ayaq qoya bilmədi. Atakoranın oyuna qoşulmasıyla nisbətən fəallaşan bölgə təmsilçisi heç kimin gözləmədiyi halda hesab arasındakı fərqi azaltdı. 75-ci dəqiqədə dirəyi nişan alan Volkov növbəti cəhdində topu uzaq küncə göndərdi. Bu epizodda Geryenin mövqe səhvi də özünü göstərdi.
“Qarabağ” ardıcıl ikinci il finaldan kənarda qaldısa, “Qəbələ” ardıcıl üçüncü dəfə bunu bacardı. Qəbələlilər bununla həm də işini çətinə salmış oldu. Mayın 19-da kuboku qazana bilməmək avrokuboklardan kənarda qalmaqla nəticələnəcək.
HƏBİB
Maraqlıdı...
* Oyuna maraq yetərincə böyük idi. Belə ki, futbol ictimaiyyətinin tanınmış isimləri stadiona təşrif buyurmuşdular. Belələri arasında Ramiz Məmmədovu, Hüseyn Məhəmmədovu, Zaur Ramazanovu görmək olardı. Hakimlər Komitəsi isə, demək olar, tam tərkibdə orda idi. Komitə sədri Frits Stuxlik, hakim-inspektorlar Vüsal Əliyev, Anar Salmanov və Ramil Diniyevin adlarını çəkə bilərik.
* Cəza səbəbindən meydana çıxmaq imkanından məhrum olan Maksim Medvedev arenaya iki oğlu ilə gəlmişdi. Mülki geyimdə, şəxsi avtomobili ilə görünən yığma üzvü oyunu zədəli Yakub Jezniçakla birgə izləyirdi.
* Havanın isti olması futbolçuların boğazını qurutmuşdu. Odu ki, 30-cu dəqiqədə Stankoviç zədələndiyinə görə fasilə yarananda oyunçuların əksəri su şüşələrinə hücum çəkdi.
* Oyunun gərginliyi hər iki komandanın ehtiyat oyunçular skamyasına sirayət etmişdi. İlk hissənin gedişində Qurban Qurbanovla Rəşad Sadıqovun bir neçə dəfə hakim qərarlarına etiraz etməsi diqqətdən yayınmadı.
* 75-ci dəqiqədə isə davamlı etirazlara görə qonaqların baş məşqçisi Sənan Qurbanov texniki zonadan uzaqlaşdırıldı.
* İkinci yarının gedişində Atakora reklam lövhəsinə çırpılınca, banner aşdı. Həmin an “Qəbələ”nin fotoqrafı lövhənin altında qalsa da, ciddi xəsarət almaqdan çətinliklə qurtuldu.
* Oyunun sonlarına yaxın Rauf Əliyevin yerdə qaldığını görən Amin Seydiyev topu meydandan çıxardı. “Qarabağ”lılar autu yerinə yetirəndə topu rəqibə vermək əvəzinə oyunu davam etdirmək istəyirdilər ki, bunu görən Qurban Qurbanov Bədavi Hüseynova ciddi etirazını bildirdi. Müdafiəçi səs-küyü eşidincə topu rəqib qapıçıya göndərdi.
* Sənan Qurbanov dördüncü hakim Rəşad Əhmədovun göstərişi ilə tribunaya göndərilmişdi. Lakin oyun başa çatandan sonra “Qəbələ”nin baş məşqçisinin Əhmədova yaxınlaşıb əlini sıxması xoş görüntü kimi yadda qaldı.
Belə dedilər...
Sənan Qurbanov: “Rəqibimiz son illərin çempionu, bütün komandalarla rəqabətdə qalib gələn komandaydı. Bundan başqa, prinsipial rəqib olduğunu da qeyd etməliyəm. Evdə 1:0 hesabı ilə qalib gəlsək də, cavab görüşünün həddən artıq çətin keçəcəyini bilirdik. Bu gün bizə çox çətin idi. Buna baxmayaraq, futbolçularımız böyük iş gördülər. “Qarabağ” kimi komandanı mübarizədən kənarlaşdırmaq xarakter tələb edir. Bununla yanaşı, həm də taktiki planda düzgün oynamaq lazım gəlir. Meydanda can qoyan futboçularımı təbrik edirəm. Qarşıda bizi kubokun həlledici oyunu gözləyir. Dördüncü dəfə finala yüksəlib uduzmaq fikrimiz yoxdu. Kubokdan dördəlli yapışacağıq ki, adımızı klubun tarixinə yazdıra bilək. Oyunun gedişində 0:2 hesabı ilə geri düşməyimizə baxmayaraq, uşaqları inamlı olmağa, sona qədər mübarizə aparmağa səsləyirdik. Çünki 1 qol hər şeyi dəyişə bilərdi. Hətta sonuncu saniyədə belə qol vurmağımız mümkün idi. Ona görə də başda özüm olmaqla hamımız mərhələ adlayacağımıza inanırdıq. Çünki ilk hissənin sonlarında bir neçə qol şansımız olmuşdu və bilirdik ki, istəsək, bacarmaq olar. .. Finalda hansı rəqiblə qarşılaşmaq istərdik? Final bir oyundan ibarətdi. Ona görə də rəqibin kimliyi rol oynamır. Belə oyunlarda bəzən səviyyə fərqi görünmür, psixoloji cəhətdən hazır olan komanda üstün olur. “Qarabağ”ın ilk qoluna gəlincə, Miçelin zərbəsi həqiqətən baxımlı alındı. Mənə elə gəldi ki, Anar irəli çıxıb. Sonradan qapıçılarla işləyən məşqçi də bildirdi ki, qapıçımızın gözünə gün düşdüyünə görə reaksiya verməkdə gecikib. Anarı günahlandırmaq fikrimiz yoxdu. Texniki zonadan qovulsam da, əlbəttə, Naxçıvana gedəcəm. Tribunada öz yerim var, orda rahat oturub baxacam. Qovulmağıma gəlincə, Davitə qarşı kobudluq olduğunu zənn edib etirazımı bildirdim. Belə qərar qəbul etdilərsə, razılaşmalıyıq. Finala yüksəldiyimizə görə mükafatla bağlı bir söz deyilməyib. Əsas hədəfimiz kuboku əldə edib muzeyimizə aparmaqdı. Titul qazanmaq vaxtıdı. Hamı bunu düşünür”.
Qurban Qurbanov: “İlk növbədə rəqibi təbrik edirəm. Həmişə demişəm, yenə təkrarlayıram, kubok oyunu çempionat matçlarından fərqlənir. Cüt görüşlərdə bəzən belə nəticələr gözləniləndi. Gördüyünüz kimi, qalib gəlsək də, mübarizəni dayandırdıq. İstnilən halda, futbolçularımdan və oyundan razı qaldım. Bir epizodda diqqətsiz davrandıq və qapımızda qol gördük. Paltardəyişmə otağında heç kimə narazılıq etmədim. Əksinə, dəstək oldum, yanlarında olduğumu göstərdim. Çünki narazı olacağım cəhət yox idi. Yaxşı oyun sərgilədilər, nə qədər istəkli olduqları da göz qabağındaydı. Qalib gəlmək üçün çox çalışdılar. Bəzən məğlub olmağı da bacarmalıyıq. 2:0-dan sonra hansısa arxayınlıqdan söhbət gedə bilməzdi. Rəqib əsasən standart vəziyyətlərdən təhlükə yaradırdı ki, həmin anlarda müdafiəyə çəkilirdik. 2 top fərqi ilə öndə olduğumuz dəqiqələrdə də yaxşı qol imkanlarımız var idi. Futbolda belədi, uduzan tərəf böyük qüvvə ilə irəli atılır. Ola bilsin, ona görə “Qəbələ” bəzən təhlükəli vəziyyət yaradırdı. Miçelə gəlincə, ciddi problem yoxdu. Sadəcə, əsəblərinə hakim ola bilmədi. Bəzən yersiz vərəqə alanda iradımı bildirmişəm. Amma budəfəki “qırmızı”nı normal qarşıladım.... Hamımız Mahirin yanındayıq. Bura “Qarabağ” ailəsidi. Həyatda bu cür anlar qaçılmazdı. İnsan çətinə düşəndə bunu səbrlə qəbul etməyi bacarmalıdı. Mahir get-gedə böyüyür, böyük təcrübə toplayır. İndiki durum nə qədər çətin olsa da, məncə, düzgün qiymətləndirib nəticə çıxarmağı bacaracaq”.