“Qırmızı-qaralar”ın U-17-si Fransaya yollanır
Türkiyədə keçirilən ənənəvi "İzmir Cup" beynəlxalq turnirinə yekun vurulub. Yarışda qüvvəsini sınayan “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası sonuncu gün iki qarşılaşmaya çıxıb. Qrup oyunlarından sonra final mərhələsinə vəsiqə qazana bilməyən Elnur İmanquliyevin baş məşqçisi olduğu kollektiv təsəlliverici matçlarda gücünü yoxlayıb. “Qəbələ” öncə "Başakşəhər"lə qolsuz heç-heçə edib. "Trabzonspor"la görüşdə isə komandalar hərəyə bir qol vurub. “Qırmızı-qaralar”ın heyətində Ömər Kərimov fərqlənib. Reqlamentə əsasən qalib penalti vuruşları ilə müəyyənləşib. “Lotereya”da daha dəqiq olan şimalılar 5:4 hesabıyla qələbə qazanıb.
Turnirin qalibi “Mançester Siti” ilə PSV arasında keçirilən oyunda müəyyənləşib. Əsas vaxtda komandaların heç biri qol vura bilmədiyindən penalti seriyasına ehtiyac duyulub ki, burda da ingilislər daha dəqiq olublar - 2:1. Üçüncü yer uğrunda matçda isə İtaliya “Parma”sı Sloveniya “Olimpiya”sını 1:0 hesabıyla məğlub edib.
Sonda onu da bildirək ki, “qırmızı-qaralar”ın U-12 komandasından sonra bu dəfə U-17 səfərə yollanmağa hazırlaşır. Mayın 10-dan 12-dək Fransada keçiriləcək "Snaf Mondial Cup"da iştirak edəcək komanda artıq hazırlığa start verib. A qrupunda yer alan “Qəbələ”nin rəqibləri "Monako", "Anje" və "Benfika" olacaq.
RƏŞAD