“Özündən soruşdum, dedi, ata, pis olmadı”
Hesabat turunda “Sumqayıt” – “Neftçi” qarşılaşmasındakı hakim idarəçiliyi səs-küyə səbəb oldu. Əslində hələ oyundan əvvəl məlum matça Rəşad Əhmədovun təyinat alması birmənalı qarşılanmamışdı. Komandalar turnir cədvəlinin fərqli qütblərində qərarlaşsalar da, aralarındakı prinsipiallığı unutmaq olmazdı. Odu ki, yetərincə gərgin görüşə damğa vuran isim məhz Rəşad oldu.
Vərəqələrin çoxluğu, Mehdi Cənnətovla Ayxan Abbasovun qovulması, ehtiyat oyunçular skamyasında əyləşənlərə göstərilən sarı vərəqələr – bir sözlə, xeyli mübahisə predmeti görmək olardı. Lakin xüsusi narazılığa səbəb olan epizod hər iki komandanın qapısına təyin olunmayan 11 metrlik cərimə zərbələri idi. Halbuki hər iki vəziyyətdə bir futbolçunun digərinə təması vardı. Oyunu canlı izləyən Hakimlər Komitəsinin sədri Frits Stuxlikin qarşısındakı dəftərçəsindəki vərəqlərdən birinin qeydlərlə dolmasını da Əhmədovun qərarlarındakı şübhələrlə bağlamaq mümkündü.
Rəşad Əhmədov hakimlikdə heç də təsadüfi biri deyil. Uzun illərdi yaşıl meydanlarda fit çalmaqla yanaşı, həm də ömrünün yarısını hakimliyə həsr etmiş, hazırda premyer-liqa oyunlarına hakim-inspektor kimi təyinat alan Rövşən Əhmədovun oğludu. Belədə övladının idarəçiliyi ilə bağlı Rövşən bəyin fikirlərini dinləmək maraq doğurmaya bilməzdi: “Açığı, oyuna baxmamışam. Həmin gün Mingəçevirdə Region Liqasının pley-offu çərçivəsində “Energetik”lə “Salyan” qarşılaşırdı deyə, stadiondaydım. Ona görə də “Sumqayıt” – “Neftçi” matçını izləmək imkanım olmadı. Açığı, Rəşadın idarə etdiyi oyuna rahat baxa bilmirəm. Narahatlıq keçirirəm, həyəcanlı oluram. Sizdən əvvəl zəng eləmişdi. Özündən soruşdum, dedi, ata, pis olmadı. Hakim-inspektor da heç nə deməyib. O ki qaldı mübahisəli epizodlara, buna şərh verməyim mümkün deyil. Rəşadın atası olsam da, oyunlara hakim-inspektor kimi təyinat alıram. Hakim-inspektor kimi hansısa epizoda şərh verməyimə icazə yoxdu. Ata kimi özünə lazım olan məsləhətləri verirəm, sözümü deyirəm. Epizoda ən yaxın adam odu. Qərar qəbul edibsə, deməli, gördüyünə əsaslanıb. Hakimlər Komitəsi var, idarəçiliyi orda müzakirə olunacaq”.
HƏBİB