Almaz üzük, 2 yaşlı uşağın rəsmi, orxideya gülü...
8 Mart – Beynəlxalq Qadınlar Günü. Zəmanənin tələblərinə uyğun formada izah etməli olsaq, zərif cinsin nümayəndələri üçün təqvimdə qırmızı, biz kişilər üçün qara hərflərlə yazılan gün. Hər gün əziyyətimizi çəkən ana-bacılarımız, durumdan asılı olmayaraq üzümüzə gülməyə məcbur olan xanımlarımız və övladlarımız, bəzən əsəbi vəziyyətimizə göz yumub, qadınlığını göstərən iş yoldaşlarımız məhz belə bir gündə bizdən xüsusi diqqət və ən əsası hədiyyə gözləyirlər ki, bu da başadüşüləndi.
Təqvimdə bu günün xüsusi qeyd olunmasına baxmayaraq, şəxsi fikrim belədi ki, onlar üçün hər gün bayram olmalıdı. Çünki umduqları təkcə hədiyyə deyil. Onlar üçün şirin söz, nəvaziş, qayğının özü belə, min hədiyyədən dəyərli sayılır.
Futbol kişi oyunu olsa da, istər dünyada, istərsə də Azərbaycanda bu idman növü ilə yaxından maraqlanan, hətta bu sahədə çalışan kifayət qədər xanım var. Odu ki, belə bir gündə onların fikirlərini eşitmək, düşüncələrinə yer vermək maraqlıdı. Futbol ictimaiyyəti arasında kifayət qədər tanınan üç xanımla söhbətdə üç suala cavab tapmağa çalışdıq.
1. İndiyə qədər aldığınız ən yaddaqalan hədiyyə hansı olub?
2. Almaq istədiyiz, amma indiyə qədər almadığız hədiyyə hansıdı?
3. Sizcə, 8 Mart xüsusi şəkildə qeyd olunmalıdı?
Törə Əhmədova, AFFA-nın əməkdaşı, “Səbail”in mətbuat katibi
1. Hədiyyələr çox olub. Ən dəyərlisi atamın mənə bağışladığı almaz üzükdü. Çünki o nənəmin yadigarı idi.
2. Hədiyyələr artıq indidən gəlməyə başlayıb. Otaqda gül əlindən tərpənmək mümkün deyil. Düzünü desəm, indiyə qədər ürəyimdən nə keçibsə, hamısını hədiyyə ediblər. Ona görə də xüsusi şəkildə arzuladığım bir şey yoxdu.
3. Qadınlar üçün hər gün bayram olmalıdı. Və hər gün diqqət mərkəzində olmalıyıq. Amma 8 Martın olmasına görə sevinməyə bilmərəm. Həm bayram kimi qəbul olunur, həm də qeyri-iş günü sayılır. Amma mən istirahət edə bilməyəcəm. Çünki sabah (bu gün) komanda ilə Qəbələyə yollanacam.
Cəmilə Mehdiyeva, Bakı Olimpiya Stadionunun mətbuat katibi
1. Qızımdan aldığım açıqca. Törənin 2 yaşı var idi və mənim üçün hədiyyə hazırlamışdı. Öz düşüncəsində qız şəkli çəkmişdi, yanında da bacardığı şəkildə “mama” yazmışdı. Şəkildə guya məni canlandırmışdı, amma qız çox eybəcər idi (gülür). Buna baxmayaraq, mənim üçün ən dəyərli hədiyyədi.
2. Açığı, elə bir istəyim yoxdu.
3. İndiki zəmanədə 8 Martın xüsusi bayram kimi qeyd olunmasının tərəfdarı deyiləm. Səbəbi odu ki, indiki cəmiyyətdə qadınlarla kişilər eyni statusa malikdilər. Qadınlar vaxtilə kişilərə xas olan işlərə inteqrasiya olunublar. Bir şeyə sevinirəm ki, qeyri-iş günüdü və həmin günü qızımla keçirəcəm.
Zeynəb Əlizadə, goal.az saytının əməkdaşı
1. Düzünü desəm, hər dəfə 8 Martda özüm özümə hədiyyə alıram. Uşaqlıqda atam pul verirdi və istədiyim hədiyyəni alırdım. O vaxtdan qoyulan ənənəni hələ də davam etdirirəm. Bu gün (dünən) tanımadığım bir şəxs mənə dibçəkdə orxideya gülü göndərib. Gül dəstəsindən çox dibçəkdə olan güllərə üstünlük verdiyim üçün xoş sürpriz oldu. Üstündə qeyd olmadığı üçün kim tərəfindən göndərildiyini bilmirəm.
2. Xüsusi bir istəyim yoxdu. Sadəcə, hər bir qadının arzuladığı hədiyyə var ki, onun olması pis olmazdı. Nəyi nəzərdə tutduğumu demək istəmirəm.
3. Desəm ki, bizim üçün hər gün bayram olmalıdı, yaxşı çıxmaz. Təqvimdə qadınların bayram günü kimi xüsusi günün olması pis hal deyil. Lakin bu o demək deyil ki, hamı hədiyyə almalıdı, hədiyyəsiz olmaz. Məncə, hədiyyədən çox qadınlar diqqət istəyir. Fikrimi bilmək istəsəz, mənim üçün Novruz bayramı daha qiymətlidi.
HƏBİB