Tuyqun Nadirov “əsaslandırılmış mövqe” hazırlayır…
Dünən Şirvan İnzibati-İqtisadi Məhkəməsində “Futbol+”in “Xəzər Lənkəran” futbol klubuna yönəlmiş, 1 iyul 2015-ci il tarixli reklam müqaviləsi əsasında ödənilməli olan 9 min manatlıq iddia ilə bağlı növbəti iclas keçirildi. Xatırladaq ki, iddia ərizəsində söhbət 2015-in son və 2016-nın ilk 5 ayı üçün ödənilməli olan 9 min manatdan gedir ki, klub, daha doğrusu, onun arxasında duran “Palmali” şirkətlər qrupu birmənalı şəkildə bundan imtina edir. Hakim Rafiq İsmayılovun baxdığı işdə qəzetin maraqlarını Vüqar Məmmədovla Mahir Rüstəmli qoruyurdu. “Xəzər Lənkəran”dan isə məhkəməyə kimsə gəlməmişdi. Yeri gəlmişkən, yanvarın 22-də keçirilən ilk iclasda da klubun təmsilçisi yox idi. Amma bu prosesi əvvəlkindən fərqləndirən cəhət o idi ki, özünü “Xəzər Lənkəran Futbol Klubu” MMC-nin prezidenti (bunu da ilk dəfə bildik!) kimi təqdim edən Tuyqun Faiq oğlu Nadirov məhkəməyə qəzetin tələbinin təmin edilməməsi ilə bağlı ərizə göndərmişdi. Yeganə əsası da budu ki, müqavilə 2015-ci il iyulun 1-də bağlanıbsa, qəzet niyə məhkəməyə 2018-ci il noyabrın 18-də müraciət edib? Yənu guya biz məhkəməy gec müraciət etməklə həmin pula iddia etmək hüququnu itirmişik. Tuyqun bəyin bu dolaşıq qənaəti öz yerində, təbii ki, adam redaksiyaya çatası pulu ödəməmək üçün hər yola əl atacaq. Amma bizim də öz dəlillərimiz var ki, martın 5-də keçiriləcək növbəti iclasda onları məhkəməyə təqdim edəcəyik. Daha bir maraqlı məqam var: Tuyqun bəy ərizəsində qeyd edir ki, “Futbol+”in iddiası rədd olunmadığı təqdirdə əsaslandırılmış mövqeyini məhkəməyə təqdim edəcək”.
Nə deyirik ki?! Kor nə istər? – İki göz, biri əyri, biri düz! Tuyqun bəyin həmin “əsaslandırılmış mövqeyinin” eşqi ilə martın 5-də keçiriləcək iclasa da uça-uça gedəcəyik.
HUŞƏNG