“Lap reklama çəkilmək üçün Bakıya qayıtmışam, bunun kimə nə aidiyyatı var?”
Ötən sayımızda “Keşlə”nin və yığmanın futbolçusu Kamran Ağayevin baş məşqçi Tərlan Əhmədovla münasibətlərində soyuqluq yaranması haqda məlumat vermişdik. Bilməyənlərin məlumatı olsun ki, narazılıq Antalya toplanışının son günlərində yaşanmışdı. Kamran Bakıda reklama çəkilmək üçün komanda yoldaşlarından iki gün əvvəl vətənə qayıtmış, “Çertanovo” ilə sonuncu yoldaşlıq görüşündə iştirak etməmişdi. Deyilənə görə, baş məşqçi Ağayevin düşərgəni tərk etməsinə qarşı olub. Yalnız klubun Müşahidə Şurasının sədri Zaur Axundovun icazəsindən sonra millinin qolkiperi istəyinə çatıb.
Məsələnin mahiyyətinə varmaq, yaşananları öyrənmək üçün səbəbkarla əlaqə saxlasaq da, Kamran gün ərzində zənglərimizi cavabsız qoydu. Görünür, report.az saytından olan həmkarımıza müsahibə verən təcrübəli futbolçu başverənləri ayrı-ayrı mətbu orqanlara izah etməkdə maraqlı deyil. Yazılanlara münasibəti belə olub: “Məşqə gedir, həmçinin oyuna çıxıramsa, deməli, münasibətlərdə hər şey qaydasındadı. Baş məşqçi ilə aramız niyə gərgin olmalıdı ki?! Mən və ya digər futbolçu zəif oynayıb, səhvlərə yol verəcəyiksə, baş məşqçi irad bildirəcək, gərginlik yaranacaq. Bu, sərf həmin anla bağlıdı, ümumilikdə münasibətə aidiyyatı yoxdu. Bəli, düşərgəni iki gün əvvəl tərk etmişəm. Amma bu, qeyri-rəsmi, icazəsiz olmayıb. Həm də reklam üçün yox, şəxsi həyatımla bağlı məsələyə görə Bakıya dönmüşəm. Komandadan iki gün öncə qayıtmışam. Digər tərəfdən, lap reklama çəkilmək üçün Bakıya qayıtmışam, bunun kimə nə aidiyyatı var? Şəxsi işlərim heç kimə, o cümlədən mətbuata maraqlı olmamalıdı. Bəli, “Coca-Cola”nın reklamına çəkilmək də təklif edilib. Yazırlar ki, ciddi məbləğ müqabilində razılaşıb. Başa düşmürəm, pul qazanmağım niyə başqalarını qıcıqlandırır? Niyə qısqanırlar? Bu, şəxsi işimdi. İcazə ala da bilərəm, almaya da. Amma “Keşlə”də belə bir şey yoxdu. Hər şey baş məşqçinin bilgisi, icazəsi əsasında olur. İstənilən komandada səhv varsa, baş məşqçi ilə futbolçu arasında emosional gərginlik olacaq. Lakin bunun ümumi münasibətə aiddiyatı yoxdu. Nəticə axtarırsansa, gərginlik olacaq”.
HƏBİB