“Əvvəllər arxayınlıq var idi ki, onsuz da 5-6 nəfərik, oyunlar ancaq bizə həvalə olunur”
Premyer-liqanın ilk yarısındakı oyunları idarə edən 11 hakim arasında yeganə yaşlısı Ramil Diniyev idi ki, o da cəmi 3 görüşdə iş başında oldu. Qalanlar son illər üzə çıxanlar və cari mövsümdən şans qazananlar idi. Artıq nə Vüsal Əliyev var, nə Anar Salmanov, nə Elçin Məmmədov, nə də Fariz Yusifov. Sonuncu bu ilin əvvəlində iki yerdə çalışmağın çətin olduğunu deyib hakimlikdən uzaqlaşmışdı. Çünki Yusifov eyni zamanda Polis Akademiyasında çalışan xüsusi rütbəli zabit, polis polkovnik-leytenantıdı. Ona görə də əsas işini hakimlikdən üstün tutdu.
Xeyli vaxtdı gözə dəyməyən Fariz bəyi “Keşlə” - “Qarabağ” matçında görmək təəccüb doğurdu. Maraqlananda məlum oldu ki, beynəlxalq dərəcəli hakim növbəti ildən elita oyunlarına hakim-inspektor kimi təyinat alacaq. Özü ilə əlaqə saxlayanda, xəbərə şübhə yeri qalmadı.
- “Keşlə” ilə “Qarabağ” arasında kubok oyununda gördüm sizi. Deyəsən, yenidən futbola qayıdırsız.
- Hakim-inspektorlar üçün günlər ayrılıb, dərslər keçirilir. Artıq həmin dərslərdə iştirak edirəm.
- 2019-dan etibarən sizi hakim-inspektor kimi görəcəyik?
- Qismət olsa, inşallah.
- Frits Stuxliklə görüşüb danışmısız?
- “Bulvar” otelinə yığmışdılar bizi, təlim keçirildi. Həftədə iki dəfə AFFA-nın inzibati binasında ənənəvi dərslərdə iştirak etmişəm. Stuxliklə elə orda görüşdük.
- Hakim-inspektorluğu özünüz istədiz, yoxsa komitədən təklif etdilər?
- Vüsal Əliyevə təşəkkür edirəm, çox hörmətli qardaşımdı. Sağ olsun, o mənimlə əlaqə saxlayıb təklif etdi. İsti yanaşdım və heç bir problemin olmadığını dedim.
- Oyunlara hakim-inspektor kimi getmək akademiyadakı fəaliyyətinizə mane olmayacaq ki? Çünki hakimlikdən gedəndə iki yerdə çalışmağın çətin olduğunu demişdiz.
- Nə demək istədiyinizi anladım. Həftədə bir dəfə istirahət günüm olur. Xahiş edəcəm ki, istirahət günümə təsadüf edən oyunlara təyinat versinlər. Məncə, problem olmayacaq.
- “Keşlə” - “Qarabağ” oyununu stadionda canlı izləyirdiz. Stadionlara tez-tez baş çəkirsiz, yoxsa gəlişinizin səbəbi hakim-inspektorluq ərəfəsində məşq xarakteri daşıyırdı?
- Açığı, stadionlara baş çəkməyə vaxtım olmur. Sadəcə, həmin gün Vüsal Əliyevin dəvəti ilə “ASK Arena”ya yollandım. Bildiyiniz kimi, Vüsal həmin görüşün hakim-inspektoru idi. Oyunu iki qardaş, həm də hakim-inspektor gözüylə yanaşı izlədik .
- Ölkə çempionatı kənardan necə görünür?
- Siz necə görürsüzsə, mən də elə görürəm (gülür). Premyer-liqada komanda sayının çox olmasını arzulayıram. Təəssüf ki, bu gün cəmi 8 komanda mübarizə aparır. Buna baxmayaraq, oyunlar maraqlı keçir, idman mübarizəsi hiss olunur. Stadionda olmasa da, oyunları imkan daxilində televizor qarşısında izləməyə çalışıram. Ən böyük problem tribunaların boş olmasıdı. 50-100 nəfər… Maraqlı futbol izləmək istəyiriksə, ilk növbədə azarkeşlərin sayı çox olmalıdı. Razılaşarsız ki, futbola rəng qatan tribunalardakı ab-havadı.
- Hakimliklə bağlı nə deyə bilərsiz? Maşallah, gənc referilərin sayı gündən-günə artır.
- Maşallah sözünü yerində işlətdiz. Həqiqətən də sevindirici məqamdı. Frits Stuxlik yeni siyasət yürüdür. Bildiyimə görə, yaşı 45-ə qədər olanlara şans verir. Gənclərin üzə çıxması olduqca yaxşı haldı. Təcrübəlilər arxalarında onları kimlərinsə gözlədiyini bilməlidilər. Başqa cür desəm, rəqabət hiss etməlidilər. Əvvəllər arxayınlıq var idi ki, onsuz da 5-6 nəfərik, oyunlar ancaq bizə həvalə olunur. Amma indiki durum ürəkaçandı. Gənc və təcrübəsiz hakimlərin bəzi kiçik səhvləri gözə dəysə də, ümumi mənzərə heç də pis deyil. Qətiyyətli olmaları xoşuma gəlir. Fiziki durumları da qaydasındadı. Gələcək adına ümidverici hakimlər görürəm.
- Ad çəkə bilərsiz?
- 12-ci tur çərçivəsində “Dalğa Arena”da “Zirə” – “Sumqayıt” oyunu keçirilmişdi. Həmin görüşün gənc hakimi Səbuhi Bayramov idi. Açığı, onu yaxından tanımıram. Amma idarəçiliyini həddən artıq bəyəndim. Sakit, soyuqqanlı, qətiyyətli görünürdü. Qaydaların yozumunda müəyyən səhvləri var idi ki, onlar da zamanla düzələcək. Yaxın gələcəkdə özünü sübut edə biləcək. Şəkidən olan hakimi də bəyənirəm.
- Rəvan Həmzəzadə?
- Hə-hə, Rəvan. O da yaxşı formadadı, bəyənirəm.
- İnqilab Məmmədov da xeyli “artırıb”…
- İnqilab heç də, ona gənc demək olmaz. Son vaxtlar premyer-liqada görürəm onu. Yəqin çimərlik futbolu ilə qurtarmaq istəyir (gülür).
- O həm də çimərlik futbolu üzrə FİFA referisidi.
- O heç də. O vaxt yer boş qalmasın deyə, İnqilabın namizədliyini irəli sürmüşdülər. Baxıram ki, premyer-liqaya can atır. Allah işini avand etsin.
- Çempionat görüşlərini izləyəndə “kaş getməzdim” deyib, köks ötürürsüz?
- Xeyr, qətiyyən. Köks ötürməyə ehtiyac yoxdu. Hər başlanğıcın bir sonu var. Kaş indiki cavanlar da mənim yaşıma qədər hakimlik etməyi bacarsınlar. 46 yaşın tamamında hakimlikdən uzaqlaşdım.
- 2018-də əvvəlki illərlə müqayisədə azərbaycanlı hakimlərin avrokuboklardakı oyun sayında xeyli azalma müşahidə olundu. Bunun səbəbini nədə görürsüz?
- Öz aramızdı, guya əvvəlki illərdə bizə nə oyunlar verirdilər? Avroliqanın 1-ci, 2-ci mərhələləri idi də. Düzdü, indi də eyni proses davam edir. Maşallah, Əliyar Ağayev qrup oyunlarına təyinat alır. O da ölkəmizi layiqincə təmsil etməyə çalışır, fikrimcə, bacarır da. Açıq danışmağı xoşlayıram. Səmimi deyəcəm, 8 komandalı çempionatı olan ölkənin hakimi üçün Avroliqanın qrup matçını idarə etməyin özü böyük uğurdu.
- Xaqani Məmmədovla danışmırsız?
- Düzü, əlaqə saxlamağa vaxtım olmur. Hakimlikdən uzaqlaşandan sonra danışmamışam. Elə bir yer də olmayıb ki, üz-üzə gələndə hal-əhval tutaq, söhbətləşək.
- Qurban Qurbanovun yığmaya gəlib-getməyi sizin üçün də yuxu oldu? Sanki nəsə baş verdi, amma anlamaq mümkün olmadı.
- Yuxu deməzdim. Çünki gözlənilən idi. Son illər “Qarabağ”da qazandığı nəticələr Qurbanovu yığmaya aparırdı. Gec-tez gəlməliydi, gəldi də. Yəqin ki, Millətlər Liqasındakı nəticələr gedişinə səbəb oldu.
- Getməliydimi? Dəqiq desəm, göndərilməliydi?
- Yığmadan ayrılmağını soruşursuzsa, belə olacağını gözləməzdim. Bildiyimə görə, baş məşqçi ilə uzunmüddətli – 6 illik anlaşma əldə olunmuşdu. Məncə, şans verilməliydi. Heç olmasa, qarşıdakı seçmə mərhələni də gözləyib, yığmanın sərgilədiyi oyuna və nəticələrə baxmaq olardı. Baş məşqçilərin sənəti elədi ki, özlərini göstərmələri üçün vaxta ehtiyac duyulur. Belə etməklə sanki inamsızlıq göstərdilər.
- İcraiyyə Komitəsinin üzvləri Qurbanovun iki yerdə işlədiyini əsas gətirib, bu qərarı verdilər.
- İşini düzgün qurursansa, heç bir problem olmayacaq. Özüm də neçə illər iki sahədə çalışmışam və çox güman, yenə belə olacaq. İnsan ilk növbədə məsuliyyəti dərk etməlidi ki, Qurbanovu yetərincə məsuliyyətli insan kimi tanıyıram. Günlük planlarımı fiziki gücümə görə bölürəm və şükürlər olsun, heç bir problem yaşamıram.
- “Neftçi”nin fasiləyə “qış çempionu” kimi yollanmasına təəccüblənmədiz?
- Düzünü desəm, yox. Çünki gözlənilən idi. “Qəbələ”nin çempionatın əvvəlindən qeyri-sabit təsir bağışlaması, heyətinin zəifləməsi,“Qarabağ”ın Avroliqanın qrupunda çıxış etməsi ilk yarıdan sonrakı vəziyyətin necə olacağından az-çox xəbər verirdi. Həm də “Neftçi”nin yayda yığdığı heyət, klub rəhbərliyinin inamlı danışması iddialarından xəbər verirdi. Məni ən çox təəccübləndirən “Sabah” oldu. Debütant olmasına baxmayaraq, maraqlı oyun sərgiləyirlər, iddialı rəqiblərin hər birinə boy verirlər. Yəqin ki, ikinci yarıda daha inamlı görünəcəklər.
- Çempion qismində hansı komandanı görürsüz?
- “Neftçi”ylə “Qarabağ” arasında son turlara qədər gərgin mübarizə gedəcək. Sonluğun necə olacağı klub və komandadakı durumdan asılı olacaq. Bu məsələdə, fikrimcə, təcrübə də müəyyən rol oynayacaq.
HƏBİB