“Azərbaycanlı futbolsevərlər Qurban Qurbanova güvənməli, daha önəmlisi isə səbirli olmalıdı”
Balkan yarmadasının ortasında, Avropanın şərqində yerləşən Kosovo Albaniya, Makedoniya, Serbiya və Monteneqro ilə qonşudu. Kosovo Azərbaycan tərəfindən müstəqil ölkə kimi tanınmasa da, dünyanın 111 ölkəsi əhalisinin sayı təxminən 1 milyon 900 min olan Kosovonu müstəqil respublika kimi qəbul edib. Sabah Millətlər Liqasının ilk turunda Qurban Qurbanovun rəhbərlik etdiyi milli bu ölkənin yığması ilə üz-üzə gələcək. Ötən saylarımızda Bernar Şallandın baş məşqçisi olduğu yığma haqda məlumat verib, heyətdə yer alan oyunçuların nəyə qadir olduğunu, hansı klublarda çıxış etdiyini incələmişdik. Bundan başqa, yığmanın ilk dəfə qarşılaşacağı rəqibin beynəlxalq arenada çıxışına toxunub, statistik göstəriciləri ilə sizləri tanış etmişdik. Qısaca xatırladaq ki, bu günə kimi yalnız bir dəfə, Rusiyada təşkil olunan dünya çempionatının seçmə mərhələsində iştirak edən kosovolular qrupda keçirdikləri 10 qarşılaşmada yalnız 1 xal toplamağı bacarıb. Ancaq bu o demək deyil ki, 2016-cı ildə FİFA və UEFA-ya üzv qəbul olunan Balkan təmsilçisi zəifdi. Əksər mütəxəssislərin fikirincə, yığma üzvlərinin hamısının legioner həyatı yaşadığı Kosovo millisi bəzi komponentlərdə Qurbanovun çalışdırdığı yığmamızı üstələyir.
Ancaq bir mütəxəssis var ki, o həm Azərbaycan, həm də Kosovo futbolunun səviyyəsinə yaxından bələddi. Söhbət 2004-05-ci illərdə “Turan”ı çalışdırmış Naci Şensoydan gedir. 60 yaşlı məşqçi Azərbaycandan ayrılandan sonra Bolqarıstanda, Türkiyədə, Albaniyada çalışdığından və əslən Kosovo türkü olduğundan Naci bəyin də Azərbaycan – Kosovo oyunu ərəfəsində fikirlərini öyrənməyi lazım bildik.
- Salam Naci bəy, necəsiz?
- Siz sağ olun. Azərbaycandan gələn zəngləri hər zaman sevə-sevə qəbul edir, sizlərlə danışmaqdan zövq alıram.
- Sizi aramaqda məqsədimiz Azərbaycan – Kosovo oyunu ilə bağlı fikirlərinizi öyrənməkdi.
- Hər zaman Azərbaycan futboluna xidmət etmək mənim üçün çox xoşdu.
- Bildiyiniz kimi, sentyabrın 7-də Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Millətlər Liqasının ilk turunda Kosovo ilə qarşılaşacaq. Oyunla bağlı nə deyə bilərsiz?
- Bildiyiniz kimi, mən Kosovoda dünyaya göz açmışam. Futbolda ilk addımlarımı da orda atmışam. Sonradan Türkiyəyə köçmüşük və karyeramı orda davam etdirmişəm. Hazırda da Azərbaycana qardaş olan ölkədə yaşayıram. Kosovo hələ ki gənc dövlətdi. Təxminən 100-ə yaxın ölkə onun müstəqilliyini tanıyıb. FİFA və UEFA kimi ali qurumlara da yaxın vaxtlarda üzv qəbul olunub. Gənc respublika olmasına baxmayaraq, Kosovoda həmişə istedadlı futbolçular yetişib. Hazırda İsveçrə millisinin şərəfini qoruyan Cerdan Şakiri, Qranit Caka, Valon Behrami, Blerim Cemaili, Admir Mehmedi kimi tanınmış oyunçular kosovoludu. Təəssüf ki, bəlli səbəblərdən onlar bu gün başqa ölklərin yığmalarının şərəfini qoruyurlar. Onların hamısını bir araya gətirmək mümkün olsaydı, Kosovo Avropanın top-yığmalarını çıxmaq şərti ilə çoxlarına başağrı yarada bilərdi. Bu gün milliyə cəlb olunan oyunçuların da hamısı ölkə xaricində çıxış edir. Bu isə artıq Kosovo yığmasının üstünlüyüdü.
- Sözlərinizdən belə başa düşmək olar ki, siz də Bakıda keçiriləcək ilk oyunda favorit qismində Kosovonu görürsüz.
- Mən o fikiri səsləndirmədim. Sadəcə, demək istəyirəm ki, Kosovoda istedadlı futbolçular yetişib və yetişməkdə davam edir. Adını çəkdiklərimlə yanaşı, şəxsən mənim tələbələrim olan Vedat Muriqi və Samir Uykani hazırda Türkiyə superliqasında mübarizə aparan “Çaykur Rizəspor”un şərəfini qoruyurlar. Kosovo yığmasının bütün futbolçularının legioner həyatı yaşaması Azərbaycan millisi ilə müqayisədə üstünlük sayıla bilər. Ancaq “Qarabağ”da oynayan milli üzvlərinin Çempionlar Liqasının və Avropa Liqasının qrupunda oynamasını da unutmayaq. Belə mötəbər turnirlərin qrupunda oynamaq, səviyyəli klublara qarşı mübarizə aparmaq özü əvəzsiz təcrübə və böyük məktəbdi.
- Konkret danışmağınızı xahiş edərdim. Şansları necə dəyərləndirirsiz?
- Fikrimcə, şanslar 51-in 49-a Azərbaycanın xeyrinədi. Sizin yığmanın beynəlxalq oyun təcrübəsi daha zəngindi. Belə turnirlərdə bu amil də sözünü deyir.
- Kosovonun şərəfini qoruyanların legioner həyatı yaşamasını üstünlük kimi qələmə verdiz. Bəz Azərbaycan millisinin üstünlüyü nədədi?
- Baş məşqçisində. Azərbaycanlı futbolsevərlər Qurban Qurbanova güvənməli, daha önəmlisi isə səbirli olmalıdı. Yalnız belə olacağı təqdirdə nəticə qazanmaq mümkün olacaq. Qurban hoca “Qarabağ”da gördüyü işlərlə, qazandığı uğurlu nəticələrlə nəyə qadir olduğunu hamıya sübut edib. Allah eşqinə, 6 il millinin “sükanı arxasında” olan, heç bir nəticə qazanmayan, Azərbaycanda çalışdığı dönəmdə aldığı milyonlarla qocalığını təmin edən Berti Foqtsa münasibətdə səbirli olub nazını çəkmisizsə, Qurbanova qarşı daha təmkinli davranmalısız. Necə deyərlər, səbr edən dərviş muradına yetmiş. Qurban hoca yığmaya dəvət etdiyi hər bir oyunçunun potensialına yaxından bələddi. Millinin aparıcı üzvlərinin onun rəhbərliyi altında “Qarabağ”da oynaması da xüsusi vurğulanası məqamdı. Həmin futbolçular artıq baş məşqçinin oyun fəlsəfəsinə uyğunlaşıblar və bir işarə ilə çalışdırıcının onlardan nə tələb etdiyini anlayırlar.
- Azərbaycan çempionatını izləyirsiz?
- Harda çalışmağımdan asılı olmayaraq, həmişə Azərbaycan premyer-liqası ilə marqlanır, futbolunuzda yaşanan son durumdan xəbər tutmağa çalışıram. Klublarınızın bu yay avrokuboklarda zəif nəticələrə imza atmasına məyus olsam da, “Qarabağ”ın növbəti dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanması məni çox sevindirdi. Bu tək Azərbaycanın yox, bütün türk dünyasının uğurudu. Artıq qitədə “Qarabağ”ı bir futbol brendi kimi qəbul edirlər. Bəlkə də 10 il öncə avropalılar “bu nə klubdu, haranı təmsil edir” sualı ətrafında baş sındırırdısa, artıq dönəm dəyişib. “Qarabağ” özünü təsdiq etməyi bacarıb. Fürsətdən istifadə edib çox sevdiyim Azərbaycana, məni tanıyanlara sevgimi və salamımı çatdırın.
RƏŞAD