Volkan Üst kollektivlə iclas keçirib
Premyer-liqanın 3-cü turunun yayını tamaşaçıları narazı saldı. Şənbə günü keçirilən "Zirə" - "Sabah" matçı canlı göstərilmədi. Yalnız qarşılaşmanın startından bir saat sonra CBC-də (CBC İnternational) görüşün videoyazısı nümayiş etdirildi. Halbuki PFL bütün oyunların "CBC Sport" vasitəsilə canlı yayınlanacağını açıqlamışdı. Əslində "Zirə" - "Sabah" matçının göstərilməməsinin səbəbi məlumdu. Belə ki, həmin gün saat 20.00-da İtaliya çempionatında "Yuventus" - "Latsio" görüşü var idi. "CBC Sport" da məhz A seriyasının oyununu göstərirdi. Sadəcə, "Dalğa Arena"dakı matçın CBC-də canlı yayınlanmamasının səbəbi həmin vaxt adı çəkilən kanalda siyasi verilişin getməsidi. Bir sözlə, azərbaycanlı azarkeşlər "Zirə" - "Sabah" görüşünə canlı baxa bilmədi. Təbii, auditoriyasından asılı olmayaraq ölkə çempionatının İtaliya birinciliyinə qurban verilməsi normal qarşılana bilməz. Elə sosial şəbəkələrdəki etirazları da bu baxımdan anlamaq olar. Çünki "CBC Sport" üçün prioritet premyer-liqamızın oyunları olmalıdı. 3-cü turda diqqəti çəkən digər çatışmazlıq isə "Qarabağ" - "Neftçi" matçında yaşandı. Belə ki, uzatma dəqiqələrində yayın dayandırıldı və tamaşaçılar oyunun sonunu görmədi.
Dünən "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb narazılıq doğuran məqamlarla bağlı fikirlərini öyrəndik: "Öncə "Qarabağ" - "Neftçi" matçı haqda onu deyim ki, texniki problem oldu. Tək bizimlə bağlı deyildi. Bu gün profilaktik işlər görülür. Volkan bəy ("CBC Sport"un direktoru Volkan Üstü nəzərdə tutur – F.) iclas keçirdi, tapşırıqlarını verdi. Hazırda mövsümün əvvəlidi. Bizdə də bir sıra texniki avadanlıqlar sınaqdan keçirilir. Daha öncə də bu cür avadanlıqları yoxlamışdıq, problem olmamışdı. Lakin oyun zamanı çatışmazlıq baş verdi. Çalışacağıq ki, bundan sonrakı oyunlarda belə hal təkrarlanmasın. İnşallah, yaxşı olar. Digər məsələyə gəlincə, İtaliya çempionatının ilk 3 turunda bir gündə 5 və hətta daha çox oyun eyni saatda başlayır. Odu ki, bölüşdürmək bizim üçün də çətindi. İstəyirik ki, bütün azarkeş kütləsinin marağını nəzərə alıb, oyunları yayınlayaq. Artıq ilk 3 turdan sonra A seriyasının oyunları müxtəlif saatlarda başlayacaq. Oyunları bölüşdürmək bizim üçün daha rahat olacaq. Təbii, bizim üçün prioritet Azərbaycan çempionatı olaraq qalır. Biz ölkə birinciliyi tarixində oyunların 98-99 faizini yayınlayan ilk telekanalıq. Bundan qürur duyuruq, həmin tendensiya, statistika davam etsin".
FARİZ