Gəncədə “Neftçi”ylə oyuna maraq böyükdü
“Kəpəz”in elitanı tərk edəcəyi rəsmən elan edilsə də, gəncəli azarkeşlər, komandanın məşqçilər korpusu hələ də AFFA tərəfindən güzəşt olunacağına ümidlərini itirməyiblər. İndi bütün gözlər ölkənin ikinci böyük şəhərinin icra başçısı Elmar Vəliyevə dikilib. Məhz Elmar bəy ötən ilin dekabrında Kirovabad “Dinamo”sunun SSRİ çempionatının yüksək liqasına yüksəlməsinin 50 illiyi ilə bağlı təşkil olunan tədbirdə qonaqlara, şəhərin idman ictimaiyyətinə və media nümayəndələrinə “növbəti mövsümdə daha iddialı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq “Kəpəz” görəcəksiz” deyib, bunun üçün əməli addımlar atılacağını söyləmişdi. “Ramada” otelində Gəncənin 2018-də “Avropanın idman paytaxtı” adına namizəd olmasını da xüsusi vurğulayan Vəliyev “yeni infrastruktur yaradılacaq, stadionda əsaslı təmir işləri aparılacaq ki, komanda növbəti mövsümdən Gəncədə məskunlaşsın” deməyi də unutmamışdı. Ancaq icra başçısının arzuları reallaşmadı. İcraiyyə Komitəsinin son toplantısında komitə üzvləri idman prinsiplərini nəzərə alaraq “sarı-göylər”in premyer-liqanı tərk etməsinə qərar verdi.
Yunis Hüseynov Elmar Vəliyevlə görüşəcək
Lakin bugünlərdə Gəncədən bizə çatan xəbərlərdən belə qənaətə gəlmək olar ki, bu məsələyə hələ nöqtə qoyulmayıb. Daha doğrusu, Elmar bəy klubun taleyinə biganə qalmaq istəmir və “Kəpəz”in elitada oynaması üçün “yuxarılar”la danışmaq niyyətindədi. “Sarı-göylər”in elitadan düşəcəyi xəbəri açıqlanandan sonra mediada son turda keçirilməli olan “Kəpəz” – “Neftçi” matçının Bakıda baş tutacağı ilə bağlı xəbərlər yayılıb. Ancaq kluba yaxın olan şəxslərdən aldığımız bilgiyə görə, komanda artıq bu gün Gəncəyə yollanacaq və “ağ-qaralar”ı məhz “doğma divarlar” arasında qonaq edəcək. Hətta bu gün “Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun Elmar Vəliyevlə görüşü də planlaşdırılıb. Mənbəzimizin sözlərinə inansaq, məhz bu görüşdən sonra klubun gələcək taleyinə aydınlıq gələcək. “Sarı-göylər”in “ağ-qaralar”la paytaxtda qarşılaşmaq məsələsinə gəlincə, bu ehtimalı doğuran səbəb var. Belə ki, sevimli komandalarının premyer-liqanı tərk etməsi ilə barışmayan gəncəli azarkeşlər son günlər sosial şəbəkələrdə AFFA-nın, konkret desək, qurumun baş katibinin əleyhinə şərhlər yazır, 2017/18 mövsümünün son ev qarşılaşmasında tribunalarda assosiasiya rəhbərliyinə etiraz edəcklərini bildirirlər. Bu məqamları nəzərə alan bəzi mətbu orqanlar da AFFA rəhbərliyinin xoşagəlməz olaylardan “sığortalanmaq” üçün oyunun Bakıda keçirilməsini istədiyini tirajlayıb. Gəncədəki mənbəmiz komandanın “Neftçi”ylə qarşılamasına şəhərdə böyük marağın olduğunu və azarkeşlərin xüsusi hazırlaşdığını bildirsə də, hansısa iğtişaşın və ya başqa xoşagəlməz olayların yaşanacağına, tribunalarda kəskin şüarların səsləndiriləcəyinə imkan verilməyəcəyini bildirdi. Onu da qeyd etdi ki, bazar günü arenaya 10 mindən çox azarkeşin gələcəyi gözlənilir.
120 min manatlıq ianə və ya azarkeşləri ümidləndirən səbəb
Gəncə təmsilçisinin aşağı dəstəyə yuvarlanmasına münasibət bildirən komandanın hazırkı baş məşqçisi Yunis Hüseynov “mən həmişə bölgə təmsilçilərinin elitada çox olmasının tərəfdarı olmuşam. Yalnız belə olacağı təqdirdə futbolumuz inkişaf edəcək. O ki qaldı “Kəpəz”in birinci divizionda oynayıb-oynamayacağına, bu hələ bilinmir. Ola bilsin, komanda aşağı dəstədə çıxış etməsin” söyləməklə yadda qalmışdı. Onun bu sözlərini bir çoxları “Hüseynov AFFA-nı şantaj edir” kimi dəyərləndirsə də, sən demə, bu heç də belə deyilmiş. Çünki “Kəpəz” birinci dəstədə çıxış edəcəyi halda assosiasiya hazırda kluba ayırdığı büdcənin heç 1/10-ni verməyəcək. Mənbəzimizin sözlərinə inansaq, qurum aşağı dəstədə çıxış etmək üçün “sarı-göylər”ə cəmi 120 min manat maliyyə vəsaiti ayırmaq fikrindədi. Digər xərclər üçün isə 90 min manat nəzərdə tutulub. Heç şübhəsiz, bu da gəncəliləri razı salmır. Ona görə də şəhər rəhbərliyi və məşqçilər korpusu məhdud büdcə ilə fəaliyyət göstərməkdənsə, ümumiyyətlə, geri çəkilməyi, klubu “tərksilah etməyi” lazım bilirlər. Mənbəmiz onu da bildirdi ki, hazırda stadion ərazisində təmir işləri davam etdirilir. “Kəpəz”in elitanı tərk edəcəyi rəsmən elan olunsa da, ağır texnika hələ ərazidə işləyir ki, gəncəli azarkeşləri ümidləndirən məqamlardan biri də budu.
RƏŞAD