29 yan 17:49manset

İslam Kərimov – 50!

İslam Kərimov – 50!
Yubilyar “Futbol+”in sualını eşidib kövrəldi

Azərbaycan futbolunda tək-tük adamlar var ki, üzdə olmaya-olmaya kifayət qədər tanınırlar, hörmət sahibi kimi yadda qalırlar. Hansısa premyer-liqa təmsilçisinin baş məşqçisi kimi günaşırı efirlərdə görünmür, futbolçular kimi müsahibələr vermir, verilişlərə dəvət almır. Amma uşaqdan-böyüyə hamı onu tanıyır. Üzünü görməsələr də, ən pis halda adını eşidirlər. Belələrindən biri də İslam Kərimovdu. Ömrünün yarısını - 25 ilini “Neftçi”yə həsr edən, sonradan ölkə futbolunda xüsusi çəki sahibi olacaq neçə-neçə futbolçunun bu idman növündə ayaq açıb yeriməsi üçün əlindən tutan şəxsdən gedir söhbət. Vaxtilə U-17 millimizin “sükanı arxasında” erməniləri meydandan başıaşağı yola salan məşqçi də o olub. İslam bəy dost-tanış arasında təkcə futbol savadına, gənclər və yeniyetmələrlə işləmək bacarığına görə tanınmır. O həm də qatı vətənpərvərdi. 20 Yanvar hadisələrinin canlı şahidi olub, Qarabağ uğrunda döyüşlərə könüllü kimi qatılaraq milli qəhrəman Allahverdi Bağırovla Ağdamda çiyin-çiyinə döyüşüb. Həm məşqçidi, həm də müharibə veteranı. Haqqında bəhs etdiyimiz İslam Kərimovun sabah 50 yaşı tamam olur. Bu münasibətlə dünən səbəbkarla əlaqə saxlayıb, yubiley müsahibəsi üçün hazırladığımız sualları cavablamağı xahiş etdik. A kateqoriyalı əməkdar məşqçiylə söhbətimizlə siz də tanış olun.

“Qocalmaq istəmirəm”
- 50 ili geridə qoyduğunuza görə sevinirsiz, yoxsa kədərlənirsiz?
- Əlbəttə, kədərlənirəm. Yaş gedir, saçlarım ağarıb. Cavan olmaq, həyata yenidən başlamaq istərdim. Dünyaya yenidən gəlsəydim, çox işlər görə bilərdim. Azərbaycan futboluna indikindən ikiqat artıq fayda verərdim. Məncə, potensialımdan düzgün istifadə olunmadı. Özüm də hansısa məqamlarda səhvlərə yol verdim. Qocalmaq istəmirəm.
- 50-ni iki yerə bölsək, hansı 25 il daha maraqlı, yaddaqalan olub?
- Həyatımın ən xoşbəxt çağları birinci 25 ildə olub. Cavan, emosional, dava-dalaşa meyilli olmuşam. O illərin xatirələri hələ də canlı səhnə kimi gözümün önündədi. Digər tərəfdən də ömrümün ən qayğısız, duyğulu illəri. Bakıda böyümüşəm. Şəhərimizin 70-80-ci illəri üçün çox darıxıram. Uşaqlığım o küçələrdə, prospektlərdə keçib. “Sovetski”, “Kubinka”, “Zavokzalni”, “İnqilab”, “Vosmoy” – uşaqlığım, cavanlığım buralarda olub. O qədər xoş xatirələr var ki, günlərlə, həftələrlə danışsam, bitməz. “Qarayev”də 12 nömrəli məktəbi bitirmişəm. Aygün Kazımova ilə eyni məktəbdə oxumuşuq.
- 50 ildə aldığınız ən dəyərli ad günü hədiyyəsini xatırlayırsız?
- Niyə xatırlamıram?! 2002-ci ildə - 35 yaşım tamam olanda almışam. “Ruslan-93”də təşkil olunan məclisdə AFFA-nın sabiq prezidenti Fuad Musayev tərəfindən verilən hədiyyə idi. Öz otağından mənə meydança maketi təqdim etdi. Həmin maketi indiyə qədər qoruyub saxlayıram. Çünki o hədiyyə mənə uğur gətirdi. O “meydança” evimə gələndən sonra 10 dəfə ölkə çempionu olmuşam, Avropa çempionatında mərhələ adlamışam.
- 2002-ci ildə təşkil olunan məclisdən başqa hansısa yubileyi təmtəraqlı şəkildə qeyd etmisiz?
- İndiyə qədər ən yaddaqalanı elə “Ruslan-93”dəki olub.
- Bəs 50 illə necə vidalaşmağı planlaşdırırsız?
- 2002-dən bu yana çox şey dəyişib. Artıq ailəm var, atayam, əmiyəm, dayıyam. Ona görə də yubiley tədbirinə ehtiyac olduğunu düşünürəm. Bəli, yüksək səviyyədə qeyd edəcəm.

“Azərbaycanın imperatoru İslam Kərimovdu”
- Harda?
- Mənim öz toyum da “İmperator” şadlıq sarayında olub, oğlumun kiçik toyu da. Yubileyimi də “İmperator”da qeyd edəcəm. Türkiyənin imperatoru Fatih Terimdisə, Azərbaycanın imperatoru İslam Kərimovdu. Ona görə də “İmperator”a bağlı adamam. Mənim şah əsərim Kamran Ağayevdi. O uşağı Dəvəçidən gətirib zirvəyə ucaltmışam. Onun nə uğurları varsa, hamısı mənim adımla bağlıdı. Oxunaqlı əsərlərim Ruslan Abışov, Araz Abdullayev, Namiq Yusifov, Asif Məmmədov, Mirhüseyn Seyidov, İlqar Qurbanov, Elnur Abdullayev, Fəhmin Muradbəylidi.
- Sizi tanıyanların sayı yüzminlərdi. Ölkə futbolunda, çətin ki, kimsə İslam Kərimovun adını eşitməsin. Maraqlıdı, yubiley günündə şadlıq sarayında neçə qonağınız olacaq?
- Azərbaycan futbolunda uşaqdan-böyüyə hamı mənə doğmadı, əzizdi. Çox istərdim ki, hamı bir yerə yığışsın. Amma söhbət restorandan gedirsə, say məhdudiyyəti ilə barışmağa məcburuq. Hardasa 100 nəfər qonağım olacaq. Düzünü desəm, insanların, dost-tanışların xahişini nəzərə alıb yubileyi bu cür keçirirəm.
- O cür məclis ola, yubilyar “boğazını yaşlamaya”...
- Yox-yox, nə danışırsız?! Bu yaşıma qədər dilimə nə spirtli içki dəyib, nə də siqaret. Pivə nədi ki, onun da dadını bilmirəm. Nə olur-olsun, içmərəm.
- İlk badənin kimin sağlığına qaldırılmasını istərdiz: “Neftçi”nin 80 illiyinin, yaxşı dostların, yoxsa layiqli yetirmələrinizin?
- Əlbəttə ki, “Neftçi”nin. Məni bu səviyyəyə “Neftçi” çatdırıb. Yeri gəlmişkən, bu il, bu ay həm yaş, həm də “Neftçi”də çalışmaq yubileyidi. 1992-ci il yanvarın 13-də ilk dəfə “Neftçi”də işə başlamışam. Düz 25 ildi bu klubda çalışıram. “Neftçi” mənim həyatımdı, ömrüm boyunca bu kluba sadiq olmuşam. Sona qədər də burda qalacam. Heç yerə gedən deyiləm. “Neftçi”li kimi doğulmuşam, “Neftçi”li kimi də öləcəm. İndiyə kimi əynimdə başqa klubun paltarı olmayıb. Bir “Neftçi”ni tanımışam, bir də yığmanı. Klubun “Neftçi” PFK kimi təsis olunmasında mənim böyük əməyim olub. Müstəqillik tarixində “Neftçi”ni yaradanlardan biri mən olmuşam. Klubu qeydiyyatdan keçirmək üçün o vaxtkı ədliyyə naziri Əlisahib Orucovla üz-üzə oturan adam olmuşam. Ona görə də ilk badə “Neftçi”nin sağlığına qaldırılmalıdı.

“Atamı istəyirəm, atamı”
- Yubiley günündə hansı dostunuzun məclisdə iştirak edə bilməyəcəyinə görə təəssüflənəcəksiz?
- Həyatda ən yaxın dostum atam olub. Həmin gün yanımda olmayacağına üzülürəm. Atamın yanımda olmasını istərdim. 2004-cü ildə rəhmətə getdi, heç nə görmədi. Nə ailə qurmağımı gördü, nə övladımı, nə də ardıcıl çempionluqları. Çox istərdim 5 dəqiqə yanımda olsun. Atamı istəyirəm, atamı. Başqa heç nə istəmirəm. Baba kimi nəvəsini görüb başına sığal çəkəydi kaş (kövrəlir deyə, sözünə davam edə bilmir).
- Neçə il yaşamaq istərdiz?
- Bundan sonra 20 il də yaşamaq istərdim. Amma indiki kimi şərəfli. Həyatda ən böyük nailiyyətim şərəfli olmağım, xalqıma sədaqətlə xidmət etməyimdi.
- Yanvarın 29-da “Qarabağ”la “Neftçi” arasında prinsipial qarşılaşma baş tutacaq. Derbi tədbirə təsir etməyəcək ki?
- Məclisi yanvarın 30-na təyin etmişik. Futbolçuların, məşqçilərin xahişini nəzərə alıb bir gün sonraya keçirdik. “Neftçi” bu qarşılaşmada qələbə qazansa, mənim üçün bundan gözəl ad günü hədiyyəsi ola bilməz.
- İslam Kərimov çoxlarına çörək verib, futbolçu kimi yetişməsində rol oynayıb. Bəs İslam Kərimovu İslam Kərimov edən kim, ya da kimlər olub?
- İki gözəl insan - Fuad və Ramin Musayevlər. İslam Kərimov olduğuma görə bu iki şəxsə borcluyam. Allah hər ikisinə uzun ömür versin. Ramin Musayev ən yaxın dostum, mənə sadiq olan insandı.
- Müharibə illərində milli qəhrəman Allahverdi Bağırovla çiyin-çiyinə vuruşduğunuzu eşitmişik. Elə isə müharibənin yenidən başlamasını istərdiz?
- 1992-ci ildə 845 saylı könüllü batalyonda xidmət etmişəm. 121 dəfə döyüşdə olmuşam. Hərbi biletim başdan-ayağa mükafatlardı. Allahverdi Bağırovla nəinki eyni səngərdə güllə atmışıq, onun ən yaxın sirdaşı olmuşam. İlk milli ordunun yaranmasında da mənim böyük xidmətim var. Mən millətçi olmuşam, türkçü olmuşam.
- Müharibə arzulayırsız?
- Çox istərdim ki, Ali Baş Komandan səfərbərlik elan etsin. Torpaqlarımız müharibə yolu ilə alınmalıdı, başqa yol yoxdu. Dünyada heç bir torpaq sülh yolu ilə verilməyib. Tarixdə belə bir şey olmayıb. Şərəfsiz sülhdənsə şərəfli ölüm yaxşıdı.
- Ermənilərin U-17 yığmasını yaşıl meydanda məğlub etmək daha qürurverici idi, yoxsa Qarabağ döyüşlərində düşmənə güllə atmaq?
- Mənim üçün müharibə daha önəmli, qürurvericidi. Futbolda qarşında düşmənin durduğunu bilə-bilə heç nə edə bilmirsən. Qələbə qazanırsan, vəssalam. Həyat davam edir. Çünki idmanın bir növüdü. Amma müharibədə əlində silah, top, “qrad” olur. Düşmənin qanını tökməyə çalışırsan, məhv edirsən.

"Bu gün mənim maşınım yoxdu, bilirsiz, niyə?"
- Azərbaycan futbolu İslam Kərimovu qazanıb, yoxsa futbol İslam Kərimova qazandırıb?
- Fikrimcə, ölkə futbolu mənim timsalımda bacarıqlı uşaq məşqçisi qazanıb. Uşaq məşqçisiyəm, buna görə peşman da deyiləm. Dəfələrlə böyük futbolda çalışmaq təklifi almışam, amma qəbul etməmişəm. Nə Fuad Musayev razı olub, nə də Ramin Musayev. Ramin müəllim yanına çağırıb dedi ki, İslam, sən uşaq futbolunda olmalısan. Bu gün öz-özümə deyirəm ki, düz etmişəm.
- Bəs futbol sizə nə qazandırdı?
- Futbol mənə vicdanlı, ləyaqətli olmağı, məşqçi işini sevməyi, xalqa sədaqətlə qulluq etməyi öyrətdi. Fikrimcə, bundan yaxşı qazanc ola bilməz.
- Hər şey sıfırdan başlasaydı, yenə uşaq məşqçiliyini seçərdiz?
- Futbolçunun şəxsiyyət kimi yetişməsi, formalaşması uşaq məşqçilərinin üzərinə düşən işdi. Bu gün mən buna çalışıram. Uşaqlara vətənpərvərlik ruhunu aşılamaq lazımdı. Cəfər Cabbarlının, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın əsər və şeirlərini oxumuşam. Çox güclü ədəbiyyatçıyam.
- Mahir Şükürov Sabir Əliyevə, Rəşad Sadıqov isə Vaqif Paşayevə bahalı avtomobil hədiyyə edib. Bəs siz kimin adını çəkə bilərsiz?
- İnanın, heç bir hədiyyədə gözüm yoxdu, istəmirəm. Onlar ölkə futboluna, yığmaya şərəflə xidmət etsinlər, mənə bundan gözəl hədiyyə ola bilməz. Bu gün mənim maşınım yoxdu. Bilirsiz, niyə? Çünki maşına həvəsim olmayıb, istəməmişəm.
- Veriblər götürməmisiz, yoxsa verməyiblər?
- Versələr də, götürmərəm. İslam Kərimovun gözü heç vaxt mükafatda, rüşvətdə olmayıb. Millətim üçün çalışmışam, pul üçün yox. Bəlkə də Azərbaycanda ən az maaş alan uşaq məşqçisi mənəm. Bu dəqiqə 3 komanda ilə işləyirəm: “Neftçi”nin U-8-i, U-9-u və U-10-u. Həmçinin 3 komandayla işləyən yeganə məşqçiyəm.
- Özünüz özünüzə nə arzulayırsız?
- İlk növbədə cansağlığı. Daha sonra Qarabağın qaytarıldığını görmək, balalarımın xoşbəxtliyinə baxmaq. Ən çox istədiyim bunlardı. Çox ağıllı, bacarıqlı oğlum var. Adı Fuaddı. Şərəfli, ləyaqətli böyüməsini istəyirəm. Unutmasın ki, o, İslam Kərimovun oğludu.
- Oğlunuzun yolunuzu davam etdirməsini istərdiz?
- Oğlumun çox gözəl biliyi var, savadlı uşaqdı. İstəməzdim mənim yolumu getsin. Tanınmış hüquqşünas olmasını arzulayıram. Düzdü, indi futbola gedir, həvəsi var. Zamanla baxacam, ya ən yaxşı futbolçu olmalıdı, ya da olmamalıdı. Ortabab olmasındansa olmaması yaxşıdı.
- Yubiley günündə küsülü olduğunuz kiminlə barışmaq istərdiz?
- Vallah, təbiətcə elə insanam ki, inanmıram kimsə məndən küsülü qalsın, ya da mən kimdənsə küsüm. İş prosesində hansısa münaqişə, söz-söhbət ola bilər. Amma küsmək, kiminsə üzünə baxmamaq – belə şeylər mənlik deyil. Mən hamı ilə mehribanam. Küçədə gedirəm, avtobusa minirəm, hamı əl uzadıb görüşür, hal-əhval tutur... 1997-ci ilin oktyabrından “Futbol+”in daimi oxuyucusuyam. İnanmıram ki, məndən stajlı oxucunuz olsun. Mahir Rüstəmli qəzeti yaradan gündən xeyir-duaçı olmuşam. Məşqçi kimi yetişməyimdə “Futbol+”in böyük rolu olub. Haqlı tənqid etmisiz, yol göstərmisiz. Buna görə hər birinizə təşəkkür edirəm. 50 illik yubiley ərəfəsində məni unutmadığınıza görə xüsusi minnətdarlığımı bildirirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar