Arif Əsədov: “Mübarizəyə evdə start verməyimiz üstünlükdü”
Srağagün Millətlər Liqasının (ML) püşkü atıldı. D liqasında yer alan yığmamız Farer adaları, Malta və Kosovo ilə 3-cü qrupda mübarizə aparacaq. Artıq bu yöndə geniş müzakirələrə rast gəlmək mümkündü. Bəziləri Kosovoya, bəziləri isə Farer adalarına “asan yem” gözü ilə baxmağın bizə baha başa gələ biləcəyi fikrindədi. Yalnız Malta ilə bağlı bədbin proqnozlar, demək olar, yoxdu. Lakin əksəriyyət bu düşüncədədi ki, yığma nəinki qrupda birinci yeri tutmalıdı, həm də D divizionun qalibi olmalıdı. Hamıya bəllidi ki, millinin seçmə oyunlardakı nəticələrlə AÇ-nin final mərhələsinə yüksəlməsi inandırıcı deyil. Odu ki, əsas ümid ML-dəki uğurlu nəticəyədi. Çünki burda faktiki Avropanın ən zəifləri yer alıb. Həmin komandalarla mübarizədə də hədəfə çata bilməmək artıq uğursuzluğun son həddi sayılacaq. İnanaq ki, belə olmayacaq.
Məlum olduğu kimi, yığma qrupda 6 oyun keçirəcək. Həmin səddi uğurla dəf edəcəyi halda, əsas komanda daha 2 qarşılaşmada qalib gəlməlidi. Belə ki, qrup birinciləri neytral meydanda keçiriləcək və 1 oyundan ibarət olacaq yarımfinalda üz-üzə gəlir. Qaliblər isə yenə də neytral meydanda təşkil olunacaq finalda qarşılaşır. Deməli, yığmanın işləri qaydasında gedərsə, 8 oyunun (6 qrup, yarımfinal və final) yekununda AÇ-nin seçmə mərhələsinə vəsiqə qazanacaq. Bunun baş verməsi isə futbol tariximizdə ilk yaşanması deməkdi. Onu da unutmayaq ki, qarşıdakı qitə birinciliyinin final mərhələsinə evsahibliyi edəcək şəhərlərdən biri də məhz Bakıdı. Bu üzdən yığmamızın hədəfə çatması ikiqat bayrama çevriləcək.
Ötən sayımızda qrup mərhələsinin təqvimini də diqqətinizə çatdırmışdıq. Belə ki, yığma ilk oyununu sentyabrın 7-də evdə Kosovoya qarşı keçirəcək. Qurban Qurbanovun komandası 3 gün sonra səfərdə Malta ilə üz-üzə gələcək. ML üçün növbəti “pəncərə” oktyabrda “açılacaq”. Həmin ayın 11-də Farer adalarının qonağı olacaq milli 14-də “doğma divarlar” arasında Maltanı qəbul edəcək. Yığma qrupdakı son iki oyununa isə noyabrın 17-si və 20-də çıxacaq. Əvvəlcə evdə Farer adaları ilə qarşılaşacaq əsas komanda daha sonra Kosovo səfərinə yollanacaq. Başqa sözlə, Kosovo ilə başlayıb, bu rəqiblə də bitirəcəyik. Əslində püşkün nəticəsi kimi, təqvimi də özümüz üçün münasib hesab etmək olar. Çünki ilk görüşdə qrupda nisbətən fərqlənən komandalardan biri olan Kosovonu “doğma divarlar” arasında sınağa çəkəcəyik. Yığmanın yeni yarışdakı ilk oyunu, Qurbanovlu milliyə inam, AÇ üçün real şans kimi məqamlar azarkeşlərin stadiona axışacağından xəbər verir. Odu ki, startda uğurlu nəticə qazanmaqla hədəfə doğru önəmli addım atmaq olar. Ardınca Malta səfəri də elə də çətin olmamalıdı. Onsuz da əksəriyyət yığmanın maltalılarla qarşılaşmalarda maksimum nəticə əldə edəcəyinə şübhə etmir. Farer adaları ilə görüşlərə kimi artıq Qurbanovun komandası “oturuşmuş” olacaq və çoxlarının zəif hesab etmədiyi bu rəqibdən də mümkün 6 xalı qopara bilərik. Nə bilmək olar, bəlkə də Kosovo ilə son görüşə qədər yığma ilk pilləni özü üçün təmin edəcək. Onda həmin qarşılaşmanın da əhəmiyyəti qalmayacaq. Yarımfinal və final matçı haqda indidən nəsə demək yersizdi. Ən azı ona görə ki, həmin oyunlar 2020-ci ilin martında baş tutacaq.
Təbii, qrup oyunlarının 3 aydan da az müddətdə keçirilməsi baş məşqçilərin işini çətinləşdirəcək. Gücün bölünməsi, hədəflər baxımından oyunlara köklənmək vacib şərtdi. Elə Qurban Qurbanovun da atacağı addımlar maraq doğurur. Yəqin ki, hər yığmanın çalışdırıcısının öz strategiyası olacaq. Bütün bunlarla bağlı mütəxəssis fikri də öyrənməyi lazım bildik. Arif Əsədovun düşüncələri belə oldu: “Əvvəla onu deyim ki, yığmanın Millətlər Liqasında mübarizəsinə nikbin yanaşıram. Millinin bu qrupdan çıxmaq şanslarını yüksək dəyərləndirirəm. Hədəfə digər komandalardan daha yaxınıq. Ancaq bilirsiz ki, futbolda zəif rəqib olmur. Nəzərə alaq ki, bu komandaların hər birinin AÇ-yə çıxmaq şansı var. Ona görə də onların hamısı bu fürsətdən istifadə etməyə çalışacaq. Nəzərə alaq ki, hazırda D liqasında olan komandalar seçmə mərhələlər zamanı güclü rəqiblərin qrupunda autsayder olurdular. Lakin aşağı-yuxarı eyni gücdə olan yığmalarla mübarizədə hamısı şansını dəyərləndirməyə çalışacaq. Bu üzdən düşünmürəm ki, tam asan olacaq. Bununla belə, millinin şansını yüksək qiymətləndirirəm. O ki qaldı təqvimlə bağlı məsələlərə, bu haqda yığmanın baş məşqçisi daha yaxşı danışa bilər. Çünki planı özü quracaq. Yəqin ki, Qurban müəllim həmin mübarizəyə hazırlıq fonunda müxtəlif namizədlərə şans verəcək. Kim özünü yaxşı tərəfdən göstərərsə, qrup oyunlarına kimi həmin futbolçulardan ibarət ideal heyət formalaşdıracaq. Əsas odu ki, baş məşqçinin istədiyi futbolçular qrup oyunları zamanı öz klubunda da yaxşı səviyyədə çıxış etsin, həm fiziki, həm də taktiki-texniki baxımdan hazır olsun. Hamıya məlumdu ki, futbolçular qısa müddətdə milli məşqçilərinin sərəncamında olur. Oyunçular klubundan yığmaya hazır gəlməlidi ki, çalışdırıcı ona öz taktiki sxemini aşılaya bilsin. Ən vacib məqam budu. Burda birinci və ya sonuncu oyun arasında fərq yoxdu. İlk oyundan başlayaraq, maksimum xallar toplanmalıdı. Starteji hədəf müəyyənləşdirilməlidi. Tutaq ki, komanda neçə oyuna nə qədər xal toplamalıdı, harda itki ola bilər. Lakin bütün bunların yekununda ilk pillədə biz olmalıyıq. Onu artıq məşqçilər korpusu müəyyənləşdirəcək. Burda hər oyun vacib sayılacaq. Hansısa xal itkisi komandaya baha başa gələ bilər. Əlbəttə, qısa müddəti əhatə edən mübarizədə ilk qələbədən çox şey asılıdı. Evdə start verməyimiz isə bizim üstünlüyümüzdü. Mümkün qələbə qalan oyunlara da ruh yüksəkliyi ilə başlamaq üçün önəmli rol oynayacaq”.
FARİZ