10 may 20:48manset

Cavid Hüseynov “Qəbələ”nin gücləndirilməsini istəyir

Cavid Hüseynov “Qəbələ”nin gücləndirilməsini istəyir
“Çempionluğa iddialı komandaya belə səhvlər yaraşmır”

Hələ mövsümün əvvəlində çempionluq uğrunda əsas mübarizənin “Qarabağ”la “Qəbələ” arasında gedəcəyi proqnozlaşdırılırdı. Belə də oldu və maliyyə baxımından ən sabit komandalar həm qızıl medallar uğrunda çarpışdı, həm də kubokun finalında üz-üzə gəldi. Marafona əla start verən “qırmızı-qaralar” 12 oyun məğlub olmadı, “köhlən atlar”ı xeyli geridə qoymağı bacardı. Lakin bu uğurların davamı gəlmədi, yersiz xal itkiləri fonunda “Qarabağ” önə keçdi, çempionatın sonuna bir neçə tur qalmış qızıl medalları rəsmiləşdirdi. Kubokun finalında isə titul həsrətinə son qoymaq istəyən “Qəbələ”nin arzusu gerçəkləşmədi, əksinə, “köhlən atlar” “ikinci cəbhə”nin də qalibi oldu. Dünən “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynovla əlaqə saxlayıb, mövsümü dəyərləndirməsini, bizi maraqlandıran suallara aydınlıq gətirməsini istədik.

“Çox pis oynadıq, zəif təsir bağışladıq”
- Başlayaq kubokun finalından. Niyə uduzduz?
- Kuboku əldən verəcəyimizi düşünmürdük. Çünki son şansımız idi. Premyer-liqanın qalibi “Qarabağ” olmuşdu. Heç olmasa, kuboku qazanmaq istəyirdik. Bununla özümüzə təsəlli vermək niyyətindəydik. Ancaq heç də hər şey fikirləşdiyimiz kimi olmadı. Nəticədə məğlub olduq. Bu doğrudan da bizə çox pis təsir etdi. Ancaq nə etmək olar, bizimki belə gətirdi.
- İlk yarının ortalarında Tellur Mütəllimov zədələndi və Qriqorçuk məcburi iki dəyişikliyə əl atdı. Bu məqam məğlubiyyətdə nə dərəcədə rol oynadı?
- Düzdü, Tellurun zədələnməsi yaxşı olmadı və məcburi əvəzetmələrə ehtiyac yarandı. Yəni düşünülməmiş bir durum idi. Hadisələrin axarı plana uyğun getmədi. Ancaq istənilən halda, hər şeyə hazır olmalıydıq. Axı heç yaxşı da oynamadıq. Çox baxımsız oynadıq, şanslarımız çox az oldu. Çox zəif çıxış etdik.
- Komanda fiziki hazırlıq baxımından da “Qarabağ”dan geri qalırdı. Bu fikirlə razısan?
- Belə düşünmürəm. Hava isti idi, meydan isə istənilən vəziyyətdə deyildi. Bu öz yerində. Bunları səbəb kimi göstərmirəm. Fikrimcə, “Qarabağ” da o səviyyədə oynamadı ki, hər cəhətdən aciz görünək. Qalib gəlmək mümkün idi. Sadəcə, yenə təkrar edirəm, biz özümüz çox pis oynadıq, zəif təsir bağışladıq. “Qarabağ” isə əlinə düşən şansdan yararlandı. Hesabı bərabərləşdirmək istəsək də, hücumlarımız alınmırdı.
- Stadionun ot örtüyü oyunun bu cür alınmasına təsir etdi? Ümumiyyətlə, “Qəbələ” yaxşı vəziyyətdə olmayan, süni qazonlardan çox əziyyət çəkir.
- Bakıda 4-5 stadion var ki, bu gün ideal vəziyyətdədi. Özünüz də bilirsiz, oyunlara gedirsiz, baxırsız. Qarşılaşma Bakıda keçirilsəydi, müsbətlər çox ola bilərdi. İstər ajiotaj olsun, istərsə də oyun baxımından. Düzdü, Naxçıvan da bölgəmizdi. Belə qərar verildi, problem saymamalıyıq. Sadəcə, futbol cəhətdən maraqsız oyun alındı. Oyunda sürət yox idi. Halbuki bu rəqiblərin çempionatdakı duelləri hər kəsin yadındadı. Ümumiyyətlə, son vaxtlar zədələrin də sayı çoxalıb. Təbii, bunda meydançaların da böyük təsiri var. İstərdik ki, süni örtüklər yığışdırılsın. Gəncənin stadionu yenidən qurulsun, daha da yaxşı olsun. Bu ancaq futbolun inkişafına rəvac verə bilər. Müsbət cəhətləri çoxdu. Başa düşürük, stadionda əsaslı dəyişiklik etmək hər klubun imkanı daxilində deyil. Maddi durumu da nəzərə almalıyıq. Nə etmək olar, məcbur şəkildə oynamalıyıq.

“Mövsümün sonlarına yaxın enişdə idim”
- Cavid, başa çatan mövsümdə şəxsən öz çıxışını necə dəyərləndirirsən?
- Əslində yaxşı dəyərləndirmirəm. Bilirsiz ki, məlum hadisələrdən sonra çətin idi. Buna baxmayaraq, özümə qarşı həmişə tələbkaram. Elə buna görə də çıxışımdan razı qalmıram. Bu mövsüm də çıxışımı yaxşı qiymələndirmirəm.
- Əvvəlki Cavidi görməyimiz üçün nə qədər vaxt lazımdı?
- Bu sualı mənə çox veriblər. Futbola yenidən qayıdanda da soruşurdular. Düşünürdüm ki, qış təlim-məşq toplanışında fiziki formamı yığacam. Çünki texniki cəhətdən problemim yox idi. Topla rəftar baxımından yaxşıyam. Ancaq oyun təcrübəsi nə qədər də olmasa, təsirini göstərir. Özüm də görürəm ki, hələ çox çalışmalıyam. İstənilən səviyyəyə çatmaq üçün vaxt lazımdı. Bir ara çıxışımda yüksəliş oldu, oyunlarda özümü yaxşı tərəfdən göstərməyi bacardım. Lakin mövsümün sonlarına yaxın enişdə idim. Bunun nə ilə bağlı olduğunu isə anlamadım.
- Kubokla bağlı fikirlərini öyrəndik. Bəs çempionluğun əldən çıxmasının əsas səbəbi kimi nələri qeyd edərdin?
- Hər şeyin səbəbi özümüzdədi. Çünki mövsümün gedişində “Qarabağ”dan öndəydik. Müəyyən oyunlar oldu ki, heç nədən xallar itirdik. Lazımsız heç-heçələr etdik. “Qarabağ” da elə komandadı ki, əlinə düşən şansdan maksimum istifadə edir. Baxmayaraq ki, öz aramızdakı oyunlarda biz üstün idik. Qəbələdəki hər iki oyunda qalib gəldik, Suraxanıdakı matçda isə söz-söhbət yaşandı. Açığı, orda yaşananlara qayıtmaq istəmirəm. Günah özümüzdədi, liderliyi əldən verməməliydik. İndi də oturub fkirləşəndə peşman olursan, heyfsilənirsən ki, necə ola bilər, o şansı əldən buraxasan. Amma oldu. Həqiqətən də son dönəmdə zəif çıxış etdik.
- AZAL, “Zirə” və “Sumqayıt” – bu komandaların hərəsi ilə iki dəfə heç-heçə etdiz. İddialıları udub, başqa rəqiblərlə görüşlərdə xal itirirdiz. Sanki komanda həmin oyunlara köklənə bilmirdi.
- Fikrinizlə razıyam. O düşüncə ki var, çempion olmaq istəyirsənsə, digər rəqiblərlə görüşlərdə xal itiriməməlisən. Favoritlərlə oyunda heç-heçə etsən, hətta məğlub olsan da, olar. Sözümü ona gətirib çıxarmaq istəyirəm ki, istər “Qarabağ”la, istərsə də “İnter”lə görüşlərdə qələbələrimiz daha çox oldu. Bu da o fikir təsdiq edir ki, çempion olmaq üçün favorit göstərilməyən komandalarla matçlarda maksimum xal toplamalısan. Təsəvvür edin, AZAL-la oyunda 1:0 hesabı ilə öndə olduğumuz hala uzatma dəqiqələrində qapımızda qol gördük, qələbəni əldən verdik. Qeyd etdiyiniz kimi, “Zirə” və “Sumqayıt”la iki dəfə heç-heçə etdik. Bu amillər bizi çox geri saldı.
- AZAL-la oyunu xatırlatdın. Ümumiyyətlə, “Qəbələ” çempionatda bir neçə oyunda qələbəni son dəqiqə qolları ilə əldən verib. Bunun səbəbi arxayınlıq idi, yoxsa başqa amil var?
- Fikrimcə, futbolçular sona kimi konsentrasiyanı qorumalıdı. Hakimin final fitinə kimi oyuna nəzarəti əldən buraxmaq olmaz. Diqqətli olmalısan. Bir dəqiqə boşluq olan kimi qapımızda qol görürdük. Əsasən də standart vəziyyətlərdən qol buraxırdıq. Götürək elə kubokun finalını. Rəqib künc zərbəsindən sonra fərqləndi. Çempionluğa iddialı komandaya belə qollar yaraşmır, bu cür səhvlər etmək olmaz. Bu da sırf bizə - futbolçulara aiddi. Avtoqol haqda nəsə demək istəmirəm. Ancaq hesab açılanda diqqətsizliyə yol verdik, qapımızda çox yersiz bir qol gördük. Rəqibə elə imkan verməməliyik. Çempion olmaq, yüksək yer tutmaq istəyiriksə, belə qollar buraxmamalıyıq.

“Şəxsən mənə titul qazanmamağımız çox pis təsir edir”
- “Qəbələ” nədə “Qarabağ”dan geri qaldı?
- Tutaq ki, çempionatın əvvəlində, həmçinin ortalarında biz “Qarabağ”dan öndəydik. Ayrı-ayrı oyunçuların fərdi bacarığına görə də geri qalmırdıq. Hətta deyərdim ki, üstün idik. Hər kəs də “Qəbələ”nin güclü olduğunu təsdiq edirdi. Hamı “Qəbələ”nin daha güclü olduğunu qəbul edirdi və çempionluq şansımız daha yüksək göstərilirdi. Həm oyun baxımından, həm də nəzəri cəhətdən. Lakin hər şey düşünülən kimi olmadı. Məncə, istər kollektiv, istərsə də ayrı-ayrı fərdlər baxımından “Qarabağ”dan geri qalmırıq. Sadəcə, bizdə alınmadı.
- Kubokun finalı və gümüş medal. “Qəbələ”ni 2016/17 mövsümündəki çıxışını uğursuz, yoxsa normal adlandırardın?
- Belə deyim, məqsəd mövsümü titulla başa vurmaq idi. Ən əsası çempion olmaq istəyirdik. Hədəfimiz də o idi. Çempionluq əldən çıxandan sonra isə kuboku qazanmaq haqda düşünürdük. Heç biri alınmadı. Ancaq fərqli prizmadan baxsaq, 3-cü yer, ardınca gümüş medal - addım-addım irəliləyirik (gülür). Lakin şəxsən mənə titul qazanmamağımız çox pis təsir edir. Təəssüf ki, heç bir “cəbhə”nin qalibi olmadıq.
- Qriqorçukun rəhbərliyi altında komanda Avroliqada ardıcıl 2 mövsüm 4 mərhələ keçib, qrupa düşdü. Bu iki ildə “Qəbələ” həm də ölkədə mükafatçı oldu. Bütün bunları nəzərə alsaq, Qriqorçuk klub tarixinə adını yazdırıb. Ancaq yaradılan şərait qarşılığında komandanın iki mövsümü titulsuz başa vurması ukraynalı çalışdırıcı haqda mənfi fikirlər də formalaşdırıb. Onun “Qəbələ”dəki işi haqda sənin fikirlərin necədi?
- Təbii, Qriqorçukun “Qəbələ”dəki işi danılmazdı. Bir var heç nə etməyə, amma ukraynalı çalışdırıcının fəaliyyəti göz qabağındadı. Məqşçi kimi biliyi, savadı da öz yerində. Düzdü, çempionluğun qazanılmamasına və ya kubokun əldə olunmamasına görə nəsə deyilə bilər. Lakin avrokuboklarda söz demək çox çətin məsələdi. O ardıcıl iki il bunun öhdəsindən gəlib. Məncə, dəstək olmaq lazımdı. Onun futbola münasibəti, futbolçulara yanaşması haqda yalnız xoş sözlər demək olar. Məqşçi olanda nə olar, bəziləri tapşırığını verib, əlini cibinə qoyur. Ancaq Qriqorçuk hər şeyi üzərinə götürüb, ən böyük amildən tutmuş ən xırda detala kimi hər şeyi edir. Onun əziyyətini danmaq olmaz.
- İstər kubokun finalında, istərsə də çempionatın sonuna yaxın “Qəbələ” sanki həvəssiz idi. Bunun səbəbi nə idi? Elə bil mövsümün əvvəlində və ya ortasında gördüyümüz komanda deyildi.
- Razıyam. Çox böyük fərq var idi. Ancaq birmənalı şəkildə deyə bilmərəm ki, bunun səbəbi nə idi. Yəqin ki, bu cür nüanslar klubun daxilində müzakirə olunar, araşdırılar. Həqiqətən də istək görünmürdü. Doğrudu, şəxsən özümü götürüm, istəyirdim, hazırlaşmışdım, oyunlara ciddi yanaşırdım. Lakin meydanda çalışırsan ki, özünü göstərəsən, əzmkarlıq nümayiş etdirəsən, istəyini bildirəsən, alınmırdı. Nə mane olurdu – bunun səbəbini anlamaqda çətinlik çəkirəm.

“Hər mövqeyə oyunçu lazımdı”
- Klub rəhbərliyi büdcədə azalma olmayacağını açıqlayıb. Həmçinin Qriqorçukla müqavilə müddəti də daha bir il uzadıldı. Bu isə o deməkdi ki, növbəti mövsüm “Qəbələ” yenə də iddialılardan olacaq. Bir kapitan kimi hazırki heyətdə ciddi islahatların aparılmasının tərəfdarısan, yoxsa cüzi dəyişikliklər fonunda yola davam etməyin?
- Düşünürəm ki, dəyişiklik olmalıdı, lazımdı. Yeni oyunçular da cəlb edilməlidi. Hücumçu problemimiz var, komandaya forvard gətirilməlidi. Hər mövqeyə oyunçu lazımdı. Yəqin ki, bu haqda baş məşqçi ilə klub rəhbərliyinin müazkirəsi olacaq.
- Cavid, bir qədər də yığmadan danışaq. Gələn ay millini çox önəmli qarşılaşma gözləyir. Mövsümün erkən bitməsi Şimali İrlandiya ilə oyuna necə təsir göstərəcək? Futbolçuların formada qalması çətin olmayacaq?
- Məncə, elə bir təsiri olmayacaq. Çünki ayın 15-də yığma bir araya gələcək. Bildiyiniz kimi, milli Avstriyaya - təlim-məşq toplanışına gedəcək. Burda 5 gün hazırlıq keçəndən sonra Avstriyaya yollanacağıq. Orda 13-14 gün toplanışda olacağıq. Yoldaşlıq oyunu da nəzərdə tutulub. Bir sözlə, proqrama uyğun məşq edəcəyik, yoxlama matçlarında qüvvəmizi sınayacağıq. Belə deyim, məşqçilər futbolçuların durumunun yaxşı olması üçün lazımi proqram tərtib ediblər.
- Bəs yığmanın DÇ-2018-dəki çıxışı haqda nə deyə bilərsən? Milli möcüzəni reallaşdıra bilərmi?
- Bu elə bir şeydi ki, indidən nəsə demək olmaz. Nəticələr, turnir cədvəli gözümüzün önündədi. Ancaq hər şey düşündüyün kimi olmaya bilər, yaxud da daha yaxşı olar. Bunu da zaman göstərəcək. İndidən nəsə demək çox çətindi. Adi 5-6 nəfər öz aralarında söhbət edəndə fərqli fikirlər olur. Odu ki, konkret nəsə söyləmək çox çətindi.
- Necə düşünürsən, Şimali İrlandiya ilə qarşılaşma bu baxımdan həlledici olacaq?
- Deyərdim ki, həlledicidi. Çünki hazırda onlar bizdən 3 xal qabaqdadı. Bu oyunda qalib gəlsək, yaxşı mənada hər şey bizim üçün fərqli olacaq. Şimali İrlandiyanı evdə məğlub etməliyik. Əsas olan budu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar