“Kante yansaydı da, rəngində bir fərq olmayacaqdı”
İngiltərə premyer-liqasının ilk turunda “Mançester Yunayted” önündə darmadın olan “Çelsi” azarkeşlərinin yarasına “İdman Azərbaycan” telekanalının şərhçiləri, necə deyərlər, duz səpib. Gəlin, əvvəlcə oyundan sz sonra “Çelsi”nin ölkəmizdəki fan-klubunun yaydığı bəyanatla tanış olaq: “Çelsi” Azərbaycan Fan Klubu olaraq bu gün baş tutmuş “Mançester Yunayted” – “Çelsi” qarşılaşmasında “İdman Azərbaycan” telekanalının şərhçilərinin qeyri-peşəkar, tərəfli və qıcıqlandırıcı şərhlərinə, o cümlədən N'Golo Kanteyə qarşı işlətdikləri irqçi ifadəyə görə məyusluğumuzu ifadə edir və şiddətlə qınayırıq. Ümid edirik ki, belə hallar bir daha təkrarlanmayacaq və hər bir izləyici oyunların şərhindən eyni qədər zövq alacaq”.
“Feysbuk”dakı müzakirələrin gedişindən belə aydın olur ki, Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında aşağıdakı dialoq yaşanıb:
Tərlan Şahinoğlu: Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı
İsmayıl Abdullayev: Yansaydı da, rəngində bir fərq olmayacaqdı
Açığı, “İdman Azərbaycan”ın şərhçilərinin ifasında adamları dərisinə görə qiymətləndirmək, yəni irqçilik ən azı təəssüf doğurur. Özünə hörmət edən media qurumu belə biabırçılıqdan sonra ya üzr istəyər, ya da əməkdaşını işdən qovardı... Amma olayın üstündən üç gün ötsə də, nə telekanal, nə də şərhçilər səviyyəsində hansısa üzrxahlıq olub. Belə çıxır ki, irqçilik Azərbaycanın dövlət kanalının (“İdman Azərbaycan” Az.TV-nin törəməsidi) bəyəndiyi siyasətdi və ölkəmizdə dövlət rəsmiləri səviyyəsində dini, milli, irqi tolerantlığa dair deyilənlər boş və mənasız söz yığınından başqa bir şey deyil!
HUŞƏNG