Sponsor tapılmasa, klub “Gilan Holdinq”in 2,5 milyonunun ümidinə qalacaq
Ölkənin ən imkanlı klublarından biri sayılan “Qəbələ”nin gələcək taleyi bu gün hamını düşündürür. Çoxları – azarkeşlər, idman mediası, futbol ictimaiyyəti fikirləşirdi ki, “qırmızı-qaralar” Naxçıvanda keçirilən final qarşılaşmasında uğurlu nəticəyə imza atıb, tarixində ilk dəfə titul qazanacağı halda işlər qaydasına düşəcək. Titul, üstəlik avrokuboklara vəsiqə bölgə təmsilçisinin azarkeşlərində sabaha ümid yaratmışdı. Ancaq “Qəbələ”nin qələbəsi ilə yekunlaşan final qarşılaşmasının üstündən 4 gün keçməsinə baxmayaraq, hələ də klubun düşərgəsində qeyri-müəyyənlikdi. “Qırmızı-qaralar”ın prezidenti Fariz Nəcəfov belə mətbuat açıqlamasında hələ heç nəyə aydınlıq gəlmədiyini, klubun növbəti mövsüm üçün planlarının məlum olmadığını bildirib.
Məsələ ilə bağlı “Qəbələ”yə yaxın mənbədən bizə ötürülən məlumatlar isə heç də ürəkaçan deyil. Onun sözlərinə inansaq, klub rəhbərliyi hazırda yeni sponsorların axtarışı ilə məşğuldu. Bu yöndə görüşlər keçirilir, bəzi şirkətlərlə danışıqlar aparılır. “Qəbələ”nin gələcək taleyi də məhz bu görüşlərin nəticəsindən asılı olacaq. Mənbəmiz “qırmızı-qaralar”ın ərəb şeyxlərinə satılması variantının yenidən gündəmə gəldiyini də vurğuladı. Hətta komandanın tarixi uğurlarından bəhs edən videoçarx da hazırlanaraq, potensial müştərilərə göstərilib. Ancaq onu da əlavə etdi ki, müsbət sonluqla yekunlaşacağı heç də inandırıcı görünmür. Belə ki, ərəblərin təklif etdiyi şərtlər klub rəhbərliyini qane etmir. Şərtlərin nədən ibarət olduğunu isə mənbəmiz bizə deməkdən imtina etdi.
Klub ətrafında yaranan söz-söhbət futbolçulara təsir edir. Mövsümün sonunda “Qəbələ” ilə müqaviləsinin müddəti bitən oyunçular çaşqınlıq içindədilər. Onlar hələ də ümid edirlər ki, rəhbərlik yeni anlaşma təklif edəcək. Stiven Jozef-Monroz, Lalavele Atakora və Dmitri Bezotosnı kimi legionerlərin növbəti mövsümdə heyətdə olmayacağı dəqiqləşibsə, Voislav Stankoviç, Ceyms Adeniyi və Davit Volkovun məsələsi açıq alıb. Adını qeyd etdiyimiz əcnəbilərin “Qəbələ” ilə müqaviləsinin müddəti növbəti mövsümün sonunda başa çatacaq. Hər üç futbolçunun maaşı yüksək olduğundan şimallılar onlarla da yolları ayırmaq istəyir. Lakin hələ ki “üçlüy”ün heç birinə başqa klublardan təklif gəlməyib. Və bu səbəbdən Stankoviç, Adeniyi və Volkov, böyük ehtimalla, 2019/20 “futbol ili”ni də bölgə təmsilçisinin düşərgəsində keçirəcək. Ancaq bir daha vurğulayaq ki, avqustun 31-nə, yəni “transfer pəncərəsi” bağlanana qədər vəziyyət dəyişə bilər.
Əcnəbilərlə yanaşı, ölkə kubokunun son qalibi yüksək ödənişli aparıcı yerli oyunuçularla da yolları ayırmaq niyyətindədi. Bununla bağlı “Sabah”ın maraq dairəsinə düşən Cavid Hüseynova, Asif Məmmədova və Rauf Əliyevə məlumat verilib. Rəhbərlik onlara daha 3-5 gün gözləməyi məsləhət görüb. Mənbəmizin sözlərinə görə, həftəsonuna kimi böyük ölçüdə bütün qaranlıq məqamlara aydınlıq gəlməlidi. Kluba əlavə mənbələrdən vəsait cəlb olunmayacağı halda “Qəbələ” “Gilan Holdinq”in ayıracağı maliyyə ilə yola davam edəcək. Həmin məbləğin isə 2 milyon 500 min manat təşkil edəcəyi deyilir. Belə büdcə isə yalnız yerli uşaqlara, akademiyanın hazırkı buraxılışına və vaxtilə məzun olmuş futbolçuları geri qaytarmağa yetir. “Şər deməsən, xeyir gəlməz” prinsipinə əsaslanan klub rəhbərliyi də artıq indidən bu yöndə addımlar atmağa başlayıb. Geridə qalan mövsümü “Keşlə”də keçirən Amil Yunanovun, “Zirə”dən ayrılan Kamal Mirzəyevin yeni “futbol ili”nə yetirməsi olduğu klubda başlayacağı deyilir. Elə kluba yaxın olan mənbəmiz də rəhbərliyin adını çəkdiyimiz oyunçularla danışıqlar apardığını təsdiqlədi. Onu da əlavə etdi ki, əlavə maliyyə mənbəyi tapılmayacağı halda bəzi klub funksionerlərinin də “qırmızı-qaralar”dan ayrılacağı gözlənilir.
RƏŞAD