“Belədisə, sizin fikrinizi və təklifinizi nəzərə alacam”
Kubokun finalı ola, PFL onu açılışsız, müğənnisiz, çal-çağırsız qoya? Mümkün deyil! İndiyəqədərki finallarda müxtəlif sənət adamlarının çıxışlarına şahidlik etmişik. Bu dəfə uzaq Naxçıvana Tünzalə Ağayeva yollanacaq. Təcrübəli müğənnilərdən sayılan Ağayevanın stadiona toplaşanları necə ələ alacağını zaman göstərəcək.
İndiki məqamda bizə maraqlı olan Tünzalə xanımı tapıb onunla söhbətləşmək idi. Bu işdə bizə xanım müğənninin prodüseri Yalçın Cabbarov kömək etdi. Məmnuniyyətlə suallarımızı cavablayan Ağayevanın futbol savadına və danışıq qabiliyyətinə gözlərin bərəlməməsi mümkün deyildi. Elə isə, siz də tanış olun.
- Yaşıl meydanda, futbolsevərlər üçün oxumaq təklifi alanda qərar vermək baxımından çox düşündüz?
- Xeyr, qətiyyən düşünmədim. Çünki ürəyimcə oldu. Buna görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Bu mənim futbol oyunu ərəfəsində ilk çıxışım deyil. Xatırlayıram, yığmamızın İtaliya ilə qarşılaşmasından əvvəl azarkeşlər qarşısında çıxış etmişdim. Həmin gün stadiondan xoş təəssüratla ayrılmışdım. 2017-ci ildə ölkəmizdə təşkil olunan İslam Oyunları zamanı da millimizi yaxından izləyirdik. Bildiyiniz kimi, İslamiadada səfirlərdən biriydim. Həm səfir missiyamı yerinə yetirmiş olurdum, həm də oyunlara baxırdım.
- Kubokun finalından öncə oxumaqla bağlı dəvət alanda qonorar haqda danışdız, yoxsa o mövzuya toxunmadız?
- Hər peşəkar işin peşəkar tələbləri var. Sizdə də belədi, bizdə də. Əlbəttə, vətəndaş olaraq bu cür təkliflər alanda sevinirəm. Çalışıram ki, maksimum dərəcədə könüllü olum. Amma bu işin peşəkar tərəfi də var. Belə deyim, səhnə çıxışlarının tələb etdiyi nüansları ödəməliyik. Təsəvvür edin, Naxçıvana altı nəfərlik heyətlə gedirik. Yəni səhnəyə sırf Tünzalə Ağayev çıxacaq deyə, ora yollanan tək mən deyiləm. İşçi qrupumuz var. Sualınıza belə cavab verim, peşəkarlığa uyğun olaraq qonorar söhbəti etdik. Amma məni ən çox sevindirən xalqımın qarşısında çıxış etməkdi. İnşallah, təşkilatçılıq baxımından da gözəl bir tədbir alınar. Təşkilati işlərlə yaxın dostum, həm də menecerim Yalçın Cabbarov məşğul olur. Artıq neçə illərdi birgə çalışırıq.
- Naxçıvan...
- Finalın Naxçıvanda keçirilməsi sevindirici haldı. Mən o bölgəmizi və orda yaşayan insanları çox sevirəm. İstər Naxçıvanın özü olsun, istər Ordubadı. Ümid edirəm ki, stadion tam dolacaq və əsl final adına yaraşan ajiotaj görəcəyik.
- Mayın 19-na toy təklifiniz də olsaydı, hansını seçərdiz?
- (gülür) Bu sualla yadıma, bilirsiz, nəyi saldız? 2003-cü ildən bəri Diaspor Komitəsinin xətti ilə dünyanın müxtəlif ölkələrində olmuşam. Dəfələrlə dediyiniz seçim qarşısında qalmışam: ya tədbir, ya da toy. İnanın, hər imkanda azərbaycançılığı, ideologiyanı seçmişəm. Dediklərim pafoslu səslənə bilər və kimsə haqlı olaraq “elədisə, Tünzalə Ağayeva nə ilə yaşayır” sualını verər. Bəli, işim elədi ki, adım gəlir gətirməlidi. Dünyadakı məşhurlar məhz adları hesabına zirvəyə qalxıblar. Bəzən toy və tədbir mövzusunda gedəcəyim yerdəki mühitə önəm verirəm. Məsələn, elə bir tədbir olar ki, onu yox, toyu seçərəm və ya əksinə. Mənim üçün qarşısında çıxış etdiyim auditoriya çox önəmlidi. Bəzən qonorara baxmadan təklifi geri çevirmişəm. Çünki qazancdan əvvəl mənim üçün çevrəm və azarkeşim önəmlidi.
- Yəqin ki, səhnə fəaliyyətinizdə ilk dəfə Naxçıvandakı stadionun qazonuna ayaq basacaqsız...
- Naxçıvanda çox olmuşam. Amma stadionda bəli, ilk dəfə çıxış edəcəm.
- İçinizdə bir qorxu, həyəcan yoxdu ki?
- Nə mənada?
- Fonoqrama kəsilər, mahnı yarımçıq qalar.
- Belə hadisələrlə bir yox, min dəfə rastlaşmışam. Peşəkar insan hər vəziyyətdən çıxmağı bacarmalıdı. Bəzən mikrofon sönüb, bəzən işıqlar. Hətta canlı efirdə belə, bu cür halla rastlaşmışam. Yadıma gəlir, bir dəfə Yunanıstanın Ksanti şəhərində həmyerlilərimiz üçün konsert verirdik. Həmin şəhər ki, ordakı əhalinin yarıdan çoxu ermənilər idi. Böyük əksəriyyət azərbaycanlıların konsert verməsinə qarşı idi. Hətta şəhər rəhbərliyinə qədər uzanmışdı məsələ. Konsert vaxtı bizə hər cür əngəl yaratsalar da, sona qədər işimizi görməyi bacarmışqdıq. Ona görə də heç nədən qorxub-çəkinmirəm.
- Finaldan öncə neçə dəqiqəlik çıxışınız nəzərdə tutulub?
- Təxminən 40 dəqiqəlik konsert olacaq.
- Həmin vaxt kəsiyinə neçə mahnı sığacaq?
- Təxminən 11 mahnı nəzərdə tutulub.
- “Fəsli Bahar” olacaq?
- (gülür) İndiyə qədərki albomlarından seçmələr edib repertuara daxil etmişik. Sizin dediyiniz Mirvari Dilbazinin qəzəlidi, təəssüf ki, bu dəfə o olmayacaq. Çünki son dönəmlərin hitləri daha çox tələb olunur: “Xoş gəldin gülüm”, “Biz gəlirik”, “Təbiətin arzusu”...
- Naxçıvan camaatı sizi “Fəsli Bahar”sız qəbul edəcəkmi?
- Belədisə, sizin fikrinizi və təklifinizi nəzərə alacam.
- Finalda hansı komandaların qarşılaşdığını bilirsiz?
- Bildiyim qədəri ilə “Sumqayıt”la “Qəbələ” oynayacaq.
- Hansı komandaya azarkeşlik edəcəksiz?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB