Sənan Qurbanov: "Hakimləri diqqətli olmağa çağırıram"
79. Qəbələ - Səbail 2:1 (0:0)
22. Dmitri Bezotosnı - 5,5
34. Ürfan Abbasov (k) - 5,0
5. Rasim Ramaldanov - 5,0
27. Bəhlul Mustafazadə - 4,5
2. Amin Seydiyev - 5,5
4. Elvin Camalov - 5,0
11. Asif Məmmədov - 5,5
(88. Sabien Lilay, 83) - qiymətsiz
28. Stiven Jozef-Monroz - 5,5
17. Ceyms Adeniyi - 6,0
21. Lalavele Atakora - 4,5
(9. Davit Volkov, 68) - 5,0
10. Rauf Əliyev - 5,5
(18. İlqar Qurbanov, 80) - qiymətsiz
Ehtiyat oyunçular
1. Anar Nəzirov
35. Murad Popov
6. Rüstəm Nuruyev
7. Roman Hüseynov
8. Qismət Alıyev
77. Samir Qurbanov
98. Rövlan Muradov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Ceyms Adeniyi
1. Aleksandr Rıbka - 4,5
13. Şəhriyar Rəhimov - 5,0
32. Elvin Yunuszadə - 5,0
4. Enrike Perilyo - 4,5
99. Maudo Jarjue - 4,5
7. Fəhmin Muradbəyli - 4,5
14. Rahid Əmirquliyev (k) - 4,5
8. Yevgeni Koçuk - 5,5
10. Ağabala Ramazanov - 5,0
(21. Oke Akpoveta, 78) - qiymətsiz
28. Kevin Kubemba - 4,5
(33. Tome Kitanovski, 72) - 4,5
11. Ruslan Qurbanov - 4,5
(9. İmanol İriberri, 63) - 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
3. Tamazi Tsetsxladze
5. Vüqar Bəybalayev
18. Aqşin Qurbanlı
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
27. Emil Martinov
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qollar: C.Adeniyi, 49 (1:0, R.Əliyev). C.Adeniyi, 55 (2:0, S.Jozef-Monroz). E.Yunuszadə, 84 (2:1, Y.Koçuk).
Vərəqələr: R.Qurbanov, 22 (hakimin qərarına etiraz). Y.Koçuk, 34 (qeyri-idman hərəkəti). C.Adeniyi, 45+1 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 54 (qeyri-idman hərəkəti). B.Mustafazadə, 62 (qeyri-idman hərəkəti). K.Kubemba, 70 (qeyri-idman hərəkəti) - sarı. B.Mustafazadə, 73 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Fariz Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
10 mart. Qəbələ. Şəhər stadionu. 550 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qəbələdə əsl futbol havası idi. Dağların qoynunda yerləşən şəhər yaz günəşinin o qədər də yandırıcı olmayan istisindən xumarlanırdı. Əlbəttə, meşələrlə örtülmüş dağların əzəmətindən, özünü hiss etdirməyə başlayan baharın xoş nəfəsindən uzun-uzadı danışmaq olar. Ancaq əsas məqsədimiz oyunu işıqlandırmaq olduğundan romantik lövhələri 2-3 cümlə ilə yekunlaşdırsaq, yaxşıdı.
Qonşu pillələrdə qərarlaşan rəqiblərin dueli maraqla gözlənilirdi. Meydan sahibləri məğlub olsaydı, "üçlük"dən daha da uzaqlaşacaqdı. "Qəbələ"nin heyətində ciddi itkilər var idi. Voislav Stankoviç zədə üzündən, Cavid Hüseynov isə sarı vərəqə limitini doldurduğuna görə qarşılaşmanı buraxırdı.
Oyuna qonaqlar daha fəal başladı. Matçın əvvəllərində Filipin uzaqdan zərbəsi yaddaqalan alındı. 24-cü dəqiqədə Kubembanın vuruşu qüvvətli alınsa da, düz Bezotosnının qucağına düşdü. "Qırmızı-qaralar"dan isə Stivenin vuruşu o qədər də effektli alınmadı. Bundan sonra bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Tərəflər bir də hissənin sonlarına doğru fəallaşdılar. 39-cu dəqiqədə Koçukun zərbəsi təhlükəli olsa da, dəqiq deyildi. Cəmi 3 dəqiqə sonra isə Bezotosnı komandasını qoldan xilas etdi. O, Ruslanın zərbəsi zamanı əla reaksiya ilə qola imkan vermədi. 45-ci dəqiqədə əvvəlcə Ürfanın, ardınca Adeniyinin zərbəsindən sonra top müdafiəçidən geri döndü. Ceymsin təkrar vuruşunda isə top dirəyə tuş gəldi.
"Qəbələ" ikinci yarıya yaxşı başladı. 49-cu dəqiqədə Raufla "divar paslaşması"ndan sonra Adeniyi uzaq küncü dəqiq nişan aldı. Qonaqlar qolun şokundan ayılmamış yenidən meydanın mərkəzinə dəvət olundu. Bu dəfə də Ceyms yerli azarkeşləri ayağa qaldırdı. Ancaq ona ötürmə edən Jozef-Monrozun da əməyini qeyd etməmək ədalətsizlik olar. 63-cü dəqiqədə Şəhriyarın cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı top qapı tirinə tuş gəldi. Bundan sonra Kubemba, ardınca Ağabala diqqət mərkəzinə düşdü. Amma onların heç biri "Səbail"i ümidləndirə bilmədi. 73-cü dəqiqədə "Qəbələ" azlıqda qaldı. Bəhlul ikinci "sarı"dan sonra meydandan qovuldu. Say üstünlüyünə yiyələnən "dənizçilər" təzyiqi artırdı. 84-cü dəqiqədə Koçukun zərbəsini Bezotosnı çətinliklə də olsa, dəf edə bildi. Ancaq bir neçə saniyə sonra hesab arasındakı fərq azaldı. Koçukun kornerdən asması zamanı Elvin başla dəqiq oynadı. Həmin epizodda Bezotosnı çıxışda səhvə yol verdi və bir qədər əvvəlki əziyyətini heçə endirdi. 88-ci dəqiqədə Jozef-Monroz bütün suallara aydınlıq gətirə bilərdi. Lakin o əla imkanı qeyri-dəqiq zərbəylə tamamladı. Uzatma dəqiqələrində isə Koçukun təhlükəli vuruşu zamanı Bezotosnı qola imkan vermədi. Bu qələbə "Qəbələ"ni "üçlüy"ə daha da yaxınlaşdırdı.
FARİZ
Gözdən qaçmadı
* "Səbail"in azarkeşləri start fiti ərəfəsində stadiona çatdı. Ancaq onların polislər tərəfindən yoxlanılması xeyli çəkdi və yalnız 10-cu dəqiqədən "dənizçilər" tam tərkibdə sevimlilərinə dəstək verə bildilər.
* Yarımsaatın tamamında Fəhmin yerdə qaldı və həkim müdaxiləsinə ehtiyac duyuldu. Bu zaman Atakora meydanın kənarına çıxdı, butslarını dəyişdi və yenidən mübarizəyə qoşuldu.
* İnqilab Məmmədov Koçuka "sarı" göstərərkən vərəqəni əlindən yerə saldı.
* "Qəbələ"nin ilk qolundan sonra stadionda mahnı səsləndirildi. Ancaq AFFA nümayəndəsinin meydan sahiblərinə xəbərdarlığı üzündən ikinci qol zamanı misiqi sədalarını eşitmədik.
* Bəhlul "qırmızı" vərəqə alandan sonra paltardəyişmə otağının yolunu tutdu. O, rəqibin təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirdiyini görüb dəhlizin girişindən epziodu izləmək qərarına gəldi. Lakin bu, baş hakimin diqqətindən yayınmadı və referi müdafiəçini həmin yerdən uzaqlaşdırdı.
* Sənan Qurbanov hakimin idarəçiliyindən hədsiz narazı idi. Onun iradları 82-ci dəqiqədə referidən şifahi xəbərdarlıq alması ilə nəticələndi.
* Oyundan sonra iki nəfər "Səbail"in gənc oyunçusu Ədilxan Qarəhmədovun paltardəyişmə otağından nə vaxt çıxacağını səbirsizliklə gözləyirdilər. Maraqlananda məlum oldu ki, biri yarımmüdafiəçinin atası, digəri isə əmisidi. Zaqataladan gəlmişdilər. Ancaq adı çəkilən futbolçu bu oyunda şans qazanmadı.
* Mətbuat konfransında ənənə pozuldu. Öncə meydan sahiblərinin, daha sonra qonaqların baş məşqçisi jurnalistlərin önünə çıxdı. Adətən, sıralama tərsinə olur.
Reaksiyalar
Aftandil Hacıyev: "Maraqlı oyun alındı. Belə oyunlar çempionatımızın səviyyəsinin artmasına xidmət edir. Bu cür mübarizələr hər turda olsa, komandaların səviyyəsi yüksələr. İlk hissədə yaxşı epizodlarımız oldu. Rəqibi azlıqda tuta bilərdik. Təəssüf ki, sonluq çatışmırdı. Bilirdik ki, rəqibin heyətində fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdu. İkinci hissə istədiyimiz kimi başlamadı. Gözləmidiyimiz halda 0:2 geriyə düşdük. Rəqib azlıqda qaldıqdan sonra ehtiyat oyunçular skamyasında olan hücumçuları döyüşə atdıq. İstədiyimiz nəticəni ala bilməsək də, yaxşı hücumlar qurduq. Ümumilikdə yaxşı oynasaq da, nəticədə istədiyimizi ala bilmədik. Bu tur göstərir ki, çempionatın qalan hissəsi gərgin keçəcək... Doğrudu, Ruslan zədədən qayıdıb. Bundan sonra da onu start heyətində görsəz, təəccüblənməyin. Məşqlərdə fəal idi. Fasilədən sonra nə baş verdi? Dəqiq deyə bilmərəm ki, arxayınlıq var idi, ya yox. Buranın meydanında bir qədər ağırlıq var. Üstəlik, müəyyən hava çatışmazlığı, boğulma olur. Həm də ustalıq səviyyəsinə görə rəqib bizdən fərdi qaydada üstün idi. Daha çox çalışmalıyıq. "Hədəfimiz yoxdu" demişəm? Fikrim bir qədər düzgün anlaşılmayıb. Bəli, çempionatın startında elə bir hədəf yox idi. Lakin turlar ötdükcə hədəf yaranmağa başladı. Bu tur bütün rəqiblərimiz xal qazandığı halda, biz bunu bacarmadıq. Ancaq turlar da olub ki, bunu yalnız biz bacarmışıq. ”Qəbələ” ən yaxın izləyicimizdi və sonadək 3-cü yer uğrunda onlarla vuruşacağıq".
Sənan Qurbanov: "Ağır oyun idi. “Səbail” son oyunlarda formada idi. Bilirdik ki, çətin olacaq. Ciddi hazırlaşmışdıq. Qələbəyə köklənmişdik. Qalib gəlmək bizə çox vacib idi. Qələbə üçün alışıb-yanırdıq. Bəlkə də ilk yarıda istədiyimiz oyunu göstərə bilməməyimizin səbəbi bu idi. İlk yarıda da qol imkanlarımız oldu. Ancaq ümumilikdə uşaqlardan razı qaldım. 10 nəfərlə qalanda çətinlik yaşadıq. Hakimlərin qərarına təəssüflənirəm. Gənc futbolçu Bəhlul Mustafazadəyə bu cür adi epizodda qırmızı vərəqə göstərmək olmazdı. Adi oyun mübarizəsində sarı vərəqə göstərib meydandan qovdular. Bizim də səbr kasamız var. Hakimləri diqqətli olmağa çağırıram. İki tur əvvəl “Keşlə”ylə oyunda da təmiz qolumuzu saymamışdılar. Onsuz da ölkədə mərkəz müdafiəçisi qıtlığı var. Bəhlulu milliyə çağırılmağa layiq hesab edirəm. Ancaq indi o, növbəti turu buraxmalı olacaq. Məncə, adi epizod idi... “Qəbələ” üçün nə xeyirlidisə, o da olacaq. Rəhbərlik getməyim haqda qərar verərsə, hörmətlə yanaşaram".