76. Keşlə - Qarabağ (Ağdam) 0:1 (0:1)
1. Kamran Ağayev (k) – 5,0
4. Slavik Alxasov – 5,0
33. Tərlan Quliyev – 5,5
93. Edvinas Girdvainis – 4,5
65. Cabir Əmirli – 4,5
22. Nikola Mitroviç – 5,0
25. Con Kamara – 4,5
17. Samir Məsimov – 5,0
21. Angelo Pena – 4,0
(32. Valeri Kutsenko, 46) – 5,0
11. Vüsal İsgəndərli – 5,0
9. Amil Yunanov – 5,0
Ehtiyat oyunçular
30. Davud Kərimi
2. Sərtan Taşkın
8. Seymur Əsədov
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
19. Azər Salahlı
66. Murad Qayalı
91. Nurlan Quliyev
95. Cavid Əliyev
90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Tərlan Quliyev
13. Vaqner da Silva – 5,0
77. Vild-Donald Gerye – 5,0
52. Yakub Jezniçak – 5,0
4. Rahil Məmmədov – 5,0
5. Maksim Medvedev (k) – 5,0
2. Qara Qarayev – 5,0
20. Riçard Almeyda – 5,0
19. Filip Ozobiç – 5,0
(6. Simeon Slavçev, 83) – qiymətsiz
10. Dani Kintana – 5,5
11. Mahir Mədətov – 6,0
9. Araz Abdullayev – 5,5
(17. Abdulla Zubir, 90+1) – qiymətsiz
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
12. Şahruddin Məhəmmədəliyev
7. İnnosent Emeqara
14. Rəşad Sadıqov
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
25. Ansi Aqolli
70. Nicat Süleymanov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov
Qol: A.Abdullayev, 16 (M.Mədətov).
Vərəqələr: A.Yunanov, 39 (qeyri-idman hərəkəti). C.Kamara, 47 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
3 mart. Bakı. ASK Arena. 900 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“Sumqayıt”ın bir gün əvvəl, “Zirə”nin isə dünən günün ilk qarşılaşmasında büdrəməsi, eyni zamanda 1 xal qazanması “Keşlə”ni ikiqat motivasiya etmişdi. Turu qələbə ilə başa vurmaqla təhlükəli bölgədən uzaqlaşmaq olardı. Bunun üçün “Qarabağ”ı məyus etmək lazım gəlirdi. Sirr deyil ki, Ağdam təmsilçisi süni örtükdə oynamaqda çətinlik çəkir. Bu dəfə də belə oldu, ancaq...
Qurban Qurbanovun heyət seçiminə gəlincə, təcrübəli çalışdırıcı Reynaldo və Bədavi Hüseynovun adını, ümumiyyətlə, qarşılaşmanın protokoluna daxil etməmiş, Ansi Aqolliylə Rəşad Sadıqovu isə ehtiyatda saxlamışdı. Rahil Məmmədov müdafiənin mərkəzində ötən oyunda öz qapısına qol vuran Bədavini əvəz etmişdi. Bundan başqa, xəbər verdiyimiz kimi, əvəzedicilərdən ibarət komandada cəzasının müddətini başa vuraraq əsas komandaya dönən Araz Abdullayev də ilk “11-lik”də yer almışdı. “Keşlə”də isə cəzalı Denis Silvanın yoxluğunda müdafiənin mərkəzində Tərlan Quliyevlə Edvinas Girdvainis tandem təşkil etmişdi.
İlk dəqiqələrdən topa nəzarəti ələ alan “Qarabağ”ın bir gün əvvəl darmadağınla qalib gələn “Neftçi” ilə şərikli liderliyi bərpa etmək istəyi aşkar hiss olunurdu. Meydan sahibləri isə gözlənildiyi kimi, əks-hücumlara bel bağlayırdı. Hesab 16-cı dəqiqədə açıldı. Cinahda Kintana ilə paslaşan Mahir qapı qarşısına asma etdi ki, Ozobiçin başla fərqlənmək istəyi alınmayınca, top Arazın önünə düşdü. O, topu saxlamadan tora qovuşdurdu və beləliklə, Qurban Qurbanovun seçiminin doğru olduğunu göstərdi. Dərhal ikinci qolu vurub rahatlaşmaq istəyən qonaqlar təzyiqə ara verməsə də, təhlükəli vəziyyətlərin sayı çox deyildi. Meydan sahiblərinin isə, ümumiyyətlə, qapı istiqamətinə ilk zərbəsi 29-cu dəqiqəyə təsadüf etdi. Samir Məsimovun üzbəüz epizoddan, təxminən 25 metrlikdən zərbəsi Vaqnerin qucağına düşdü. 38-ci dəqiqədə Geryenin uzaqdan zərbəsi yaddaqalan oldu. Kamran barmaqlarının ucu ilə topa toxunaraq, onu qapı xəttindən çıxardı. Beləliklə, qol vəziyyətləri baxımından kasad olan ilk yarı ağdamlıların minimal üstünlüyü ilə başa çatdı.
“Keşlə” ikinci yarıya dəyişikliklə başladı. Artıq adət etdiyimiz kimi, Pena - Kutsenko əvəzetməsi baş tutdu. Fasilədən sonra da ilk təhlükə meydan sahiblərinin qapısı qarşısında yaşandı. 52-ci dəqiqədə “Qarabağ” fərqi artırmağa yaxın oldu. Di gəl ki, sürətli cinah reydi edərək rəqibin cərimə meydançasına daxil olan Geryenin vuruşundan sonra top toru yandan silkələdi. Qalan dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində getdi. Ümumiyyətlə, soyuq hava şəraitində və sönük keçən qarşılaşma zövqləri oxşamasa da, “Qarabağ” vacib olan 3 xalı əldə etməklə “Neftçi”nin vahid liderliyinin bir gündən çox uzanmasına imkan vermədi.
MİRAĞA
Gözdən qaçmadı
* İkinci hissənin əvvəlində “Qarabağ”lılar “feyr-pley”ə əməl edərkən az qala kuryoz hadisə yaşanacaqdı. Mahir Mədətov topu Kamran Ağayevə ötürmək istəyərkən bir qədər ehtiyatsız davrandı və qolkiper vaxtilə başına gələn hadisənin təkrarlanması həyəcanını hiss etdi. Mədətov dərhal əlini qaldıraraq ondan və bütün “Keşlə”lilərdən üzr istədi. Son vaxtlar onsuz da “əskisi tüstülü olan” forvard bunu bir neçə dəfə təkrarladı.
* Qurban Qurbanov qarşılaşmanın sonunda Araz Abdullayevi Abdulla Zubirlə əvəz etməyə qərar verdi, ancaq bu dəyişiklik nəzərdə tutulandan 5 dəqiqə gec reallaşdı. Belə ki, bu dəqiqələrdə top meydandan çıxmadığı (yalnız bir dəfə meydanı tərk etdi, onda da “Keşlə” dərhal autu yerinə yetirdiyindən fürsət olmadı) üçün Zubir 5 dəqiqə ehtiyat hakimin yanında dayanmaq məcburiyyətində qaldı.
* Yetirmələrinin hücuma ləng çıxması, arxa xətdə topu yersiz şəkildə bir-birinə ötürməsi Tərlan Əhmədovu özündən çıxardı. Belə ki, bir epizodda o, Edvinas Girdvainisə bərk əsəbləşdi. Litvalı əvvəlcə izah etməyə çalışsa da, baş məşqçinin aqressivləşdiyini görüb susmağa üstünlük verdi.