Vüqar Həsənli "Bakcell Arena"da kimi güldürəcək?
Premyer-liqanın 19-cu turunun maraqla gözlənilən qarşılaşması "Bakcell Arena"da gerçəkləşəcək. Çempionatın lideri "Neftçi" doğma meydanda "Sabah"la münasibətləri aydınlaşdıracaq. Ötən turda gözlənilmədən "Səbail"ə uduzan "ağ-qaralar" bu dəfə eyni halın təkrarlanmasına imkan vermək istəmir. Əks halda, "Qarabağ" ilk pilləni ələ keçirə bilər. Bu üzdən 1 xal da Roberto Bordinin komandasını qane etmir. Odu ki, flaqmanın əlindən gələni edəcəyi şübhə doğurmur. Avrokuboklara gedə bilməsə belə, "Sabah" debüt mövsümündə heç də pis təsir bağışlamır. "Tələbələr" hazırda "üçlük"dən bir qədər uzaq düşüb və geridən gələnlərdən aralanmaq üçün hər oyunda xal ehtiyatını zənginləşdirmək haqda düşünür. Bu, qarşıdakı matçda da dəyişməz hədəfdi. Bir sözlə, ölkənin ən köklü klubu ilə debütantın dueli gərgin mübarizə vəd edir. Ümumiyyətlə, martın 2-si, saat 18.30-da başlayacaq qarşılaşmanı maraqlı edən məqamlar az deyil.
Son dueldə yaranan intriqa
Cari mövsümdə tərəflər artıq iki dəfə üz-üzə gəlib. Hər komanda bir oyunu evdə, digərini səfərdə keçirib. Həm "Bakcell Arena"da, həm də "Əlincə Arena"da baş tutan qarşılaşmada "Neftçi" qalib gəlib (2:0, 2:1). Bu isə o deməkdi ki, "Sabah" "ağ-qaralar"la duellərdəki uğursuzluğun seriya halını almamasına çalışacaq. Flaqman isə əksinə, debütanta növbəti dəfə gücünü göstərmək haqda düşünür. Rəqiblərin 7-ci tura təsadüf edən ilk duelində Emin Mahmudov və Qoran Paratski fərqlənmişdi. Özü də "ağ-qaralar" 75-ci dəqiqədən etibarən azlıqda qalmışdı. Qış fasiləsində flaqmandan ayrılan Slavko Braliç 2-ci sarı vərəqədən sonra meydandan qovulmuşdu. Lakin həmin qarşılaşmada hansısa qalmaqal yaşanmadı. Ancaq 13-cü turda Masazırda gerçəkləşən oyun olduqca gərgin keçdi. Tərəflərin ikinci duelində də qırmızı vərəqə çıxdı. Lakin ilk görüşdəki kimi bir yox, üç futbolçu meydandan qovuldu. Matçın 21-ci dəqiqəsində Anton Krivotsyuk hesabı açdısa, cəmi 12 dəqiqə sonra Tural Axundov komandasını pis vəziyyətdə qoydu. Cinah müdafiəçisi ikinci "sarı"dan sonra qarşısında "qırmızı" gördü. Bununla belə, "ağ-qaralar" 39-cu dəqiqədə Mirabdulla Abbasovun qolu ilə hesab arasındakı fərqi 2 topa çatdırdı. 76-cı dəqiqədə Marko Deviçin dəqiq penalti zərbəsi "Sabah"ı ümidləndirdi. Üstəlik, 84-cü dəqiqədə Baqali Dabo ikinci "sarı"dan sonra meydandan qovuldu. Halbuki "Neftçi"lilər həmin epizodda penalti gözləyirdilər. Dramatik keçən qarşılaşmada başqa qol olmadı və "ağ-qaralar" ciddi itkilər fonunda qələbə qazandı. Oyundan sonra Rəhim Həsənovun idarəçiliyini kəskin tənqid edən flaqmanın icraçı direktoru Ceyhun Sultanov İntizam Komitəsi tərəfindən ciddi şəkildə cəzalandırıldı. Düzdü, sonradan paytaxt klubu apellyasiya şikayəti verərək, klub rəsmisinin cəzasını və cəriməni yarıbayarı azaltdı. Bundan başqa, üzvlərinin həmin oyundakı davranışı "Forza Neftçi"yə əməlli-başlı başağrı yaratdı. Klublar bir-birinə yönəlmiş bəyanatlarla çıxış etdilər. Nəticədə həmin oyunda yaşananlar iki komanda arasındakı duellərə əlavə prinsipallıq qatır.
Fərqli ab-hava və heyət
Yuxarıda qeyd etdiyimiz kimi, "Neftçi" son turda gözlənilmədən "doğma divarlar" arasında "Səbail"ə məğlub oldu. Ümumiyyətlə, qış fasiləsindən sonrakı dövrü Bordinin komandası üçün uğurlu adlandırmaq olmaz. Düzdü, bakılılar "Qarabağ"la səfər oyunundan 1 xalla döndü (1:1), ardınca "Keşlə"ni məğlub etdi (2:0). Ancaq sonradan "Zirə"nin müqavimətini qıra bilməyən "ağ-qaralar" son turda uduzdu. Beləcə, Bordinin yetirmələri mümkün 12 xaldan cəmi 5-ni toplaya bilib. Bu isə çempionluğa oynayan komanda üçün heç də uğurlu nəticə sayıla bilməz. "Səbail"ə yenilgi fonunda "Qarabağ"ın aradakı fərqi qapaması, heç şübhəsiz, "Neftçi"dəki ab-havaya mənfi təsir edib. "Sabah" isə son turda "Qarabağ"la heç-heçə etməyi bacardı. Özü də debütant azlıqda qalmasına baxmayaraq, 1 xalı əldən vermədi. Bu məqam "tələbələr"in əhval-ruhiyyəsini yüksəldib. Onlar "Bakcell Arena"ya daha bir çempionluğa iddialını büdrətmək istəyi ilə gəlir. Heyətlərə gəlincə, hər komandada ciddi itki var. "Sabah"dan Erik Ramos, "Neftçi"dən isə Tural Axundov vərəqə cəzalısı olduğu üçün şənbə günü baş tutacaq dueldə iştirak etməyəcək. "Ağ-qaralar"ın heyətində Rəhman Hacıyevin zədəli olduğunu da bilirsiz. Xatırladaq ki, Ramos flaqmanla bundan öncə gerçəkləşən qarşılaşmada da "qırmızı" cəzalısı olduğuna görə meydana çıxmamışdı. Paraqvaylı yarımmüdafiəçi artıq ikinci oyundu sabiq komandasına qarşı forma geyə bilmir. Yeri gəlmişkən, "Sabah"ın heyətində vaxtilə "Neftçi"nin şərəfini qorumuş xeyli sayda oyunçu var. Ramosdan başqa, Saşa Stamenkoviç, Cavid İmamverdiyev, Elşən Abdullayev, Kərim Diniyevin adını çəkə bilərik. Hə, "tələbələr"in baş məşqçisi Elşad Əhmədov da birvaxtlar flaqmanın uğurları üçün çalışıb. Elə bu qış "ağ-qaralar"ı debütanta dəyişən Rəşad Eyubovu da yaddan çıxarmayaq. Bu üzdən bütün sabiq "Neftçi"lilər üçün qarşıdakı oyun xüsusi əhəmiyyət daşıyır.
"Neftçi" üçün ilk
Bu cür oyunlarda hər detal diqqət mərkəzində olur. Odu ki, qarşılaşmanın hakimi haqda da məlumat verək. Hakimlər Komitəsinin sədri Frits Stuxlik oyunu elə də böyük təcrübəsi olmayan Vüqar Həsənliyə etibar edib. Maraqlıdı ki, adı çəkilən ədalət təmsilçisi cari mövsüm "Neftçi"nin heç bir çempionat oyununu idarə etməyib. Bu baxımdan "ağ-qaralar" üçün Həsənlinin təyinatı ilkdi. "Sabah"ın isə 9-cu turda "Zirə" üzərindəki qələbəsini (2:1) məhz bu hakim qeydə alıb. Referi ümumilikdə premyer-liqada 4 oyun idarə edib, 19 sarı, 1 qırmızı vərəqə göstərib. Onun əsas söz sahibi olduğu qarşılaşmalardan üçündə meydan sahibləri qələbə qazanıbsa, 1 görüş heç-heçə bitib. Yeganə "qırmızı"nı qonaqlara göstərdiyini, indiyədək penalti təyin etmədiyini də vurğulayaq. Belə deyək, meydan sahibləri üçün uğurlu sayılan hakimin təyinatı bu baxımdan "Neftçi"nin ürəyincə ola bilər. Amma fakt budu ki, "Sabah"ın bir qələbəsi zamanı matçda əsas söz sahibi məhz Həsənli olub. Bu dəfə onun kimin üçün düşərli olacağını isə zaman göstərəcək.
FARİZ