Hakimlər üçün ağır həftə
Premyer-liqanın 16-cı turu hakim idarəçiliyi baxımından ağır oldu. Hakimlər Komitəsinin sədri Frits Stuxlik üçün o qədər “material” var ki... Qorxuruq ki, qış fasiləsində yalnız nəzəriyyə ilə kifayətlənən, yoxlama görüşlərinə çıxmayan və beləliklə, oyun praktikasının azlığından əziyyət çəkən hakimlər qarşıda daha çox səhvə yol versin.
SƏBUHİ BAYRAMOV, Sabah – Qəbələ
Turun mərkəzi oyununun gənc Səbuhi Bayramov həvalə edilməsi özü maraqlı seçim idi. Hakimlər Komitəsinin sədri Frits Stuxlik də adı çəkilən ədalət təmsilçisinin idarəçiliyini tribunadan izləmək üçün “Əlincə Arena”nın yolunu tutmuşdu. Şübhəsiz, matçda əsas məqam Marko Deviçin qırmızı vərəqə ilə cəzalanmasıdı. Qeyd edək ki, Ukrayna yığmasının sabiq üzvü 17 və 45+1-ci dəqiqələrdə eyni səbəbdən – simulyasiyaya görə sarı vərəqə aldı. Başlayaq ilk epizoddan. “Sabah”ın hücumu zamanı Deviç cərimə meydançasına daxil oldu və Voislav Stankoviçlə yanaşı qaçarkən yerdə qaldı. Düzdü, Stankoviç əli ilə ona toxunmuşdu, ancaq bu qayda pozuntusu deyildi. Elə vərəqə aldıqdan sonra Deviçin hakimin əlini sıxması da hər şeyi deyirdi. İkinci epizoda gələk. Cavid İmamverdiyev cərimə meydançasının həndəvərindən qapını nişan aldı, Dmitri Bezotosnı topu qaytardı, qapıçı ikinci dəfə “kürə”ni əli ilə uzaqlaşdıraraq Markonun “dəri kürə”yə yiyələnməsinə imkan vermədi. Bu vəziyyətdə Deviç yerdə qalıb, penalti tələb edincə, hakim ona ikinci sarı vərəqəni göstərdi. Doğrudu, ədalət təmsilçisininin qərarına səhv deyə bilmərik. Hakimi aldatmağa cəhdin “mükafat”ı sarı vərəqədi. Lakin belə bir oyunda ədalət təmsilçisi vərəqə verməsəydi belə, çətin ki, onu qınayan tapılacaqdı. Dəfələrlə olub ki, hakim simulyasiya edən futbolçuya əli ilə “qalx” işarəsi verib və “sarı”sız ötüşüb. Bəlkə də qarşılaşmanın statusunu nəzərə alıb iki epizoddan birində təcrübəli forvarda güzəştə getmək olardı. Son dəqiqələrdə isə kuryoz hal yaşandı. Saşa qapını tərk edib hücuma aludə olduğu vaxtda “Qəbələ” əks-hücum qurdu. Atakora Lalavele topla bir qədər irəlilədi, “mərmi”ni “çərçivə”yə ünvanladı, ancaq Tərzin Cahangirov topu qapı xəttindən qaytardı. Bu vaxt Ceyms Adeniyi təkrar zərbəylə toru silkələsə də, hakim ofsayda işarə edib qolu qeydə almadı. Çünki Atakora zərbə endirərkən Adeniyidən sonra yalnız bir nəfər – Tərzin var idi. Nəticəyə təsir edən səhvi olmasa da, xüsusən “Qəbələ” tərəfi hakimə tez-tez etiraz edirdi. Bunun nəticəsi idi ki, “qırmızı-qaralar”ın məşqçilərindən Zaur Həşimov tribunaya qovuldu. Bundan başqa, aut atışları zamanı mübahisələr də yarandı ki, onların bəzilərində hakim yanlış qərar verdi.
ORXAN MƏMMƏDOV, Sumqayıt – Qarabağ
Sumqayıtdakı hakimlik də müzakirəsiz ötüşmədi. Xüsusilə Filip Ozobiçin qolunda yan xətt hakimi Cavanşir Yusifovun tərəddüd etməsi ilə ara qarışdı. Halbuki topun qapı torunu içəridən deşərək çölə çıxdığını hər kəs gördü. Yan xətt hakiminin tərəddüd içində olması Orxan Məmmədovun qolu gec qeydə almasına səbəb oldu. Baş hakim isə vərəqələrə həddən artıq meyilli idi. Buna baxmayaraq, 48-ci dəqiqədə Əfran İsmayılova qarşı kobud oynayan Dani Kintanaya mütləq vərəqə göstərilməliydi.
İNQİLAB MƏMMƏDOV, Neftçi – Keşlə
İnqilab Məmmədovun idarəçiliyi zəif alındı. Hər halda, o, bir neçə mübahisəli qərarla yadda qaldı. Əvvəla, əksər xırda follarda “Neftçi”nin xeyrinə qərar verirdi. Başqa sözlə, meydan sahiblərinə rəğbətini aşkar hiss etdirirdi. Bu zaman “Keşlə” rəsmiləri “İnqilab bizim oyuna gəldisə, udmağımız mümkün deyil, bu hakim bizi həmişə sıxışdırıb” deyərək etirazını çatdırırdı. Düzdü, baş məşqçi Tərlan Əhmədov cəzalanacağından ehtiyatlanıb mətbuat konfransında “bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Baxıb sözümüzü deyəcəyik. Bir epizodda bizim futbolçuya, Klennona kobudluq oldu, saxlamadı” şəklində yüngülcə deyindi. Amma qeyd etdiyimiz kimi, Məmmədovun qərarları əsasən qonaqların ziyanına olurdu. Düzdü, bəzən şablon fitlərlə özünü “sığortalamağa” çalışırdı. Konkret bir epizodda ikili mübarizə zamanı yan xətt hakimi Rahil Ramazanov bayrağını qaldırdı, bir qədər tərəddüddən sonra “Neftçi”nin xeyrinə cərimə zərbəsinə işarə etdi. Bu zaman Tərlan Əhmədov və yetirmələri kəskin etiraz bildirdi. Top oyuna daxil olan kimi isə yüngül təmasa görə fitini səsləndirdi və bu dəfə “Keşlə”nin xeyrinə qərar verdi. Başqa sözlə, səhvi səhvlə “sığortaladı”. 37-ci dəqiqədə Vüsal İsgəndərliyə heç nədən vərəqə göstərdi. Əslində Vüsal topu Kiril Petrovdan qaydalar çərçivəsində “oğurlamışdı” və qol üçün əla imkan yaranmışdı. Hücumu dayandıran referi üstəlik İsgəndərliyə “sarı” da göstərdi. Penalti epizodu etirazlara daha çox səbəb oldu. Hətta kənardan belə göründü ki, Dabo simulyasiyaya əl atdı. Ancaq insafən, bu epizodda hakimi günahlandırmaq yersizdi. Üç müdafiəçinin əhatəsində olan Dabonun sinəsinə Azər Salahlı ayaqla zərbə endirir. Bir qədər bəsit görünsə də, penalti var idi. Amma bəlkə də “Keşlə” tərəfinin uzun müddət etiraz bildirməsinə görəydi ki, İnqilab Məmmədov “11 metrə”nin iki dəfə yerinə yetirilməsinə göstəriş verdi. Hər halda, indiyə qədər dəfələrlə şahidi olmuşuq ki, zərbə vuran futbolçudan başqa, cərimə meydançasına girənlər olur.
ƏLİYAR AĞAYEV, Səbail – Zirə
FİFA referisinin işinin öhdəsindən gəldiyini demək olar. Buna baxmayaraq, idarəçilikdə qüsurlar da gözə dəydi. İlk növbədə yan xətt hakimi Akif Əmirəlinin qətiyyətsiz göründüyünü vurğulamalıyıq. Laysman top yan xətti tərk edəndə belə, bayrağını qaldırıb baş hakimə baxır, Əliyardan kömək gözləyirdi. FİFA referisi də bu dəfə sanki tempin artmasından ehtiyatlanır, xırda follara fit çalırdı. İlk hissənin sonlarına yaxın Yevgeni Koçukla İlkin Muradov arasında ikili mübarizə zamanı Ağayev fitini səsləndirməyə də bilərdi. Təsadüfi deyil ki, moldovalı yarımmüdafiəçi buna “siz istəyirsiz mən rəqibə “zəhmət olmasa, topu mənə ver deyim? Heç yerdə belə futbol oynamırlar. Hər xırda şeyə görə fit çalmağınız düz deyil” şəklində kəskin etiraz bildirdi. Matçın sonlarında Əliyarın işi daha çox oldu. Elvin Yunuszadəyə göstərilən qırmızı vərəqə tam haqlı idi. İkinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan müdafiəçi rəqibi əli ilə tutub çəkərək, perspektivli hücumun qarşısını aldı. Bir qədər sonra “Zirə”nin futbolçusunu sinəsindən itələyən “Səbail”li Maudo Jarjue də ikinci “sarı”nı – “qırmızı”nı haqq edirdi. “Səbail”in sayılmayan qoluna gəlincə, bunu yan xətt hakiminin vicdanına yazmaq lazımdı. Çünki bunu nə stadionda, nə də videotəkrar əsasında müəyyənləşdirmək mümkündü.
MİRAĞA