Premyer-liqanın 16-cı turu "quru" hesablarla yadda qaldı. Başqa sözlə, kim qol vurdusa, qələbə qazandı. Maraqlıdı ki, 4 qarşılaşmadan üçü 2:0 hesabıyla başa çatdı. Çempionluğa iddialı ilk iki pillənin sahibi büdrəmədi, turnir cədvəlində bəzi yerdəyişmələr baş verdi, bombardirlərdən heç biri fərqlənə bilmədi.
Tura Masazırda start verildi. Çempionatın ikinci yarısına qələbə ilə başlayan "Sabah"la "Qəbələ"nin duelində "qırmızı-qaralar" sevindi. Tərəflərin kubokun 1/4 finalındakı hər iki oyununda olduğu kimi, bölgə təmsilçisi bu dəfə də 1:0 hesabıyla qalib gəldi. "Sabah" yenə də azlıqda qaldı, özü də bu dəfə əsas qol silahı Marko Deviçi itirdi. 4-cü yeri debütantdan təhvil alan "Qəbələ" həm uğurlu seriyanı davam etdirdi, həm "üçlüy"ə yaxınlaşdı, həm də "Qarabağ"la növbəti turdakı duel ərəfəsində yüksək motivasiya qazandı.
"Köhlən atlar"dan söz düşmüşkən, Qurban Qurbanovun yetirmələri Sumqayıt səfərindən əlidolu döndü. Reynaldonun şans qazanması, topun qapı torunu dəlib keçməsi "Kapital Bank Arena"dakı görüşün yaddaqalan anları idi. "Sumqayıt"ın isə işləri qaydasında getmir. Komanda 3-cü dövrənin ilk iki oyununda xala və qola həsrətdi.
"Qarabağ"ın bir gün öncə qələbə qazanması "Neftçi" üçün ciddi siqnal idi. Yalnız 3 xal haqda düşünən "ağ-qaralar" bunu iki qolla əldə etdi. Emin Mahmudovun dublu ilə qalib gələn paytaxt təmsilçisinin heyətində debüt edən Canluka Sansone çempionatımızın ilk italiyalısı oldu. Bu qələbə sayəsində ilk iki pillə arasındakı məsafə qorundu. "Keşlə"nin durumu isə gündən-günə ağırlaşır. Ardıcıl 2 turda qapısından 5 cavabsız qol buraxan Tərlan Əhmədovun komandası zirzəmiyə yuvarlandı.
"Qəbələ"nin yaxınlaşması fonunda "Səbail"in xal qazanmaq istəyi təbii idi. Ancaq "Zirə" "dənizçilər"in niyyətinin gerçəkləşməsinə imkan vermədi. Maraqlıdı ki, kubokun 1/4 finalında da Samir Abasovun yetirmələri bu rəqibi hər iki görüşdə məğlub etmişdi. Bu qələbə "qartallar"a hava-su kimi vacib idi. Belə ki, 3 xal qəsəbə təmsilçisini turnir cədvəlinin son pilləsindən xilas etdi.
Topaz premyer-liqası
3-cü dövrə, 16-cı tur
9 fevral
Sabah – Qəbələ 0:1
Sumqayıt – Qarabağ 0:2
10 fevral
Neftçi – Keşlə 2:0
Səbail – Zirə 0:2
1. Neftçi 16 11 4 1 29-11 37
2. Qarabağ 16 10 4 2 35-15 34
3. Səbail 16 7 3 6 19-16 24
4. Qəbələ 16 6 5 5 19-18 23
5. Sabah 16 6 2 8 14-21 20
6. Sumqayıt 16 4 3 9 13-23 15
7. Zirə 16 3 4 9 14-27 13
8. Keşlə 16 3 3 10 16-28 12
Bombardirlər: Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) – 7, Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi) – 6.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət verilib.
Növbəti turun oyunları: 16 fevral – Keşlə - Sumqayıt, Zirə - Neftçi; 17 fevral – Səbail – Sabah, Qarabağ – Qəbələ.