“Keşlə” iki ayın maaşını ödəyib
63. Neftçi (Bakı) - Keşlə 2:0 (1:0)
1. Səlahət Ağayev - 5,5
18. Tural Axundov - 5,5
25. Kiril Petrov - 5,5
3. Mamadu Mboc - 6,0
26. Ömər Buludov
6. Qoran Paratski - 5,5
93. Soni Mustivar - 5,5
9. Baqali Dabo - 5,5
(36. Mamadu Kane, 89) - qiymətsiz
8. Emin Mahmudov (k) - 6,5
11. Vangelis Platellas - 6,0
(16. Canluka Sansone, 82) - qiymətsiz
22. Mirabdulla Abbasov - 5,5
(7. Namiq Ələsgərov, 65) - 4,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
15. Ruslan Abışov
17. Rəhman Hacıyev
21. Məhəmməd Mirzəbəyov
70. Əli Şirinov
77. Elvin Sərkərov
95. Rəhman Daşdəmirov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov
1. Kamran Ağayev (k) - 4,0
19. Azər Salahlı - 4,0
33. Tərlan Quliyev - 4,5
3. Denis Silva - 4,5
2. Sərtan Taşkın - 4,5
25. Con Kamara - 4,5
(9. Amil Yunanov, 72) - 4,0
4. Slavik Alxasov - 5,0
(17. Samir Məsimov, 86) - qiymətsiz
22. Nikola Mitroviç - 5,5
21. Luis Pena - 4,5
(32. Valeri Kutsenko, 46) - 4,5
14. Andre Klennon - 4,5
11. Vüsal İsgəndərli - 4,5
Ehtiyat oyunçular
30. Davud Kərimi
8. Seymur Əsədov
18. Ruslan Əmircanov
34. Qədir Bayramlı
65. Cabir Əmirli
66. Murad Qayalı
90. Orxan Fərəcov
93. Edvinas Girdvainis
95. Cavid Əliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Nikola Mitroviç
Qollar: E.Mahmudov, 35 (1:0, M.Abbasov). E.Mahmudov, 68-p. (2:0).
Vərəqələr: D.Silva, 7 (qeyri-idman hərəkəti). C.Kamara, 33 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 37 (hakimin qərarına etiraz). A.Salahlı, 66 (qeyri-idman hərəkəti). T.Quliyev, 67 (qeyri-idman hərəkəti). Ö.Buludov, 78 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
10 fevral. Bakı. Bakcell Arena. 1000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Çempionatın ikinci yarısının ilk oyununu komandalar fərqli nəticələrlə başa vurmuşdular. “Neftçi” səfərdə əsas izləyicisi və rəqibi “Qarabağ”a uduzmamışdısa, “Keşlə” doğma meydanda “Səbail”dən 3 cavabsız qol buraxmışdı. “Ağ-qaralar” “Qarabağ”ın şənbə günü Sumqayıt səfərində qələbə qazanması ilə ağdamlıların nəfəsini hiss edirdi və yenidən fərq yaratmaq üçün 3 xal hava-su kimi lazım idi. “Keşlə” isə turnir cədvəlində “Sumqayıt”a çatmaq və “Zirə”dən uzaqlaşmaq üçün səfərdən qələbə ilə dönmək əzmində idi.
Düşünmək olardı ki, Bordin doğma meydanda “Qarabağ”la matçdan fərqli, 5 müdafiəçidən yararlanmaq fikrinə düşməyəcək. Anton Krivotsyukun cəzalı olması da buna rəvac verirdi. “Keşlə”də isə ab-hava o qədər də yaxşı deyildi. “Səbail”lə matçda xüsus’n də qapıçısının səhvləri ilə ağır məğlubiyyətlə üzləşən Tərlan Əhmədovun komandasının liderə uduzmaqla daha bir zərbə alacağı gözləniliən idi. Hərçənd qonaqların heç də asan təslim olmayacağı güman olunurdu. Hər halda, Əhmədovdan oyunçu və məşqçi kimi illərini verdiyi sabiq komandasına qarşı hansısa sürpriz gözləmək olardı. “Səbail”lə görüşdən fərqli, heyətdə də bəzi dəyişikliklərin olacağı gözlənilən idi. Yeri gəlmişkən, Tərlan Əhmədov start heyətində 4 dəyişikliyə əl atmış, Samir Məsimov, Seymur Əsədov, Valeri Kutsenko və Amil Yunanovu ehtiyatda saxlamış, cəzasını bitirən Slavik Alxasovla Nikola Mitroviçə, həmçinin Andre Klennon və yeni transfer Luis Penaya ilk dəqiqələrdən şans vermişdi.
Start fitindən dərhal sonra "Neftçi" təşəbbüsü ələ aldı və erkən qol axtarışına çıxdı. İlk təhlükə də məhz qonaqların qapısı qarşısında yarandı. 6-cı dəqiqədə Mahmudovun sağ cinahdan qapı önünə ötürməsinin istiqamətini Mirabdulla yıxılaralaraq dəyişdi. Top cüzi fərqlə dirəyin dibindən çölə çıxdı. "Keşlə" bu hücuma dərhal reaksiya verdi. Mitroviç ideal ara ötürməsiylə Slaviki qapıçı ilə təkbətək çıxardı. Ancaq Səlahət vəziyyəti düzgün dəyərləndirib irəli çıxdı və rəqibin öldürücü zərbəsindən əvvəl topa çatıb təhlükəni uzaqlaşdırdı. Bundan sonra mübarizə əsasən meydanın mərkəzində getdi. Növbəti təhlükəli vəziyyət 21-ci dəqiqəyə təsadüf etdi. Platellasın künc zərbəsindən qapı qarşısına ötürməsi nəzarətsiz qalan Mirabdullanın önünə gəldi, ancaq gənc hücumçu bu hədiyyədən yararlana bilmədi. Hesab 35-ci dəqiqədə açıldı. Mirabdullanın ideal asmasından sonra Emin başla topu Kamranın qoruduğu qapıdan keçirdi. İlk yarıda başqa qol olmadı və beləliklə, meydan sahibləri fasiləyə minimal üstünlüklə yollandı.
"Keşlə" ikinci hissəyə dəyişikliklə başladı. İlk yarıda heç nə ilə yadda qalmayan Pena yerini Kutsenkoya verdi. İlk həmlə də qonaqlardan gəldi. Mitroviçin növbəti ideal ötürməsini Vüsal qola çevirməyə borclu idi. Di gəl ki, o, Səlahətlə təkbətəkdən məğlub ayrıldı. "Neftçi"nin cavabı da təhlükəli alındı. Mirabdulla Eminin dubl etməsinə əla şərait yaratsa da, sonuncunun uzaq küncə göndərmək istədiyi zərbəni Kamran "oxudu". 55-ci dəqiqədə "Neftçi" növbəti dəfə təhlükəli hücum qurdu. Mirabdullanın cinahdan penalti nöqtəsinin üzərinə çıxardığı topu Dabo saxlamadan qapıya göndərmək istədi. Ancaq top ayağına yaxşı "oturmadı". Hissənin ortalarında meydanda maraqlı anlar yaşandı. 68-ci dəqiqədə İnqilab Məmmədov Azərin cərimə meydançasında Daboya qarşı kobud oynadığını işarə edib mübahisəli penalti verdi. Emin standart vəziyyətdən qol vursa da, referi zərbənin təkrarlanmasını tələb etdi. Zərbədən əvvəl bir neçə futbolçu cərimə meydançasına daxil olmuşdu. Ancaq Mahmudov ikinci cəhddə də Kamranı məyus etdi. Qolkiperi penalti təyin edilməsindən çox, bəsit qol buraxması daha çox qıcıqlandırdı... Artıq müdafiədə daha böyük boşluqlar verən "Keşlə" 75-ci dəqiqədə darmadağına məruz qala bilərdi. Ancaq çempionatın bombardiri Dabo iki metrdən dirəyi nişan aldı. Hesabdan gələn arxayınlıqdan idi ki, Bordin oyunun sonlarında yeni transfer Sansoneni döyüşə atdı. İtalyalı forvard 85-ci dəqiqədə qol da vura bilərdi. Onun əks-hücum zamanı qapıçının başı üzərindən atmaq istədiyi top hədəfdən cüzi yayındı.
Beləliklə, "Neftçi" 2:0 hesabıyla qalib gələrək bir gün əvvəl ona çatan "Qarabağ"la yenidən fərq yaratdı. Üstəlik, azarkeşlərinə yubiley hədiyyəsi olaraq 3 xal bəxş etdi.
Gözdən qaçmadı
* Oyundan əvvəl diktor elan etdi ki, VİP girişdə ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərir.
* Matçdan əvvəl həmçinin bir gün öncə 10 illik yubileyini qeyd edən "Forza Neftçi"nin ad gunu klub tərəfindən təbrik olundu. Komandanın kapitanı Ruslan Abışov fanklubun rəhbəri Sübhan Əliyevə xatirə hədiyyəsi təqdim etdi. Bu zaman arenadakı böyük monitor vasitəsilə azarkeşlərlə bağlı videoçarx nümayiş olundu. Komanda isə meydana üzərində "Yaxşı ki, varsız, yaxşı ki, ağ-qarasız" yazılmış plakatla çıxdı.
* "Neftçi"də ehtiyatda qalmağı özünə sığışdırmayıb "Qəbələ"yə üz tutan, orda da qərar tuta bilməyib əks marşrutla hərəkət edən Aqil Məmmədov heç cür özünə yer tapa bilmir. Hələ də "ağ-qaralar"ın heyətində debüt edə bilməyən qolkiperin adı bu dəfə, ümumiyyətlə, matçın protokoluna daxil edilməmişdi.
* "Neftçi" penalti yerinə yetirərkən, qapının arxasında olan iki polis bu anı telefonunun yaddaşına həkk edirdi.
* "Keşlə" futbolçulara 2 aylıq borcunu ödəyib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bunu mətbuat konfransında xüsusi şəkildə vurğuladı. Ödəmə ötən həftəiçi iki gün ərzində edilib. Çərşənbə günü dekabrın, cümə günü isə yanvarın maaşı paylanıb.
* AFFA-nın baş katibi Elxan Məmmədovla yığmanın baş məşqçi postuna namizəd Nikola Yurçeviç oyunu izləyirdi.
MİRAĞA