Sənan Qurbanovun PRO problemi, saralan meydanlar...
60. Qəbələ - Sumqayıt 1:0 (0:0)
22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov – 5,5
3. Voislav Stankoviç – 5,5
27. Bəhlul Mustafazadə - 5,5
2. Amin Seydiyev – 5,5
4. Elvin Camalov – 5,5
14. Cavid Hüseynov (k) – 5,5
21. Atakora Lalavele – 5,5
17. Ceyms Adeniyi – 5,5
28. Stiven Jozef-Monroz – 6,0
9. Davit Volkovi – 5,5
(88. Sabien Lilay, 81) - qiymətsiz
Ehtiyat oyunçular
1. Anar Nəzirov
35. Murad Popov
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
8. Qismət Alıyev
18. İlqar Qurbanov
98. Rövlan Muradov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Stiven Jozef-Monroz
12. Rəşad Əzizli – 5,5
74. Yusif Nəbiyev – 5,0
2. Rail Məlikov – 5,0
(70. Ülvi İsgəndərov, 87) – qiymətsiz
3. Vurğun Hüseynov (k) - 5,0
5. Adil Nağıyev – 4,5
21. Arif Daşdəmirov – 5,0
99. Əli Babayev – 4,5
7. Cavid Tağıyev – 4,5
(11. Atilla Yıldırım, 64) – 4,0
10. Aleksey İsayev – 5,0
22. Əfran İsmayılov – 4,5
8. Peyman Babayi – 4,5
(15. Əmir Ağayev, 69) – 4,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
60. Elvin Məmmədov
9. Ehtiram Şahverdiyev
17. Nicat Qurbanov
18. Süleyman Əhmədov
50. Peyman Keşavari
77. Murad Xaçayev
97. Xəyal Nəcəfov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rəşad Əzizli
Qol: S.Jozef-Monroz, 84.
Vərəqələr: D.Volkovi, 43 (qeyri-idman hərəkəti). A.Seydiyev, 57 (qeyri-idman hərəkəti). Ü.Abbasov, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
3 fevral. Qəbələ. Şəhər stadionu. 530 tamaşaçı (4500 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Heyətinə yetərincə əl gəzdirən, düşərgəsinə İsraildən və İrandan futbolçu dəvət edən “Sumqayıt”ı fasilədən sonra ilk turda çətin Qəbələ səfəri gözləyirdi. “Kimyaçılar”dan fərqli “qırmızı-qaralar” qış “transfer bazarı”nda o qədər fəal təsir bağışlamadılar. Bölgə təmsilçisi düşərgəyə cəmi iki futbolçu – Anar Nəzriovla Davit Volkovini dəvət etməklə transfer dəftərini bağlamağı lazım bilib. “Qəbələ” rəhbərliyi qəzetimizə açıqlamasında heyətin güclü olduğunu düşündüklərindən yeni keçidlər üçün “əllərini ciblərinə atmadıqlarını” bildirmişdilər. Onların haqlı olub-olmadıqlarını isə zaman göstərəcək.
İlk dəqiqələrdə tribunalara toplaşan azarkeşlər bərabərsəviyyəli oyuna şahidlik etdilər. Mübarizə əsasən meydanın mərkəzində getdiyindən qapılar önündə təhlükəli vəziyyətlər yaranmırdı. Hər iki komanda ardıcıl 3-4 dəqiq ötürmə verə bilmədiyindən hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmurdu. Vaxt ötdükcə qonaqlar müəyyən ərazi üstünlüyünə yiyələndilər. Bu da daha çox “kimyaçılar”ın sürət baxımından meydan sahiblərindən üstün olmasının nəticəsi idi. Ayxan Abbasovun komandası meydanda daha çox hərəkət edir, futbolçular tez-tez yerdəyişmə etməklə yadda qalırdılar. Bunun nəticəsi kimi də oyunda ilk təhlükəli hücum onlardan gəldi. Babayevin meydanın mərkəzindən sol cinaha - Tağıyevin hərəkət istiqamətinə iti ötürməsindən sonra “7 nömrə” zərbə mövqeyinə çıxdı. Lakin yarımmüdafiəçi bir qədər tələsdiyindən zərbəsi qeyri-dəqiq alındı. Qonaqların yaddaqalan hücumu sanki şimallıları yuxudan oyatdı. 30-cu dəqiqədən etibarən Sənan Qurbanovun yetirmələri də qalib gəlmək üçün hücum etmək lazım olduğunu başa düşərək böyük qüvvə ilə irəli atılmağa başaladılar. 37-ci dəqiqədə Adeniyi qəbələli azarkeşləri ayağa qaldırmağa yaxın oldu. Jozef-Monrozdan ötürmə alan Ceyms penalti nöqtəsi yaxınlığından “çərçivə”ni nişan alsa da, Əzizli inanılmaz reaksiya göstərərək yaxın məsafədən vurulan qüvvətli zərbəni zərərsizləşdirməyi bacardı. 40-cı dəqiqədə isə qonaqların qolkiperi Lalavelenin qol sevinci yaşamasına imkan vermədi. “21 nömrə” qüvvətli zərbə ilə topu uzaq küncə göndərsə də, Rəşad bu dəfə də topun qapı xəttini keçməsinə imkan vermədi. İlk yarının sonuna bir dəqiqə qalmış isə “Qəbələ”nin yeni transferi Volkovi rəsmi debüt oyununda adını tabloya yazdırmağa yaxın oldu. Gürcünün aşırma zərbəsi baxımlı alınsa da, dəqiq olmadı.
İkinci yarının əvvəlində də meydan sahibləri daha üstün təsir bağışladılar. Topa daha çox nəzarət edən “qırmızı-qaralar” inamla irəli atılır, kəsərli həmlələr gerçəkləşdirirdilər. 64-cü dəqiqədə “Qəbələ” növbəti real qol şansını əldən verməklə yadda qaldı. Müdafiəçilərdən sıyrılan Jozef-Monroz qapıya paralel ötürmə etdi. Həmin an müdafiəçilərin nəzarətsiz qoyduğu Adeniyiyə, sadəcə, topa toxunmaq lazım idi. Ceyms onu da etdi. Lakin qaradərili futbolçu 7,32 metrlik qapını qoyub dirəyi nişan aldı. Həmin an qol vurmamaq vurmaqdan daha çətin idi ki, futbolçu da məhz çətin variantı seçdi. Bundan sonra da meydan sahibləri ardıcıl hücumlar qurur, “Sumqayıt”ın qapısı qarşısında real qol vəziyyətləri yaradırdılar. Lakin ya Əzizli, ya da müdafiəçilər inamlı oynayıb təhlükəni sovuşdururdular. Nəhayət, oyunun sonlarına yaxın “Qəbələ” haqq etdiyi qolu vurmağı bacardı. Növbəti hücumların birində Jozef-Monroz bu dəfə məsuliyyəti üzərinə götürüb uzaqdan zərbə vurmağa qərar verdi və oyunun qəhrəmanı oldu. Forvard 84-cü dəqiqədə təxminən 25 metrdən qapını dəqiq nişan aldı. Qalan dəqiqələrdə meydan sahibləri hücumları davam etdirsələr də, hesab dəyişmədi və 3-cü dövrənin ilk turunda “qırmızı-qaralar” 3 xal qazanmaqla azarkeşlərini sevindirdi.
RƏŞAD
Gözdən qaçmadı...
* “Qəbələ” rəhbərliyi havanın soyuq olduğunu nəzərə alıb, azarkeşlərinə xoş sürpriz hazırlamışdı. Belə ki, tribunda yer alanların hamısı 90 dəqiqə boyunca limitsiz çay içə bilərdilər.
* Matçdan öncə meydan sahiblərinin bir qrup fanatı üzərində “Hər zaman bizimlə qalmaq arzusu ilə doğum günün mübarək” pankartını açıb, Elvin Camalovu ad günü münasibəti ilə təbrik etməyi unutmamışdılar.
* Fəsildən asılı olmayaraq, “Qəbələ”nin təbii örtüklü istər əsas, istərsə də yardımçı meydanlarını yaşıl görməyə adət etmişik. Lakin bu dəfə Qəbələ səfərində fərqli mənzərə ilə qarşılaşdıq. Əsas meydanın örtüyündə problem olmasa da, təəssüf ki, saralan yardımçı meydanlar samanlığı xatırladırdı.
* Sevimli komandalarına dəstək olmaq üçün təxminən 35 sumqayıtlı fanat da Qəbələyə gəlmişdi. Onlar 90 dəqiqə boyunca dayanmadan “kimyaçılar”ı irəli səsləyib müxtəlif şüarlar səsləndirdilər. Onu da qeyd edək ki, sumqayıtlılar meydan sahiblərinin azarkeşlərindən daha fəal idilər.
Reaksiyalar
Ayxan Abbasov: “Bilirdik ki, qış fasiləsindən sonra birinci oyun çətin olacaq. Bu üzdən qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Fikrimcə, ilk hissədə daha yaxşı təsir bağışladıq. Fasilədən sonra da oyuna yaxşı başlamağımıza baxmayaraq, hesabda geri düşdük. Oyunun gedişində matçın taleyini bir qolun həll edəcəyini də hiss etməmək mümkün deyildi. “Qəbələ” səviyyəli oyunçulardan qurulmuş kollektivdi. Matç başa çatandan sonra futbolçularıma yaxşı oyuna görə təşəkkür etdim. Futbol kollektiv oyun olduğundan udan da, uduzan da komandadı. Kimisə mühakimə edib, günahı onun üzərinə atmaq düzgün olmaz. Növbəti matçlarda daha yaxşı oynayıb uğurlu nəticələr qazanmağa çalışacağıq”.
“Qəbələ”nin baş məşqçisinin mətbuat konfransından öncə klubun mətbuat katibi Anar Hacıyev jurnalistlərə açıqlama verdi: “UEFA-nın lisenziyalaşdırma tələblərinə uyğun olaraq, komandanın baş məşqçisinin mütləq PRO kateqoriyası olmalıdı. Bildiyiniz kimi, Sənan Qurbanovda hələ ki A kateqoriyasıdı. Klub olaraq, bu məsələ ilə maraqlanmışıq. 2020-ci ilə qədər nə Azərbaycanda, nə də yaxın xaricdə PRO kateqoriyalı kurslar təşkil olunacaq. Bu üzdən vəziyyətdən çıxmaq üçün sənəd üzərində Zaur Həşımovu baş məşqçi kimi göstərmək məcburiyyətindəyik”.
Anar bəyin açıqlamasından sonra Həşımov da məsələ ilə bağlı fikirlərini bildirdi: “Bildiyiniz kimi, bir aydı “Qəbələ”nin məşqçilər korpusundayam. Bura Sənan müəllimə kömək etmək üçün gəlmişəm. Sevinirəm ki, sözügedən məsələdə də komandaya faydalı olacam”.
Bundan sonra jurnalistlər qarşısına Sənan Qurbanov çıxdı və oyunla bağlı fikirlərini bölüşdü: “Çətin oyun olacağını bilirdik. “Sumqayıt” yaxşı təşkilatlanmış, səviyyəli oyunçulara malik komandadı. İlk hissədə oyunumuz o qədər də yaxşı alınmasa da, fasilədən sonra üstünlük bizim tərəfimizdəydi. Və istədəyimiz qolu vura bildik. Cavid Hüseynova gəlincə, ola bilsin, hardasa səhvlərə yol verdi, top itkiləri ilə yadda qaldı. Ancaq o komandanın lideridi. Hücumların qurulumasında çox fəal iştirak edir. Amin Seydiyev istər Bakıda, istərsə də Antalyada keçirilən təlim-məşq toplanışında bizə “mən də varam” siqnalını ötürürdü. Bu gün də özünü yaxşı tərəfdən göstərdi”.