Reynaldo zədələndi, Qurbanov bəzi legionerlərə mesaj göndərdi
Antalyadakı ilk yoldaşlıq görüşünü yanvarın 16-da keçirməli olan, lakin aramsız yağışlara görə “Botoşani” ilə oynamaqdan imtina edən “Qarabağ” ilk sınaq matçına dünən çıxdı. Rəqib öncədən xəbər verdiyimiz kimi, Macarıstan təmsilçisi “Uypeşt” idi. Bu komanda yayda “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib, Avroliqa mübarizəsindən kənarlaşdırdığından, matçdan öncə sosial şəbəkələrdə ağdamlı və bakılı azarkeşlərin “atışmasını” görməyə dəyərdi. Sevimlilərinin “Uypeşt”i udacağını düşünən “Qarabağ”lılar fəal görünürdü.
Qurban Qurbanovun start “11-liy”i maraq doğurmaya bilməzdi. Fasilədən sonra ilk qarşılaşma olduğundan, Reynaldo ilə Riçard Almeyda komandaya qayıtdığından, baş məşqçi bəzi legionerləri sərəncamında görmək istəmədiyindən, hansı futbolçulara güvənəcəyi səbirsizliklə gözlənilirdi. Reynaldo demişkən, braziliyalı köhnə-yeni komandasına qoşular-qoşulmaz yenə zədələnib. Məşqlərin birində dizindən xəsarət alan 29 yaşlı futbolçuya həkimlər yüklənməyi və meydana çıxmağı qadağan etdiyindən, dünənki görüşü kənardan izləmək məcburiyyətində qaldı.
Sərəncamında 13 legioner olduğu halda, Qurbanov “11-lik”də onlardan yalnız 4-nə şans vermişdi (Riçard Almeydanı hesaba almadan): Şahruddin Məhəmmədəliyev, Vild-Donald Gerye, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Miçel, Abdulla Zubir, Riçard Almeyda, Dani Kintana, Mahir Mədətov.
İlk dəqiqələrdən oyuna üstün başlayan ağdamlılar diqtə edən tərəf idi. Futbolçular topa nəzarət edir, qapanan rəqibin müdafiə xəttində boşluqlar axtarırdılar. Macarların fərqlənmək üçün iki imkanı vardı: ya əks-hücum, ya da standart vəziyyət zamanı. 17-ci dəqiqədə “duran top”dan hesabı açdılar. Kornerdən qapı qarşısına ötürülən topu “Qarabağ”lılar uzaqlaşdıra bilməyincə, rəqib futbolçu hesabı açdı. Bundan sonra oyun maraqlı anlarla yadda qaldı. 29-cu dəqiqədə Mahir qapıçı ilə təkbətək qaldığı epizodda onu keçə bilmədi. Bir neçə saniyə sonra Zubirin hiyləgər zərbəsi dirəyin bir neçə santimetrliyindən keçdi. Fasiləyə yaxın Miçelin qüvvətli zərbəsi qapıçının üstünə yox, bir az aralı getsəydi, çox güman, hesab bərabərləşəcəkdi.
Fasilədə “Qarabağ”ın heyətinin tam dəyişəcəyi və daha çox legionerlərin şans qazanacağını gözləyirdik ki, Qurbanov fərqli addım atdı. Reynaldonun yoxluğunda Hannes Halldorsson, İnnosent Emeqara və Con Delarja 1 dəqiqə də olsun, şans verməyıb gənclərə güvənən təcrübəli çalışdırıcı bir növ onlarla işləməkdə maraqlı olmadığına işarə vermiş oldu. Hər halda, hər üç futbolçunun yanvarda komandadan gedəcəyi gözlənilirdi. Sadəcə, sərfəli müqavilə şərtləri var deyə, öz xoşlarına ayrılmaq istəmirlər. Qurbanovun mesajına necə cavab verəcəklərini isə zaman göstərəcək.
İkinci yarıda tam yenilənən heyət beləydi: Vaqner da Silva, Ansi Aqolli, Yakub Jezniçak, Rahil Məmmədov, Abbas Hüseynov, Nicat Süleymanov, Simeon Slavçev, İsmayıl İbrahimli, Filip Ozobiç, Rafael Məhərrəmli, Araz Abdullayev.
İkinci 45 dəqiqənin gedişində küləyin şiddətinin bir az da artması oyunun axarına təsirsiz ötüşmədi. Küləyə qarşı oynayan “Uypeşt”lilər topu hara gəldi vurmaqla hesabı qorumağa çalışır, obrazlı desək, oyunun başa çatması üçün dua edirdilər. “Qarabağ”lıların ötürmələri isə küləyin sayəsində ünvana çatmır, çatanda da rəqibin sıx müdafiəsini yarmaq müşkülə çevrilirdi. Hücumda oynayan Araz topla “qidalanmır”, cinahlarda yer alan iki gənc – İsmayılla Rafael lazım olan dəstəyi verə bilmirdilər. Ağır Slavçevlə mübarizələrdən çəkinən, Riçardın gəlişindən sonra sanki həvəsdən düşən Ozobiç də kəsərli hücumların qurulmasında “zəif bənd” idilər. Rəqib 68-ci dəqiqədə təmsilçimizin qapısına yaxınlaşa bildi ki, onda da Vaqner sayıqlığı əldən vermədi.
Yoxlama görüşlərində “Qarabağ” üçün ənənəyə çevrilmiş məğlubiyyətdən sonra Qurban Qurbanov matçla bağlı fikirlərini dilə gətirib: "İlk oyunumuz idi. Bu gün optimal formadan uzağıq. Düzdü, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım. Hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq bəzi texniki səhvlər var idi, bu da normaldı. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik".
HƏBİB