Ağdamlıların beş rəqibindən üçünün adı bəllidi
“Keşlə” ilə kubok oyunlarından sonra istirahətə buraxılan “Qarabağ”ın futbolçularının hərəsi bir yerdədi. Kimlərsə doğmalarının yanında dincəlməyi üstün tutacaqsa, böyük əksəriyyət yorğunluğu kurort zonasında canından çıxaracaq. Amma kimin necə istirahət etməsindən asılı olmayaraq, yanvarın 6-da hamı bir nəfər kimi Antalyadakı “Gloriya Sport” otelində olmalıdı. Həmin gün təlim-məşq toplanışına start veriləcək.
Ağdamlılar Türkiyədə olduğu üç həftə müddətində 5 yoldaşlıq görüşü keçirməyi planlaşdırır ki, artıq bəzi rəqiblərin adlarına aydınlıq gəlib. Belə ki, yanvarın 12-dəki rəqib Rumıniya “Botoşani”sidi. Qurban Qurbanovun yetirmələri bundan düz bir həftə sonra Çexiya təmsilçisi “Bohemians-1905” ilə qarşılaşacaq. Ayın 23-dəki rəqib isə Polşa “Pyast”ıdı. Daha iki oyun yanvarın 16-sı və 26-da keçiriləcək ki, rəqiblərin adlarına aydınlıq gəlməyib. Gələn ayın 27-də vətənə dönəcək “köhlən atlar” “Neftçi”ylə oyuna hazırlaşacaq.
Maraq üçün qeyd edək ki, “Qarabağ”ın “Beşiktaş”la üz-üzə gəlmək imkanı vardı. İlkin danışıqlar zamanı tərəflər ortaq məxrəcə gəlsələr də, son anda qarşı tərəfin planlarında dəyişikliyin baş verməsi oyunun baş tutmasını əngəlləyib.
HƏBİB