55. Səbail – Qəbələ 0:0
1. Emil Balayev – 5,5
13. Şəhriyar Rəhimov (k) – 5,5
99. Maudo Jarjue – 5,0
4. Enrike Perilyo – 5,5
33. Tome Kitanovski – 6,0
27. Emil Martinov – 5,5
14. Rahid Əmirquliyev (k) – 5,0
18. Aqşin Qurbanlı – 5,5
8. Yevgeni Koçuk – 5,5
28. Kevin Kubemba – 5,5
10. Ağabala Ramazanov – 5,5
( 88. Orxan Qurbanlı, 89) - qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
17. Elçin Rəhimli
26. Kamal Qurbanov
70. Urfan İsmayılov
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Tome Kitanovski
22. Dmitri Bezotosnı – 6,0
33. Təmkin Xəlilzadə - 5,5
3. Voislav Stankoviç – 5,0
27. Bəhlul Mustafazadə - 5,0
8. Qismət Alıyev – 5,0
(18. İlqar Qurbanov, 77) – qiymətsiz
88. Sabien Lilay – 5,0
14. Cavid Hüseynov (k) – 5,5
28. Stiven Jozef-Monroz – 5,5
17. Ceyms Adeniyi – 5,5
21. Atakora Lalavele – 5,0
(11. Asif Məmmədov, 83) - qiymətsiz
10. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
35. Murad Popov
2. Amin Seydiyev
5. Rasim Ramaldanov
26. Faiq Hacıyev
79. Əli Sadıxov
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Dmitri Bezotosnı
Vərəqələr: R.Əliyev, 13 (qeyri-diman hərəkəti). T.Kitanovski, 55 (hakimin qərarına etiraz). Ş.Rəhimov, 70 (qeyri-idman hərəkəti). M. Jarjue, 70 (qeyri-idman hərəkəti) - sarı. R.Əliyev, 85 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
9 dekabr. Bakı. Bayıl Arena. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Aftandil Hacıyevin “Qəbələ” ilə xüsusi haqq-hesabı var idi. Gənc məşqçi klub çalışdırıcısı kimi ilk rəsmi oyununu məhz bölgə təmsilçisinə qarşı keçirmiş və ağır zərbə almışdı. Belə ki, “Səbail” mövsümün açılış oyununda darmadağına (0:3) məruz qalmışdı. Qisas üçün yaxşı məqam yetişmişdi. Əvvəla, “Səbail” çempionatın startı ilə müqayisədə xeyli “artırıbsa”, “Qəbələ” qeyri-sabit nəticələrlə azarkeşlərini üzməyə davam edir. Üstəlik, Sənan Qurbanovun komandası paytaxta itkilərlə gəlmişdi. Yerli oyunçulardan ikisi “Səbail”lə matçda iştirak edə bilmirdi. Belə ki, Urfan Abbasovla Elvin Camalov cəzalı idi. Düzdü, əvəzində ötən turda “Zirə” ilə iki günə yekunlaşan görüşdə yeri aşkar hiss olunan Ceyms Adeniyi sıraya dönmüşdü. Cəza səbəbindən ötən turu buraxan nigeriyalının dönüşü ilə hücum xəttinin güclənəcəyi güman olunurdu. Bununla belə, “Səbail” çempionatdakı 2 oyunluq qələbəsizliyə son qoymaq əzmində idi. Zədəsini sağaldaraq sıraya dönən Ağabala Ramazanovun da komandanın gücünə güc qatacağı gözlənilirdi. Hər halda, “Kəpəz”lə kubok qarşılaşması üçün Gəncəyə aparılan və ikinci hissənin ortalarında əvəzetmədən meydana daxil olan hücumçu hətta qol vurmuş, darmadağında son nöqtəni qoymuşdu. Ağabala start heyətində yer almışdısa, Ruslan Qurbanovun adının protokolda olmaması qeyd olunmalıdı.
Azarkeşlər erkən qol izləyə bilərdi. İlk həyəcan təbili meydan sahiblərinin qapısı qarşısında çalındı. Təmkinin uzun ötürməsini Rauf cərimə meydançasında saxlaya bilsəydi, qarşısında, sadəcə, rəqib qapıçı olan forvard hesabı açmaq üçün əla fürsət yaxalayacaqdı. “Səbail”in cavabı da kəsərli alındı. Kitanovskinin cinah ötürməsini Aqşin yaxın məsafədən başla “çərçivə”yə yönəldə bilmədi. Halbuki ona heç kim mane olmurdu. 12-ci dəqiqədə isə “Qəbələ”nin bəxti gətirdi. Kitanovskinin sağdan növbəti ötürməsini Kubemba saxlamadan qapıya yönəltsə də, top tirdən döndü. Ağabalanın təkrar zərbəsi isə istənilən kimi alınmadı. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda komandaların erkən qol istəyi nəticə vermədi. Hərçənd 14-cü dəqiqədə Cavidin uzun ötürməsindən sonra Rauf növbəti dəfə qol şansı yaxaladı. Ancaq onun o qədər də qüvvətli olmayan zərbəsindən sonra top uzaq dirəyin yanından meydanı tərk etdi. Ümumiyuyətlə, təcrübəli hücumçu imkanları sağa-sola xərcləməklə yadda qaldı. O, 23-cü dəqiqədə Təmkinin cinah ötürməsindən yararlana bilmədi. Halbuki toxunuşu kifayət edəcəkdi ki, top qapıdan keçsin. 36-cı dəqiqədə isə Jozef-Monrozun uzaqdan zərbəsi tirdən döndü ki, qəbələlilər bir növ “Səbail”in “borcunu qaytardı”. Fasilə ərəfəsində də komandalar hərəyə bir dəfə real qol şansını qaçırdılar. Əvvəlcə sürətli əks-hücumdan sonra Cavidin qüvvətli zərbəsi təhlükəli alındı. 44-cü dəqiqədə isə Kubemba Bezotosnının irəli çıxdığını görüb topu onun başınün üzərindən atmaq istədi ki, ukraynalının barmaqlarının ucu ilə müdaxiləsi hesabın açılmasına əngəl oldu.
İkinci hissəyə “Qəbələ” daha fəal başladı. Bir epizodda Balayev Təmkinin sevinməsinə əngəl oldusa, bir qədər sonra Adeniyinin zərbəsi toru yandan silkələdi. 67-ci dəqiqədə “Qəbələ” rəqib müdafiəçilərin kobud səhvindən yararlanıb hesabı aça bilərdi. Ancaq Adeniyi cərimə meydançasının önündə ləng davrandı və şansı boşa verdi. O, müdafiədə tək qalan Martinovla ikili mübarizədən qalib ayrıla bilmədi. Oyunun sonlarına doğru temp bir qədər düşdü ki, bu da komandaların daha çox kobud oyuna üstünlük verməsindən qaynaqlanırdı. Belədə hakim fitini tez-tez səsləndirməli olurdu. “Qəbələ” 85-ci dəqiqədən azlıqda qaldı. Rauf Əliyev ikinci xəbərdarlıqdan sonra meydandan qovuldu. Buna baxmayaraq, qələbə topunu vurmaq mümkün olmadı. Əksinə, “Qəbələ” az qala uzatma dəqiqələrində fərqlənəcəkdi. Cinahdan qapı qarşısına göndərilən topa toxunan Enrike avtoqol müəllifi ola bilərdi. Onun tərs toxunuşundan sonra top qapıdan cüzi fərqlə aralı keçdi. Beləliklə, tərəflər meydandan “sülh”lə ayrıldılar.
Gözdən qaçmadı
* Oyun nəzərdə tutulan vaxtdan 3 dəqiqə gec başladı.
* Turun oyunlarının eyni günə salınması, deyəsən, həmkarlarımızı da seçim qarşısında qoymuşdu. “Bayıl Arena” isə diqqətdən kənarda qalmışdı. Belə ki, media sektorunda bəndənizdən başqa, cəmi 3 jurnalist var idi.
* Start fitindən əvvəl qonaq komandanın baş məşqçisi Sənan Qurbanova yaxınlaşan İnqilab Məmmədov ondan “nakidka” geyməyi tələb etdi. Çalışdırıcı bir müddət baş hakimin göstərişinə laqeyd yanaşdı. Maraqlıdı ki, matçın start fiti səslənəndən sonra öz yetirməsi Təmkin Xəlilzadə Qurbanova yaxınlaşıb məşq geyimi ilə bağlı hakimin tələbini xatırlatdı.
* 55-ci dəqiqədə ehtiyat hakim Səbuhi Bayramovla “Qəbələ”nin ehtiyat oyunçular skamyasının üzvləri arasında gərginlik yaşandı. Belədə Bayramov qulaqcıqla baş hakim İnqilab Məmmədovu çağırdı. Referi isə “Qəbələ”nin köməkçi məşqçisi Miloş Yovçiçi tribunaya göndərdi. Məlum oldu ki, əcnəbi məşqçi hakimin ünvanına xoşagəlməz ifadə səsləndirib.
* Rauf Əliyev meydandan qovulub paltardəyişmə otağına yollanarkən, Emil Balayev qapını boş qoyub qaçaraq ona yaxınlaşdı və üzüntüsünə şərik oldu, dəstək verdi. Qapıçının bu jesti alqışlarla müşayiət olundu.
MİRAĞA